Nazir yeni taksilərə qarlı havada işləməyi qadağan edib
Fevralın 2-də qarlı hava ilə əlaqədar nəqliyyat naziri Ziya Məmmədov yeni taksilərin şəhərə çıxmasına qadağa qoyub. Bu barədə “Azadlıq”a adının çəkilməsini istəməyən taksi sürücüləri məlumat verib. Onların sözlərinə görə, nazir göstəriş verib ki, bir taksi belə işə çıxmamalıdır. Nazir qəza baş verməsindən və taksilərinin yararsız hala düşməsindən ehtiyat edib. Bəzi sürücülər buna etiraz etsə də, nəticəsi olmayıb.
Xatırladaq ki, Ziya Məmmədov bir neçə gün əvvəl də eyni səbəbdən avtobus və taksilərin işləməsinə qadağa qoymuşdu. Avtobus və taksi sürücülərinə bildirilmişdi ki, xəttə çıxacaqları təqdirdə baş verən hər hansı olaya görə özləri məsuliyyət daşıyacaqlar. Bu qadağa sürücülərin narazılığına səbəb olmuşdu. Bu barədə “yuxarılar”a şikayət ünvanlandıqdan sonra Prezident Administrasiyası məsələyə qarışmışdı. PA-dan məsələyə müdaxilə olunduqdan sonra avtobus və taksilərin bir qisminə işləmək icazəsi verilmişdi.