Pentaqon Fars körfəzinə 430 «Tomahawk» yerləşdirir
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Qərbin sərt sanksiyaları ilə üzləşən Tehran rejimi nüvə silahı əldə etmək niyyətindən əl çəkməyəcəyini bildirir. Başda ABŞ və Israil olmaqla, Qərb ölkələri Iranı bu niyyətindən daşındırmaq üçün Tehrana qarşı hərbi müdaxilə variantını gündəmdə saxlayır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Iran ərazisini hədəf alan 320 ədəd “Tomahawk” raketlərini Fars körfəzinə cəmləyir.
Bu ilin aprelində isə raketlərinin sayının 430-a qədər artırılması planlaşdırılır. Bu məlumatlar ABŞ-ın hərbi dəniz donanmasının regionla bağlı hazırladığı analitik hesabatda öz əksini tapıb. Hazırda Fars körfəzi və Ərəb dənizinə nəzarət edən ABŞ-a aid beşinci hərbi əməliyyatlar donanmasında “Abraham Lincoln” və “Carl Vinson” təyyarədaşıyan gəmilər var. Bu gəmilər isə bir neçə gün əvvəl regiona çatıb.
ABŞ regionda yaranmış gərginlik üzündən bölgəyə 2 təyyarədaşıyan gəmi, 2 kreyser, 26 qanadlı raket, 8-56 ədəd qanadlı raket daşıyan hərbi gəmi və 2 ədəd “Annapolis” sualtı qayığı yerləşdirib. Aprelin əvvəllərində isə hərbi hücum gücünü artıracaq “Enterprise” gəmisini və əlavə raket başlıqları göndərməyi planlaşdırır.
Qeyd edək ki, Irana qarşı hərbi müdaxilə variantı son günlər daha çox gündəmdədir. ABŞ-ın müdafiə naziri Leon Panetta Israilin yaxın 3-4 ay ərzində Irana qarşı ildırımsürətli hərbi əməliyyatlar keçirməyi planlaşdırdığını demişdi.
Irana qarşı daha sərt addımların atılmasını və bu ölkəyə dərhal hərbi müdaxilə edilməsi təklifini irəli sürən Israil Tehrana sülh mesajı göndərib. Israil parlamentinin 63-cü ildönümündə ölkə başçısı Şimon Peres deyib ki, iki xalq bir-birinə düşmən olmamalıdır: “Biz düşmən kimi doğulmamışıq, düşmən kimi də yaşamamalıyıq. Tarixi mirasımızı düşmənçilik bayrağının kölgəsi altında qoymayın. Iran xalqı döyüş və müharibə deyil, sülh və dostluğu arzulayan həssas bir xalqdır”.
Iranın Rusiyadakı səfiri Mahmudrza Səccadi isə ABŞ-a qarşı sərt bəyanatlar səsləndirib. Diplomat bildirib ki, Iran hücuma məruz qalacağı təqdirdə dünyanın istənilən nöqtəsində ABŞ-ın mənafeyini hədəf götürəcək: “Iran ABŞ-ın hücumuna məruz qalsa, buna elə bir cavab verəcəyik ki, Ağ ev səhvini başa düşüb etiraf etsin. ABŞ-ın Irana qarşı hər hansı hərbi hücumu onun intiharı sayılacaq. Amerika Iranın necə bir ölkə olduğunu bilir və xalqımızın birliyindən xəbərdardır”.
Bu arada, Irandan Avropaya neft ixracının dayandırılması haqda hazırlanmış qanun layihəsinin detalları açıqlanıb. Beş maddədən ibarət olan qanun layihəsini indiyədək 150 millət vəkili imzalayıb. Qanun layihəsində hökumətə Avropaya neft ixracını dərhal dayandırmaqla yanaşı, Avropa Birliyinin rəsmilərinin Irana səfərlərinə və bu quruma üzv ölkələrdən hər cür idxala qadağa qoymaq səlahiyyəti verilir. Eyni zamanda, qanun layihəsində hökumətə neftin başqa ölkələrə satışı və xam nefti neft məhsullarına çevirmək üçün lazım olan tədbirləri görmək tövsiyə olunur.
Bir müddət əvvəl Iran səmasında vurulan ABŞ-a məxsus pilotsuz casus təyyarəsinin hərbi paradda nümayiş etdiriləcəyi açıqlanıb. Təyyarə Iran Islam Inqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir olunaraq, işlək vəziyyətə gətirilib. Təyyarə 1979-cu il Iran Islam Inqilabının 33-cü ildönümü münasibətilə sabah keçiriləcək hərbi paradda nümayiş olunacaq.
Informasiya şöbəsi