Qar hökuməti dondurdu

Hava limanında bəzi reyslər təxirə salındı; dərslər qeyri-rəsmi dayandırıldı; avtobusların iş qrafiki qısaldıldı; 53 nəfər travma aldı

Qar hakimiyyətin yarıtmazlığını yenə üzə çıxardı

Dördüncü qar da bacarıqsız olduğumuzu sübut elədi. Birinci, ikinci, üçüncü qar yağanda ölkədə həyat necə donmuşdusa, bu dəfə də elə oldu. Hökumət heç bir addım ata bilmədi. Hələ yayda söylənilən “Biz qışa tam hazırıq” deyimi puç və əfsanə olduğu üzə çıxdı.

Sahibsiz qaz kəməri partladı

Qarlı-şaxtalı hava şəraiti Yardımlıda və Lənkəranda problemlər yaradıb. Yardımlıda elektrik xətlərində buzlaşma səbəbindən qırılmalar olduğundan rayonun ucqar yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Rayonun enerji təsərrüfatı ötən əsrin 60-cı illərindən qaldığından qarlı-şaxtalı havalarda tez-tez problemlər yaranır. Lənkəranda da analoji hal baş verib. Belə ki, rayonun 10-a yaxın kəndinin elektrik enerjisi kəsilib.
Bakının ən iri qəsəbələrindən olan Əhmədliyə elektrik enerjisinin verilişi dayandırıldı. S.Mehmandarov, Ə.Şıxlınski, N.Tusi, M.Hadi küçələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Köhnə Günəşli” yaşayış massivində də işıqlar söndü.

8-ci kilometr qəsəbəsində, metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyaları yaxınlığındakı binalarda da elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Son günlər “Bakıelektrikşəbəkə” ASC-nin rəsmiləri şaxtalı havalarda da elektrik verilişində heç bir problem olmayacağı haqda bəyanatlar versələr də bakılılar acı gerçəklə üz-üzədirlər. Ölkənin və paytaxtın enerji təsərrüfatına hər il büdcədən milyonlarla manat ayrılsa da hələ də bu sahədə irəliləyiş görünmür. Bunca korrupsiyanın, talanın hökm sürdüyü, cəzasızlıq mühitinin olduğu bir sahədə əlbəttə ki, irəliləyişdən, inkişafdan söhbət gedə bilməz.
Güclü külək səhər 5 radələrində Qaradağ rayonu ərazisində qaz kəmərində partlayışa səbəb olub. Yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində qoparaq qaz kəmərinin üzərinə düşməsi nəticəsində kəmər sıradan çıxıb. Partlayış Sahil qəsəbəsi 720 millimetrlik Qaradağ-Daşgil qaz kəmərində olub. Hadisə nəticəsində güclü alov 50-60 metr hündürlükdə göyə yüksəlib.
Hadisə hər hansı xəsarətə yaratmasa da, ətraf qəsəbələrə qazın verilməsinə təsir göstərib.

“Azəriqaz” partlayan qaz kəmərinin Neft Şirkətinə aid olduğunu deyir. ARDNŞ-da əksini söyləyir, yəni, kəmər “Azəriqaz”ın balansındadır. Bir sözlə, partlayan qaz kəmərinin yiyəsi yoxdu.
Bakının Nizami rayonu, Nəvai küçəsi, 15 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın çıxarılıb. Ərazidəki insanlar təhlükəsiz əraziyə köçürülüb.

Hava limanı da dayandı

Hava şəraitinin yenidən kəskin soyuması ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir neçə aviareys təxirə salınıb. “AZAL”ın mətbuat xidmətinin yaydığı məlumata görə, hava şəraiti təyyarələrin uçuşuna və yerə enməsinə mane olub: “Kiçik tipli ATR 72 və ATR 42 avialaynerlər vasitəsilə həyata keçirilən Bakıdan Gəncəyə, Tbilisiyə və Tehrana reyslər ləğv edilib. Bundan başqa, BD 928 London-Bakı aviareysinin təyyarəsi eniş edə bilməyərək Tehrandakı ehtiyat aerodromuna yollanıb.
Rusiyanın “Tatarıstan Hava Yolları” aviaşirkətinə məxsus Kazan-Bakı aviareysini yerinə yetirən təyyarə Azərbaycan paytaxtında hava şəraitinin əlverişsiz olması səbəbindən Mahaçqala şəhərində enib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayında çoxalma müşahidə olunub. Stansiyanın baş həkimi Mürsəl Həmidov anspress.com-a açıqlmasında 1329 nəfərin müraciət etdiyini deyib, onlardan 129 nəfər xəstəxanaya yerləşdirilib: “53 nəfər travma əsasında həkimə müraciət edib və 40 nəfər xəstəxanaya yerləşdirilib. 17 nəfər isə sırf yıxılaraq xəsarət alıb ki, onlardan da 16 nəfəri xəstəxanaya aparılıb. Dəm qazından isə 5 nəfər zəhərlənib. 2 nəfər nəqliyyat qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Çovğunun bəxş etdiyi statistika

Yanvarın 28-dən bu günə qədər ümumilikdə 289 nəfər travma alıb ki, onlardan 227 nəfər xəstəxanaya yerləşdirilib. Bundan başqa, 28 yanvardan fevralın 8-nə qədər 261 nəfər dəm qazından zəhərlənib, onlardan 157 nəfər xəstəxanaya yerləşdirilib, xəstələrdən biri ölüb. Elə həmin tarixdən bu günə qədər 4 nəfər donvurmadan xəstəxanaya aparılıb ki, onlardan biri ölüb.

Avtobusların iş qrafiki məhdudlaşdırıldı

Yolların buz bağlaması ilə əlaqədar olaraq Bakı şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişin avtobuslarının sayı 3 dəfə azaldılıb. Hazırda Bakının yollarında 500-ə yaxın avtobus hərəkət edir.
Ən çətin vəziyyət paytaxtın Günəşli, Yasamal qəsəbələri istiqamətindəki marşrutlarda yaranıb.
“Marşrut avtobuslar saat 18:00-dan sonra qarajlara qayıdacaq” – bu sözlərin müəllifi Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdu. O deyir ki, fevralın 8-də xəttə 700-dək marşrut avtobusu buraxılsa da, artıq onlardan 100-ü qarajlara qayıdıb: “Hələlik dəqiq məlumat olmasa da, çox güman ki, saat 18:00-dan başlayaraq avtobuslar qarajlara qayıdacaq. Təxminən 20-21 radələrinədək avtobusların hərəkətinin dayanacağı ehtimal olunur”.
Paytaxtın bir çox yerində avtobusların hərəkəti iflic olduğundan insanlar məcburi şəkildə metrolara üz tutdu. Bu isə gözlənildiyi kimi metrostansiyaların işinə də əngəl yaradıb. Nəticədə 10-15 dəqiqəlik interval yaranıb.

Yeni avtovağzalda da vəziyyət kritik həddə çatıb. Artıq rayonlara avtobusların hərəkəti məhdudlaşdıırlıb.
Qar bəzi sürücülərin işinə yarayıb. Belə ki, Bakıdan Sumqayıta “taksovat”lıq edən sürücülər özlərini sığortalamaq üçün adambaşını 5 manata aparırlar. Halbuki adi günlərdə qiymət 1 manatdır.
Şaxta qəzetlərin də işinə təsir edib. Belə ki, əksər köşklər işləmir, açıq olanlara isə qəzetlər hələ çatdırılmayıb.
Təhsil Nazirliyi Bakıda çovğunlu hava ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı qərar qəbul etməsə də əksər məktəblərdə dərslər keçilmir.

Yarıtmaz nazirlik

Nəqliyyat Nazirliyinin təbii fəlakətlər (hökumət 5-10 dərəcə şaxtanı çovğun kimi qələmə verir – R.D.) qarşısında gücsüzlüyünü hər il müşahidə etmişik. Nazirliyin balansında yolların qardan və buzdan təmizlənməsi üçün bütün müvafiq texnika var, bütün müvafiq bölmələr yolların təmizlənməsi, paytaxtda və regionlarda normal hərəkətin təmin olunması üçün gücləndirilmiş iş rejiminə keçiblər.
Ancaq heç bir xeyri olmadı. Hər dəfə qar yağanda paytaxt  bir neçə günlük iflic olur. Sonuncu şaxtada təkcə Bakıda 14 buztəmizləyən, 26 yük maşını, 5 ekskavator, 157 işçi, 53 mühəndisin işlədiyi bəyan edildi. Lakin nazirliyin yarıtmaz işi göz önündədir. Bələdiyyələrin işsizliyindən danışmaq lazımdır. Özünüidarə orqanlarının fəaliyyət göstərdiyi istənilən digər ölkədə kommunal çətinliklərlə qarşılaşanlar ilk növbədə iradlarını bələdiyyələrə ünvanlayırlar. Məhz bu strukturlar onlara məxsus ərazilərdə qarın təmizlənməsini və normal kommunal xidmətləri təmin etməlidirlər.

***

Bakını bu dəfə də don vurdu. Hökumət aciz olduğunu nümayiş etdirdi. Milli Məclisin vitse-spikeri Bahar Muradova lap qaz vurub qazan doldurdu. “Hərə özü uyğun vasitələrlə “silahlanaraq” öz mənzilinin qarşısını təmizləməlidir”. Bu da bizim hökumətin mövqeyi. Başqa sözə ehtiyac yoxdur…

Ramin DEKO