Yalan prezidenti

Sizi inandırıram: ən yalançı adam da elə-belə, durar-tutmaz yalan danışmır; yalan danışmaq gərəyi yaranır, yalan danışır. Indi bizim çox yaxşı tanıdığımız bir prezident oğlu prezident (Bəşər Əsəd kimi) gedib Münhendə (Almaniya) keçirilən konfransa… yeri gəlmişkən, bir çox yalanlar danışıb. Mən bu “yeri gəlmişkəni” elə-belə, sözgəlişi demirəm; yeri gəlib deyirəm. Münhen olmur, hara olur olsun, istənilən adamı istənilən yerdə, istənilən çağda provakasiyaya çəkə bilərlər. Bildiyimiz kimi, prezident də adamdır. Indi bu prezidenti Münhendə yaramazın biri açıq-aydın provakasiyaya çəkib.
O yaramaz adam (onun necə yaramaz olduğu verdiyi sorudan bilinir) “qızım, sənə deyirəm, gəlinim, sən eşit” Azərbaycansayağı priyomla üzünü başqasına tutub, ancaq “bizimkinə” ilişməklə görün nə sormuş, necə sormuş: “Misir kimi ölkələrin praktikasından örnək gətirsək, – Azərbaycan prezidenti də buradadır, – siyasi quruluşuna görə MÜBARƏK DEVRILƏNDƏN ÖNCƏKI MISIRƏ ÇOX BƏNZƏYƏN Azərbaycan kimi ölkəyə yatırım yatırarsınızmı?” Allah, Allah! Mən özüm Azərbaycanın prezidenti olaydım (indiki kimi Azərbaycanın!), bir yaramazın biri Avropada, Münhen kimi bir yerdə məndən belə soru soraydı, mən də durub elə-belə baxaydım. Ay-hay! Gör bu yaramaz Azərbaycanı hara oxşadır? Xalqın qan-qan dediyi Misirə. Gör bu yaramaz prezidenti kimə bənzədir? Xalqın qalxıb devirdiyi, indi də çoxsaylı cinayətlərinə, antidemokratik rejim başçısı olaraq yol verdiyi yaramazlıqlara görə ölümü istənən Mübarəkə! Gəl indi belə yerdə dözümlü ol, görüm necə olursan…
O yerdə mən olsaydım, yalnız ÜDM kimi yersiz yalanlar üyüdüb tökməzdim. Səkkiz illik hakimiyyətim boyunca etmədiklərimi etdiklərim kimi göstərib çaxsaylı yalanlara əl atmazdım: 1 milyon iş yeri belə gəldi, beş milyon (Rusiya kimi ölkələrə!) elə getdi; nə bilim, yoxsulluq səviyyəsi yoxa enib, inflyasiyanın kökü kəsilib (Bakıdakı ağac qırğını kimi); “ölkədə siyasi sabitlikdir”; “çoxpartiyalı sistem var”; “parlamentdə 10-dan çox partiyam var”; “Elmar Hüseynov adına azad mətbuat yaratmışam”; “ölkənin hər yerində, başlıcası da televiziyalarda söz azadlığı muzeyləri düzəltmişəm”… Sizi inandırıram: prezident olsaydım (onun kimi prezident!) bunların birini də deyib, özümü yormazdım, sözümü birbaşa deyərdim: Açılın başımdan, itilin gözümdən, yaramazlar! Sizin Avropanız üçün bir belə pul tökürəm, kilsələrinizi, muzeylərinizi gözəlləşdirirəm, lobbiçi parazitlərinizə milyonlarla avro pul paylayıram; öz xalqıma 25-30 faizlə verirkən, sizə krediti 1-3 faizlə verirəm; indi sizin yollarınızın da xərcini mən çəkirəmsə, nə istəyirsiz məndən? Getdim baxdım Petka kilsəsinə, gördüm bizim kino-teatrlar kimi uçulub-tökülür, 50 min avro ayırdım; getdim baxdım Luvr muzeyinə, gördüm bizim incəsənət mizeyinin günündədi – 1 milyon ayırdım; getdim baxdım Sloveniyanın yollarına, gördüm Avropaya yaraşmır – 300 milyon ayırdım; çoxu yadımda deyil, hara, neçə milyon bağışlamışam; verdiklərimin, payladığlarımın çoxu mənim yadımdan çıxıb, bəs sizin adamlığınız, siz niyə unudursuz?”. Hara gedirəm – demokratiya! Korrusiya belə gəldi, feodalizm elə getdi. Bilin: “Azərbaycanda müasir, sabit cəmiyyət var”.
Burası, ola bilsin, belədir, ancaq yaddaşsızlıq işi korlayır, ortaya yalan çıxarır. Avropa auditoriyası qarşısındakı başqa bir çıxışında Azərbaycanda demokratiya olmadığına görə onu qınayanlara belə buyurmuşdu: “Azərbaycan cəmiyyətinin bugünkü inkişaf səviyyəsi, əlbəttə, imkan vermir ki, ona Qərbi Avropanın və Şimali Avropanın standartlarını tətbiq edək”. Bax elə buna görə Azərbaycana Afrika standartlarını “tətbiq” etmək gərəyi yaranır. Bax elə buna görə təkcə Dubayda prezident ailəsi üçün 75 milyon dollarlıq mülk almaq gərəyi yaranır. Nə bilmək olar: birdən Misirdə baş verənlər burda baş verdi, qaça-qaç düşdü…