Ədliyyə Nazirliyi təşkilata rəsmi xəbərdarlıq göndərib
Emin Hüseynov: «Ilham Əliyev Münhendə çıxış edib ağ yalan danışdı ki, Azərbaycanda ifadə və internet azadlığı var»
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) sədri Emin Hüseynov dünən öz ofisində mətbuat konfransı keçirərək Ədliyyə Nazirliyinin əsassız təzyiqləri ilə üzləşdiklərini bildirdi. ATƏT, Norveç Insan Haqları Evi və ayrı-ayrı səfirlik əməkdaşlarının qatıldığı tədbirdə ölkənin fəal ictimai xadimləri – Hacı Ilqar Ibrahimoğlu, Qubad Ibadoğlu, Şahvələd Çobanoğlu, Rövşən Hacıbəyli də iştirak edirdi.
“Hakimiyyət ”Sing for demokrasy”yə görə bizi “başa salmaq”a qərar verib”
Emin Hüseynov bildirdi ki, Azərbaycan hökuməti RATI-ni hələ yaranan gündən sevməyib və fürsət düşdükcə qaralamağa çalışıb: “Amma adətən bizim təşkilata seçki ərəfəsi hücuma keçirdilər. Yoxlamalar göndərirdilər, mənasız hədələr yağdırırdılar. Yeni dalğa o zaman başladı ki, bir neçə yerli tərəfdaşımızla ”Sing for demokrasy” kampaniyasını başlatdıq. Kampaniyada bir çox QHT-lər, o cümlədən RATI, Sülh və Demokratiya Institutu, Insan Haqları Klubu iştirak edir.
Son bir neçə ayda bu kampaniya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəldə bilmişik. Həftədə bir neçə dəfə xarici KIV-lərdə Azərbaycanda insan haqlarının tapdanması ilə bağlı müsahibələr, çıxışlar getdi. Hakimiyyət də qərara gəldi ki, bu kampaniyanın təşkilatçılarına – bizləri “başa salmaq” lazımdır”.
E.Hüseynovun sözlərinə görə, əvvəlcə “Yeni Azərbaycan” qəzetində onların əleyhinə iki böyük məqalə dərc olunub və kampaniyanın təşkilatçıları “donos” yazmaqda, vətənə xəyanətdə günahlandırılıb. Sonradan bununla kifayətlənməyərək Ədliyyə Nazirliyinin RATI-yə rəsmi xəbərdarlıq göndərməsinə göstəriş verilib: “Ədliyyə Nazirliyi təşkilata rekvizit məlumatlarının qeydiyyatı qaydalarının pozulması barədə xəbərdarlıq məktubu göndərib. RATI təşkilat sənədlərində təsisçinin ünvanının dəyişdirilməsi haqqında məlumat verməməkdə ittiham olunur.
Ədliyyə Nazirliyi məktubunda həmçinin yazır ki, Naxçıvanda anonim mənbə IRFS-in www.nakhchivan.org.az saytında Naxçıvan Muxtar Respublikasında insan hüquqları sahəsində vəziyyət haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumat yerləşdirməsindən şikayətlənir. Qanunvericiliyə əsasən, iki xəbərdarlıqdan sonra təşkilat bağlana bilər. Lakin Ədliyyə Nazirliyinin altında Qeydiyyat və Notariat Idarəsinin rəisi Ilqar Məmmədovun imzası olan məktubda konkret olaraq qanunvericiliyin tələblərinin pozulmasını göstərən heç bir bənd yoxdur. Nazirliyin iradları tamamilə əsassızdır və savadsızcasına təqdim olunub”.
“Nə vaxta qədər bu ölkədəyik, sağ-salamatıq bu arzunuza çatmayacaqsız”
RATI sədri bu xəbərdarlıq məktubunun və hakimiyyətin qurumun fəaliyyətini məhdudlaşdırmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirdi: “Hakimiyyətin hədəfi bizi qorxutmaqdır. Amma mən sizi əmin edirəm və sizinlə mərcə girirəm ki, buna gücünüz çatmayacaq. Nə vaxta qədər biz bu ölkədəyik, sağ-salamatıq bu arzunuza çatmayacaqsız. Qeydiyyatlı və ya qeydiyyatsız faəliyyətimizi davam etdirəcəyik. Belə təzyiqlər bizi qorxutmur, əksinə möhkəmləndirir”.
E.Hüseynov qanunsuz xəbərdarlığa və böhtanlara görə Ədliyyə Nazirliyini məhkəməyə verəcəklərini də bildirdi: “Bu xəbərdarlığın məhkəmə yolu ilə ləğvinə çalışacağıq. Ilk növbədə Ilham Əliyevə, daha sonra ”Eurovision”un Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya, Avropa Yayımlar Assosiasiyasına müraciət edəcəyik ki, Azərbaycan QHT-lərinin birləşmək azadlığına kobud şəkildə müdaxilə olunur. Ilham Əliyev Münhendə çıxış edib ağ yalan danışır ki, Azərbaycanda ifadə azadlığı, azad internet var. Amma sizin qeyri-peşəkar məmurlarınız internet senzurasına çağırış edir. Ilham Əliyev, sənin ölkəndə internet azaddırsa, demək sən ölkəni idarə edə bilmirsən. Çünki sənin məmurun bizə yazır ki, sənin internetdəki fəaliyyətin yanlışdır və bu yanlışı aradan götür”.
Norveç Insan Haqları Evindən dəstək gəldi
Norveç Insan Haqları Evinin Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Anna Bond bildirdi ki, belə bir xəbərdarlıq Naxçıvanda hüquq müdafiəçisi Məlahət Nəsibovanın rəhbəri olduğu Resurs Mərkəzinə də gəlib: “Onlar da eyni gündə, eyni məzmunlu məktub alıblar. Biz artıq bu barədə BMT-nin sərbəst toplaşmaq azadlığı üzrə xüsusi məruzəçisinə məlumat vermişik. Ümid edirik ki, məruzəçi yaxın vaxtlarda bununla bağlı bəyanat verəcək. RATI-nin məsələsini də həmin məruzəçinin diqqətinə çatdıracağıq. Sizinlə həmrəy olduğumuzu bilməyinizi istəyirik. Təşkilatımız dediyiniz istiqamətlər üzrə işləyəcək. Biz Azərbaycanda insan haqlarının vəziyyəti və hüquq müdafiəçilərinə olan təzyiqlərdən çox narahatıq. Söz veririk ki, bu məsələləri BMT-nin insan haqları komitəsinin martda keçiriləcək sessiyasında qaldıracağıq”.
“RATI-yə olan təzyiqlər siyasi xarakterlidir”
Tanınmış köşə yazarı Şahvələd Çobanoğlu hesab edir ki, Azərbaycan hakimiyyətini qıcıqlandıran E.Hüseynov da daxil olmaqla hüquq müdafiəçilərinin “Eurovision”la bağlı başlatdıqları məlum kampaniyadır: “Fürsətdən istifadə edib Azərbaycandakı durumu beynəlxalq səviyyəyə çatdıra bildik. Məlum məsələdir ki, RATI-yə olan təzyiqlər siyasi xarakterlidir. Ədliyyə Nazirliyinin məktubu da göstərir ki, bu, hökumətin açıq təzyiqidir. Eyni motivlər sifarişlə hazırlanan yazılarda da hiss olunur. Bizim ünvanımıza da ”xarici agentlər”, “satılmışlar”, “mətbuatın adına ləkə gətirənlər” tipli ifadələr işlədilib. Bəxtiyar Sadıqovun yazısından qəzəb yağır. Yazır ki, niyə Sərhədsiz Reportyorlar, “Freedom Nouse”, “Numan Right Watsh” Sarkoziyə irad tutmur? Niyə onlar ifadə azadlığının pozulmasına göz yumurlar? Bu adam unudub ki, Fransada ilk səsini qaldıranlar bu təşkilatlar oldu”.