Münhendə ona ikinci dəfə neft-qazla bağlı sual vermədilər, əksinə, siyasi dalana dirədilər
{jcomments on}Ilham Əliyevə Münhendə verilən suala bir qədər soyuq münasibət bildirmək olarmı? Məsələn, belə: Ilham Əliyevə verilən bu sual doğrudan da Misirlə Azərbaycanın fərqini ayırd edə bilməyən, siyasi savadı yerində olmayan birinin sualı ola bilərmi?
Məncə, bu versiyanın üzərində dayanmaq olar. Hərçənd, Ilham Əliyev də bu versiya ilə rəqiblərinə cavab verməyə çalışıb. Ilham Əliyev Azərbaycanın Misir olmadığını deməklə, əslində, ciddi bir həqiqətin altından bir daha xətt çəkmiş olub. Biz isə mövzunu daha ətraflı şərh etməyə keçməmişdən əvvəl bu sualın mənbəyi və hədəfini araşdırmağa cəhd edək.
Ciddi beynəlxalq tədbirə gələn jurnalistin siyasi savadı barədə şübhəli danışmaq ikinci müzakirə mövzusu aça bilər. Ona görə ki, bu tip tədbirlərə nüfuzlu media orqanları məhz qlobal tendensiyaları bilən əməkdaşlarını göndərirlər.
Digər tərəfdən, Azərbaycanın ərəb ölkələrinə bənzədilməsi ilk hadisə deyil və bu, “The Washington Post”, “The Guardian”, “Der Şpigel” kimi ciddi mətbuat orqanlarında dəfələrlə müxtəlif formalarda hallanıb. Amma Ilham Əliyevin cavabındakı haqlılıq bu sualın ümumi mahiyyətini təkzib etmədən, özündə həqiqəti əks etdirə bilib. Ona görə ki, Azərbaycan Misir və digər siyasi dəyişikliklər yaşamış ölkələrin inqilaböncəsi vəziyyətini xatırladır. Amma bu oxşarlıq siyasi və sosial çatışmazlıqların bənzərlikləri kriteriyaları üzrədir. Biz ərəb ölkələrindən fərqli olaraq, ATƏT və Avropa Şurasının üzvü kimi, siyasi dəyişikliklərin hərbi və zorakı yolunu təbii ki, istisna edirik. Azərbaycanda arzu olunan seçki yoluyla hakimiyyətin demokratik hüquqi varisliyi təmin olunmasa, burada baş verəcək xalq etirazları dinc və legitimlik çərçivəsində öz məqsədinə çatmağı hədəfləyir. Ilham Əliyev də çox güman ki, Misir və Liviyada baş verənləri Azərbaycan üçün təsəvvür etmədiyindən, bu cavabı verib.
Niyə məhz enerji sammitində?
Mahiyyətcə, bu sualın özündən çox, onun verilmə şəraitinin daha çox təhlilə ehtiyacı var. Məhz enerji sammitində, özü də Ilham Əliyevin Avropaya enerji təhlükəsizliyinə dair təminatlar vəd edən çıxışından sonra bu sualın verilməsi onu deməyə əsas verir ki, Qərbdə Ilham Əliyevin bu cür bəyanatlarına inanmadıqlarını ona beləcə açıq şəkildə çatdırmağa qərar veriblər. Bu sualdan sonra Ilham Əliyevin əvvəlki çıxışı xeyli dərəcədə öz əhəmiyyətini itirib. Ona görə ki, dövlət başçısının verdiyi cavab analoji diktatorların belə vəziyyətlərdə verdikləri ən statik cavab olub. O, ölkədə iqtisadi və siyasi sabitliyin olmasından danışıb. Amma həbsdə olan onlarla vicdan məhbusunu unudub. Eyni zamanda, yaddan çıxarıb ki, bu məhbuslara “vicdan məhbusu” statusunu həmin tədbirin təşkilatçıları olan Qərb ölkələrinin birgə yaratdıqları nüfuzlu təşkilatlar verib. Yəni, vəziyyətdən çıxmaq üçün söykənməyə həqiqət tapa bilməməsi onu növbəti dəfə çətinə salıb.
Məntiq deyir ki…
Ilham Əliyev son iki ildə ikinci dəfədir ki, eyni vəziyyətlə qarşılaşır. 2010-cu ilin əvvəlində “Euronews” telekanalına verdiyi müsahibə zamanı da ona bu cür sərt suallar verilmiş və neft-qaz perspektivindən söz açmamışdılar. Bu dəfə də onu məhz iqtisadi cəhətdən riskli bir ölkəni idarə etməkdə ittiham edərək, siyasi məsələnin əsas olduğunu xatırlatdılar. Görünür, Avropa özünün enerji təhlükəsizliyi maraqlarını qurban vermək fikrində deyil. Ona görə də Ilham Əliyevə “sonun çatıb” mesajı vermək qərara alınıb.
Seymur Həzi