“29 ildir İrandan silah və pul alırıq”
Fevralın 8-də jurnalistlərə danışan Livan “Hizbullah”ının rəhbəri Həsən Nəsrullah 29 ildir ardıcıl olaraq İrandan külli miqdarda pul və silah aldıqlarını təsdiqləyib.
“Media forum” saytının məlumatına görə, Seyid Həsən Nəsrullah deyib ki, Livan “Hizbullah”ı İrandan pul, silah və digər yardımlar alsa da, müstəqil davranır, İranın göstərişlərini yerinə yetirmək üçün fəaliyyət göstərmir: “Biz 1982-ci ildən bu yana ardıcıl olaraq pul, silah və siyasi dəstək almışıq. Ancaq “Hizbullah” yarandığı gündən İrandan hər hansı bir göstəriş almayıb. Güman edirəm ki, İranın nüvə təsisatları İsrailin hücumuna məruz qalsa, Tehran yenə bizdən heç nə istəməyəcək. İsrail İrana qarşı hərbi hücuma keçəcəyi təqdirdə “Hizbullah” rəhbərliyi buna necə reaksiya verməsi haqqında özü qərar qəbul edəcək”.
İran rəsmiləri açıqlamalarında Livan “Hizbullah”ına yalnız siyasi və mənəvi baxımdan yardım göstərdiklərini bildirirlər.