“Hökumət beynəlxalq təşkilatları dəfələrlə aldadıb”

Hüquq müdafiəçisi «2 aprelçilər»in 2-3 həftəyə azad ediləcəyi haqda AŞPA məruzəçisinə verilən vədə inanmır

Leyla Yunus: «Hakimiyyət xarici diplomatların başının altına yenə yastıq qoymaqla məşğuldur»

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçilərindən biri Jozef Debono Qrexin hazırda həbsdə olan 16 vicdan məhbusunun yaxın vaxtlarda azad ediləcəyini bildirməsi birmənalı qarşılanmır. Qrexin sözlərinə görə, bu barədə Bakıda ölkə rəsmiləri onlara vəd verib. Ona görə AŞ PA təmsilçisi vicdan məhbuslarının 2-3 həftə ərzində azad ediləcəyini gözləyir.
Xatırladaq ki, AŞ PA məruzəçiləri dekabr ayında Azərbaycan prezidenti Ilham Əliyevə 17 məhbusun azad olunmasına çağıran məktub ünvanlamışdı. Lakin ötən ilin sonlarında 17 vicdan məhbusundan yalnız Cabbar Savalanlı azad olundu.
“Hökumət məhbusların azad olunmasına dair hər hansı zəmanət veribmi” sualına cavab verən Qrex vurğulayıb ki, iqtidar təmsilçiləri məhbusların dərhal azad olunacağını demirlər, işlərə yenidən baxılacağını bildiriblər.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırarkən bu məsələyə də toxunub. O, bəyan edib ki, “2 aprelçilər”in məsələsi AŞ PA həmməruzəçiləri ilə keçirdikləri görüşlərdə qaldırılıb. Həmməruzəçilər onların cəzalarının yüngülləşdirilməsi və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət ediblər. Ə.Həsənovun sözlərinə görə, əfvin olması üçün prosedur istənilən halda ondan ibarətdir ki, onlar əfvə düşmək istəyirlərsə, müraciət mütləq şəkildə olmalıdır. Ya onların özləri, ya da ailə üzvləri, yaxud da ictimai qurumlar bunu etməlidir.
Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə, Azərbaycan hökuməti dəfələrlə beynəlxalq təşkilatları üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsində aldadıb. Bu baxımdan L.Yunus hesab edir ki, bu dəfə də AŞ PA təmsilçilərinə verilən vəd yerinə yetirilməmiş qalacaq: “Hakimiyyət xarici diplomatların başının altına yenə yastıq qoymaqla məşğuldur. Görünən isə odur ki, hələ hakimiyyətin siyasi məhbus problemini həll etmək niyyəti yoxdur. Ona görə də mən hakimiyyət təmsilçilərinin verdiyi vədlərin üzərində dayanacağına inanmıram”.

Bu günlərdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin imzası ilə nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanan mühüm müraciətin qəbul olunduğunu deyən L.Yunus bildirdi ki, ilk dəfə olaraq beynəlxalq ictimaiyyətə bu cür sənəd ünvanlanır.

Sənədi diqqətinizə çatdırırıq:

«10 ildən çoxdur ki, ölkədə siyasi məhbusların olması barədə Azərbaycanda gedən mübahisələr səngimək bilmir, xüsusi ilə onların sayı barədə və əlbəttə ki, “Siyasi məhbus” anlayışının müəyyən edilməsi meyarları barədə qızğın mübahisələr aparılır. Bu təbii prosesdir, və siyasi məhbuslarlar anlayışının “olmaması” barədə mübahisələr, hətta on illərlə bundan əvvəl müəyyən edilmiş və çoxsayda saytlarda çoxdan yerləşdirilmiş meyarlar KİV-də eyni zamanda nəşr edilsə belə, yenə də qurtarmayacaq.  
Azərbaycanın da aid edildiyi qeyri-azad ölkələrdə siyasi məhbusların dəqiq sayını müəyyənləşdirmək çox çətindir. Siyasi sifarişlə əsaslandırılmamış hökmlərin çıxarıldığı çoxsaylı məhkəmə proseslərini praktiki olaraq izləmək mümkün deyildir. Belə vəziyyətdə bir çıxış yolu qalır – BÜTÜN tanınanların azad edilməsini tələb etmək.
Məhz buna görə də biz BÜTÜN vicdan dustaqlarına, BÜTÜN siyasi məhbuslara azadlığın verilməsi barədə müraciəti imzalamağı təklif etmişik. Adları Sülh  və Demokratiya Institutuna məlum olanların hamısına.
Siyasi məhbuslara azadlıq uğrunda mübarizədə ən müxtəlif siyasi və ictimai qüvvələrin səylərini birləşdirmələri prinsipcə vacibdir. Bunun üçün də mən ürəkdən sevinirəm ki, bu müraciət altında Ictimai Palatanın və İslam Partiyasının liderlərinin də, Bakının və bölgələrin ictimai cəmiyyətlərinin fəallarının, bizim Avropadakı diasporamızın təmsilçilərinin  imzaları da vardır.

Yalnız biz HAMIMIZ BIRLIKDƏ olsaq yenilmərik.

Vicdan dustaqlarına azadlıq!

Siyasi məhbuslara azadlıq!

Biz, aşağıda imza edənlər, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən tanınan bütün vicdan dustaqlarının, siyasi məhbusların dərhal azad olunmasına çağırırıq!
Siyasi məhbuslar məsələsi qeyri azad ölkələrinin daimi problemidir. Xalqın etimadını itirmiş hakimiyyət vətəndaşlarını repressiyaya, həbsə, işgəncələrə məruz qoymaq qorxusu altında saxlamadan hakimiyyətdə qala bilməz. Qeyri-azad ölkəni idarəetməyin əsas aləti – yaddüşüncələrin, vətəndaşların haqq və azadlıqlarının yatırdılmasıdır. Etimadını itirmiş hakimiyyətdən asılı vəziyyətdə olan məhkəmə sistemi – siyasi məhbusları, vicdan dustaqlarını yaradan mexanizmdir.
2012-ci ilin başlanmasına yaxın Sülh və Demokratiya Institutunun hesablamalarına görə Azərbaycanda  60 siyasi məhbus (AR-da siyasi məhbusların sayı daha çoxdur, lakin SDİ hələlik 60 nəfər barədə məlumt toplaya bilmişdir) həbsdədir; təqsirləri sübuta yetirilməmiş və onlar barədə əsaslandırılmamış, qeyri – qanuni olaraq icra hakimiyyətinin siyasi motivlərlə göstərişi ilə hökm verilən 60 nəfər vətəndaş.
60 nəfər qeyri-qanuni ittiham olunanlar arasında artıq yeddi ildir ki azadlq gözləyən Ruslan Bəşirli də, “Səid Dadaşbəylinin dəstəsi” adlandırılan və 2007-ci ildə bağlı qapılar araxasında cəfəng ittiham ilə təqsirləndirilənlər də  vardır. 2011-ci il siyasi repressiya baxımından ən “məhsuldar” il olmuşdur: bizim sizinlə birlikdə azad və düzgün seçkilərə hüququmuzu müdafiə edən Bəxtiyar  Hacıyev və Vidadi İskəndərov, öz söz demək hüquqlarından istifadə etmiş Islam Partiyası rəhbərliyi,  bizim toplaşmaq, söz azadlığı hüquqlarımızı bu ağır 2011-ci ilin aprelində müdafiə edən “vicdan dustaqları” – “İctimai Palata” ictimai birliyin fəalları da bu ilin siyasi məhbuslarıdırlar.
Harvard Universitetinin məzunları (ABŞ) Bəxtiyar Hacıyevə azadlıq verilməsini tələb edirlər.
Tehran tələbələri tələb edirlər – qeyri-qanuni mühakimə olunan möminlərə azadlıq!
Bizim tələbimiz belədir – Azərbaycanda qanunsuz olaraq, siyasi mötivlərlə mühakimə olunmuşların HAMISINA azadlıq!
Azərbaycan vətəndaşlarına – onların imanlarından, milliyətlərindən, siyasi və peşə mənsubiyyətindən asılı olmayaraq azadlıq və şəxsi toxunulmazlıq hüququna zəmanət verilməlidir.  
28 oktyabr 2011-ci ildə “Yeni Azərbaycan”  partiyasının deputatı Gülər Əhmədovanın böhtan xarakterli xəbərinə əsaslanaraq “Xural” müxalifət qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilmişdir. Baş Prokurorluğun Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi ona CM-nin 311.3.3 və 311.3.4 maddələri ilə yüksək ölçüdə rüşvət tələb etməkdə ittiham irəli sürmüşdür (Ə. Zeynallı 7 ilə mühakimə edilə bilər). Lakin üç ay ərzində istintaq ittihamı sübuta yetirə bilmədi və məhkəmə əsassız olaraq daha üç ay da jurnalistin həbsdə qalmasını uzatdı.
 31 yanvar 2012-ci ildə polis qanunsuz olaraq iki cavanı – Tural Hacıbəylini və Amid Süleymanovu yalnız Müsavat partiyasının üzvləri olduqları üçün saxlamış, 1 fevralda isə Səbail Rayon Məhkəməsi inzibati həbs barədə əsassız qərar çıxarmışdır.

Bizlərdən hər birimiz istənilən vaxt barmaqlıqlar arxasına atıla bilərik!

Əsas bunu dərk etməkdir, eləcə də bizim və sizin azadlığınız uğrunda mübarizədə sıralarımızı sıxlaşdırmalıyıq və möhkəmləndirməliyik!

Təqsiri sübuta yetirlməyən, saxta ittihamlarla mühakimə olunan hər kəsə azadlıq!».

1.  Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru

2.  Mirvari Qəhrəmanlı, Neftçilərin hüquqlarının müdafiəsi İctimai birliyi

3.  Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri

4  Dr. Leyla Əliyeva, Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti

5.  Elçin Manafov, İslam Partiyası sədrinin müavini

6.  Hikmət Hacızadə, FAR Mərkəzi  

7. Qənimət Zahid, “Azadlıq” qəzetinin baş redaktoru

8. Anar Məmmədli, Seçkilərin Müşahidəsi və Demokratiyanın Öyrənilməsi Mərkəzi

9. Rəsul Cəfərov, İnsan Haqları Klubu

10. İlqar Ibrahimoğlu, DEVAMM sədri

11. Mehman Əliyev, “Turan” İnformasiya Agentliyi

12. İlqar Qasımov, “Hüquqi yardım” İB sədri

13. Cəmil Həsənli, professor, “Ziyalılar forumu”

14. Eldar Namazov, Azərbaycan Naminə Ictimai Forumun prezidenti

 15. Zəfər Quliyev, “Insan haqları uğrunda” Ictimai Birliyi

16. Xədicə İsmayılova, jurnalist

17. Elçin Məmməd, Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Birliyinin prezidenti

18. Ərəstun Oruclu, “Şərq-Qərb” Tədqiqat Mərkəzi

19. İsa Sadıqov, Demokratik Azərbaycan Uğrunda (Norveç)

20. Şakir Ağayev, “Yeni Zaman” qəzeti

21. Hilal Məmmədov,  “Tolışi Sado” qəzeti, professor Novruzəli Məmmədovun Hüquqlarının Bərpası Üzrə Komitənin Sədri

22. Rauf Mirqədirov, “Zerkalo” qəzeti

23. Zöhrab İsmayılov, Azad İqtisadiyyata Yardım Assosiasiyası

24. Mətanət Əzizova, Qadın Böhran Mərkəzi

25. Murad Həsənli,  Böyük Britaniya Azərbaycan Demokratik Assosiasiyasının direktoru

26. Səbinə Ələkbərova, Gənc Liderlərin Tərbiyəsi Ictamai Birliyi

27. Hafiz Səfixanov, piyada əleyinə minaların qadağan olunması üzrə Azərbaycan şirkəti

28. Natiq Cavadlı,  jurnalist

29. Xalid Bağırov, vəkil

30. Əfqan Muxtarlı,  Əvəz Zeynallınln həbsi ilə bağlı preventiv cavab qrupunun rəhbəri

31. Samir Əsədli, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü

32. Samir Kazimli, jurnalist

33. Elşən Balaxanski, jurnalist

Xəyal