Əliyevin tükənən bayraq kombinasiyaları

Azərbaycan Respublikasının üç rəngli bayrağının tərsinə asılmağını çox görmüşdük. Bu qutsal bayrağı tərs asan iki tərəf tanıyırıq – biri Irandı, biri də şükür, Turan deyil, Ilham Əliyev hakimiyyətidi.
Iran bunu bilərəkdən eləyir, aydındı. Həm dövlətimizə sayğısızlığını gözə soxmaq istəyir, həm də islamın birinci olmasını. Bayrağımızın bu şəkildə təhqir və təhrif olunması dövlət səviyyəsində heç vaxt qınanmayıb. Qınana da bilməz. Çünki Iran qayıdıb deyər ki, əbləh adam, əvvəl özün öz bayrağına sayqı duy, onu doğru-düzgün as, sonra bizə irad bildir. Deyər, deməz? Məncə deyər. Ya da heç olmasa bığaltı gülümsünər və: “Mən ölüm, lotusan, əl ver…” – deyər.
Bəs dövlətimizin analoqsuz lideri, onun xanımı, onların ətrafları nədən zaman-zaman bu əmanət bayrağı tərsinə asırlar? Bu bir təsadüfmü? Sadəcə, diqqətsizlikmi? Ya bayrağın bu adamlara qazandırdığı milyardlardan başqa heç bir məna ifadə etməməsimi? Hər biri ola bilər.  
Lakin mənim ağlıma gələn bir fikir var. Hərçənd ki, bütün zehni, düşüncəsi daha çox sərvət qazanmaqdan, ölkəni daha səmərəli üsullarla talamaqdan, xalqı daha, daha kölə, zəlil və xar vəziyyətə salmaqdan, müxalifəti ağla gələn və gəlməyən hər cür iyrənc vasitəylə (əlbəttə ki, xalqın cibindən taladıqları milyonların hesabına) sıradan çıxarmaq, parçalamaqdan ibarət olan bir dəstə indi mənim deyəcəyimi ağlına çətin gətirə. Çünki bunu ağla gətirmək üçün gərək heç olmasa ömründə bircə yol həmin bu üç rəngli bayraq haqda düşünə, ona ciddi önəm verəsən. O da ki, qətiyyən inandırıcı deyil.
Hə, ağlıma gəlir ki, bəlkə bunlar avropalılarla görüşlərdə bayrağı tərsinə asmaqla demək istəyiblər ki:
1. Baxın, bu dövlət, onun ən müqəddəs atributu belə bizimçün heç nədi, istəsək, belə çevirərik, istəməsək elə. Dövlət bizim üçün sadəcə bir zor aparatı və para makinasıdı. Siz təki bizə dəyməyin, bu dövlətin, bu ölkənin, bu millətin daşını daş üstə qoymarıq, canını belə alıb verərik sizə, təki, cəfəng söhbətlər, axmaq tələblər eləməyin. Para hər şeyi həll eləyir, alın, yerinizdə sakit durun.
2. Baxın, əgər bizə arxa durmayıb, bizi hakimiyyətə gətirəndə verdiyiniz vədlərə xilaf çıxsanız, Azərbaycanı Irana çevirərik. Heç biz çevirmərik, Azərbaycanın islam fanatikləri yaşıl rəngi gətirib çıxararlar başınıza, Azərbaycanı çevirərlər yaşıl rəngə, hətta Irana  birləşdirərlər.
Hə, bu, indiyə qədər qarşılaşdığımız bayrağı tərsinə asma faktları ilə bağlı, professor Niyazi Mehdi demişkən, “hətərən-pətərən estetikası” üstündə gəzişmələr. Ancaq bu dəfə qarşımıza tam fərqli olay çıxıb. Ilham Əliyevin Hillari Klintonla görüşündə ABŞ bayrağı ilə yanaşı asılan bayrağımız üç yox, iki rəngli olub – yer mavi, göy mavi… aşağı, yuxarı mavi. Bu faktın “Avroviziya” yarışması ərəfəsində – mayda mavilərin Bakıda keçiriləcək paradı ilə çətin ki, bir əlaqəsi ola. Deyəsən bu, daha “dədəm qurban, nənəm qurban” söhbətidi. Lazım gəlsə, bayrağımızın bir parçasını belə sizə qurban verərik məsələsidi, hardasa, Rusiya kanallarından birində Ermənistan xarici işlər nazirinin müavini Ş.Köçəryanın açıqladığı şok faktlara bənzəyir. Demə, Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Respublikasının müstəqilliyini tanıyıbmış. Bu fakta cavab vermək bizim yox, hakimiyyətin işidi. Naxçıvanda olarkən ata Əliyevin Ermənistanla bağladığı opportunist atəşkəs müqaviləsi haqda deyilənlər də bu qəbildəndi. Bu informasiya təbii ki, Ermənistanın yox, Rusiyanın blefidi. Deyəsən Rusiya, xanım Klintonla görüşdə bayrağımızın tərsinə asılmasından narahatdı.
YAP hakimiyyətinin balanslı siyasəti budu: bayrağın üç rəngi üstündə müxtəlif kombinasiyalar qurmaq. Ancaq üç rənglə nə qədər kombinasiya qurmaq ola ki? Belə getsə, bizə Əliyevin quru bayraq dirəyindən başqa bir şey qalmayacaq. Kombinasiyalar tükənir, qardaşlar…