Qərb İranla müharibəni məşq edir

Son on ilin ən böyük hərbi dəniz təlimləri keçirilir; Iran borc içindədir

Iranın Hörmüz boğazında başladığı hərbi təlimlərlə eyni gündə ABŞ başda olmaqla, Qərb ölkələri də son 10 ildə həyata keçirilən ən böyük hərbi dəniz təlimlərinə start verib. ABŞ ordusu Iranın qonşu körfəz ölkələrindən birinə ehtimal edilən hücumuna cavab həmlələri təlimini keçir.
Bundan əvvəl isə Virciniya, Şimali Karolina və Florida ştatlarının sahillərini əhatə edən bölgədə başlanan “Cəsur Timsah 2012″ təlimlərinə ABŞ-la yanaşı, Ingiltərə, Italiya, Fransa, Hollandiya, Avstraliya və Yeni Zelandiya donanmalarının əsgərləri də qatılıb. ”USS Enterprise” təyyarə daşıyan gəmidən başqa “USS Wasp”, “USS Boxer” və “USS Kearsage” gəmilərinin qatıldığı manevrdə donanma əsgərləri vertolyotlar və hərbi vasitələrlə hücum və xilasetmə təlimləri keçiblər.
Bu arada, Hindistan tacirləri Irana ixrac olunan düyünün pulunu ala bilmədiklərinə görə Dehli hökumətinə müraciət etməli olublar. Onlar problemin Irana qarşı beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bildiriblər.
Hindistan Düyü Ixracatçıları Korporasiyasının rəhbəri Vici Setiya jurnalistlərə açıqlamasında bildirib ki, onlar 2011-ci ilin oktyabr və noyabr aylarında Irana ixrac etdikləri 200 min ton düyünün pulunu ala bilmirlər: “Bunun dəyəri 144 milyon dollardır. Lakin Iran həmin pulu bizə verə bilmir. Həmçinin bizdən mal alan Iranın 20 şirkəti borclarını ödəməkdə çətinlik çəkirlər. Bu, çox ciddi problemdir. Biz problemin həlli üçün Hindistan hökumətinin məsələyə müdaxilə etməsini istəmişik. Vəziyyət belə davam etsə, Pakistan, Vyetnam və Tailand kimi, Hindistan da Irana düyü ixracını tamamilə dayandırmalıdır”.
Tehrana qarşı sərt addımlara mane olan Çin hökuməti Irandan neft idxalının 50 faiz azaldılması barədə qərarını martın sonuna qədər uzadıb. Buna səbəb Iranın Mərkəzi Bankı da daxil olmaqla, bu ölkənin əksər banklarına tətbiq olunmuş sanksiyalarla əlaqədar ödənişin həyata keçirilə bilməməsidir. Nəticədə rəsmi Pekin 2012-ci ilin yanvar və fevral aylarında Irandan neft idxalını yarıbayarı azaldıb.
Qeyd edək ki, 2011-ci ildə Çin Irandan hər gün 555 min barel neft idxal edib. Iran Səudiyyə Ərəbistanı və Anqoladan sonra Çinə neft idxalında üçüncü yeri tutur.

Informasiya şöbəsi