Prezidentə mənim də sualım var

İlham Əliyev yaxşı xəyyalar qurub. Elə buna görə də Münhendə bir-birinin ardınca Azərbycanda olan “inkişafları” söylədi. Ona qulaq asandan sonra düşündüm ki, görəsən, bu deyilənlər mənim yaşadığım ölkəyə aid faktlardır, yoxsa hardasa bizə bəlli olmayan xəyali bir Azərbaycan da var? Sonra soyuqqanlı şəkildə fikirləşəndə və indiyə qədər hakimiyyətin “analoqsuz inkişaf “haqqındakı nağıllarını xatırlayanda bildim ki, heç bir xəyali ölkə yoxdur, sədacə İlham Əliyev yaxşı xəyyalar qurub…

1 milyon iş yeri?

Hardadır bu iş yerləri, kimin üçün açılıb? Bəlkə başqa planetdən gəlmişlər üçün açılıb bu yerlər, o üzdən işsizlik baş alıb gedir. Ya da bizim xalq bu iş yerlərində işləyə biləcək qədər qabiliyyətli deyil? Hansı zavod, fabrik açılışı olub, hansı iş yerinin lentini kəsib lent kəsməyi sevən prezidentimiz?!
‎1 milyon iş yerinin açıldığını deyən İlham Əliyev deyəsən, açdığı bank hesabları ilə iş yerlərinin sayını qarışdırıb…

Yoxsuluq azalıb?!

Sən demə İlham Əliyevin 8 illik başqanlığı dövründə yoxsulluq 50 faizdən 7,8 faizə düşübmüş…
Bu ölkənin sizin məmurları, onların əlaltılarını çıxsaq, 80 faizi yoxsuldur , acdır.  Rusiya və Türkiyənin çöllərində ən aşağı işlərdə çalışır. Bir ölkənin prezidenti kimi bunu necə qəbullanmaq olar ki, vətəndaşın ən aşağı şərtlərlə başqa ölkələrdə çörək qazanır?
Bu yoxsulluq necə azaldılıb ki, insanlar süfrələrində bu yoxsulluğun izləri ilə hər gün üz-üzə oturur?!
Sonra da yoxsulluğun azaldığını sadəcə rəqəmlərlə deyib keçmək və bu sözləri deyərkən evində acından, qışın soyuğundan əziyyət çəkən insanların ahından, qəzəbindən çəkinməmək… Bu, necə bir arxayınlıqdır?

Azad soz?

“Azad” dediyiniz o söz Elmar Hüseynova atılan güllədən başlayaraq necə jurnalistin döyülüb hətta itlərə yedirdilməsinə qədər yol gəlib. Hanı o azadlıq, hardadır?
Bakının dörd bir yanında olan həbsxanaların barmaqlıqları, kameraları arasında saxlanılan siyasi məhbuslar məgər  ürəyindəki azadlığı dilə gətirdiyi üçün “cəzalandırılmayıblar”?
Sözün azad olduğu ölkədə siyasi məhbus olar?
Azad söz olan ölkədə insanlar “azadlıq”, “istefa” dediyinə görə həbs olunur?!
2 aprel məhbuslarının məhkəmələrində üzəduranların ifadələri nə idi: “bu adamlar bərkdən “istefa “ deyə qışqırırdılar”.

Çox partiyalı ölkə və parlament?!

Hanı? Qüdrət Həsənquliyevdi müxalifət, yoxsa Fazil Qəzənfəroğlu? Yoxsa, İqbal Ağazadə? Pardon, unutdum, bəlkə Fərəc Quliyev?
Fəzail Ağamalıya da söz ola bilməz. Bunlardı parlamentdəki müxalifət? Sizin qalx-oturunuzla hərəkət edən, icazəli qəhramanlıq göstərib hərdən bir-iki ağız deyənlər.
Çox partiyalı sistem varsa niyə ölkənin ana müxalifət partiyasının qərargahı yoxdur? Bəlkə elə bunu da deyəydiniz ki, çoxpartiyalı sistem var, ancaq bu partiyaların qərargahı yoxdur, üzvləri işləməkdən məhrumdur, təqib olunurlar, imkan olsa onları topa qoyub Marsa gördərərdiniz.

Sabit siyasi vəziyyət

Sabit siyasi vəziyyətin olduğundan əmin olan hakimiyyət niyə bu qədər zora əl atır, niyə insanların bir yerə toplaşmasına imkan vermir? Niyə sabitliyindən əmin olduğunuz ölkənin bir meydanında yüz adamın bir yerə toplaşmasından təşvişə düşürsünüz? Zorun hakimiyyəti, sakitliyi olan ölkədə siyasi sabitlik olmur.
Azad internet, azad söz, əla, tox yaşayan Azərbaycan insanı…
Hansı ölkədən danışırsınız, cənab prezident!
Sual verəni savadsızlıqda günahlandırıb kinayə ilə gülümsəyən prezident bilir ki, onun ölkəsində azad söz , tox insan, düzgün seçki yolu ilə seçilmiş parlament yoxdur.
Mən ölkə başçısının məlumatsız olduğunu da demirəm, sadəcə dediklərinin düz olmadığını anladıram, o qədər.
Mən olanları saydım. İndi, necə deyərlər, deməsi məndən, açması oxucudan…
“Azərbaycan Misir olmayacaq” deyiminə gəlincə, bura Misirə çevriləndə kimsə  hakimiyyətdən soruşmayacaq ki,  Azərbaycanda inqilab edək, ya yox?!.