ABŞ Suriyaya müdaxiləni müzakirə edir

İran Əsədin köməyinə 15 min əsgər göndərib; Ərəb ölkələri sərt qərara hazırlaşır

Əsəd rejimi isə Homs şəhərini xəritədən silməkdə israrlıdır

Suriyada Bəşər Əsəd rejiminin etirazçılara qarşı qanlı hücumları şiddətlənib. Hökumət qüvvələri ötən cümədən başlayaraq, Homs şəhərində aparılan əməliyyatlarını davam etdirir. Əsədin əmrindəki qırıcıların Homs şəhərini bombardman etməsi nəticəsində son 2 gündə 150-dən artıq müxalifət tərəfdarı və dinc sakin həyatını itirib. Şahidlər Homs şəhərinin xəritədən silinəcəyi xəbərdarlığını edib.
Müxaliflər ötən gün səhər saatlarından başlayan hücumların xüsusilə, sünnilərin sıx yaşadığı Bab Əmr, Əl Bayda, Əl Halidiyyə və Vadi əl Ərəb bölgələrində gücləndiyini,  hücumlarda top, raket və qrad qurğularından istifadə olunduğunu bildiriblər. “Əl-Cəzirə”yə danışan etirazçı bildirib ki, hökumət qüvvələrinə məxsus tanklar ən şiddətli bombardman olunan Bab Amr məhəlləsinə girməyə çalışır.
Son bir həftə ərzində Suriyada vəziyyətin daha da pisləşməsi Əsəd rejiminə qarşı hərbi müdaxilə variantını gündəmə gətirib. CNN-in “Security Clearance” bloqunda yayımlanan xəbərə görə, ABŞ Müdafiə Nazirliyində Suriyaya yönəlik hərbi müdaxilə variantı artıq müzakirə olunmağa başlanıb. Adı açıqlanmayan hərbi rəsmi bildirib ki, Suriyaya mümkün müdaxilə üçün ABŞ-ın gücünün nəzərdən keçirildiyi daxili hesabatlar hazırlanır. Amma rəsmilər Pentaqonda aparılan müzakirələrin prezident Obamanın təlimatıyla başlayıb-başlamadığı barədə məlumat vermirlər.
Ekspertlər bu cür hesabatları mümkün müdaxilənin başlanğıc mərhələsi kimi qiymətləndirir.
Bu arada, Körfəz Əməkdaşlıq Şurası Bəşər Əsədə qarşı müxalif hərbçilərin yaratdığı “Suriya Azadlıq Ordusu”nu rəsmən tanımağa hazırlaşır. “Saudi Gazette”nin məlumatına görə, fevralın 11-də Ər-Riyadda keçiriləcək toplantıda Şura bu qərarını açıqlayacaq. Quruma üzv 6 körfəz ölkəsi “Suriya Azadlıq Ordusu”nu Suriya xalqının qanuni təmsilçisi kimi tanıyacaq.
BMT-nın insan haqları üzrə nümayəndəsi Nevi Pilay da dünya ictimaiyyətini Suriyadakı hadisələrə sərt mövqe bildirməyə çağırıb.
Iran Islam Inqilabının Keşikçiləri Korpusunun (Sepah) 15 minə yaxın əsgəri Suriyaya göndərilib. “Əl-Ərəbiyə” telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, Sepah hərbçiləri əsasən etirazçıların qalaları sayılan Homs, Pabadani, Madayya, Dəraa, Əbu Kamal şəhərlərinə yönəldilib, Dəməşq ətrafında isə əsasən Suriya ordusu cəmləşib.
“Anonymous” adlanan haker qrupu Bəşər Əsəd administrasiyasının kargüzarlıq ofisinin elektron poçtunu sındırmağa müvəffəq olub və yüzlərlə məktub ictimaiyyətə açıqlanıb. Hakerlər Suriyanın prezident administrasiyasının rəhbəri Mənsur Əzzam və prezidentin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Butan Şabanın elektron ünvanlarının çox sadə olan 12345 şifrəsini tapmaqda çətinlik çəkməyiblər. Məktublardan məlum olub ki, Bəşər Əsəd ABŞ-ın ABC telekanalına müsahibə verməyə hazırlaşırmış…
Suriyanın birinci xanımı Əsma Əsəd isə Böyük Britaniyanın “The Times” qəzetinə elektron məktub yazaraq, Bəşər Əsədin bir qrup suriyalının deyil, bütün Suriyanın prezidenti olduğunu və məhz bu rolda da onu dəstəklədiyini bildirib. Əsma Əsəd özünün də Suriyada dialoqa başlamaq üçün səylər göstərdiyini qeyd edib.

Informasiya şöbəsi