Tunis Suriya səfirini ölkədən qovdu

Ərəb inqilablarının pioneri Əsəd rejimini tanımamaq qərarını verdi

Bəşər Əsəd rejiminin ölkə daxilində müxalifətçilərə qarşı qanlı qırğını gücləndirməsi, o cümlədən Humus şəhərini bombalayaraq yüzlərlə insan tələfatına yol verməsinə Tunis hökuməti rəsmi Dəməşqə qarşı sərt tədbirə əl atıb. O, Suriyanın Tunisdəki səfirini öz ölkəsinə geri göndərmək qərarına gəlib.
Tunisin prezident administrasiyası adından yayılan açıqlamada deyilir ki, hökumət Suriya səfirini ölkədən qovmaq və Bəşər Əsəd rejimini tanımamaq üçün rəsmi tədbirlərə başlayıb.
Bu arada Humusda baş verənlərə etiraz olaraq Suriyanın Türkiyə səfirliyi və İstanbuldakı konsulluğu önündə etiraz aksiyaları keçirilib. Aksdiyaya qatılan Suriya vətəndaşları Əsəd rejiminə qarşı şüarlar səsləndiriblər.
Humus hadisəsindən sonra dünyanın bir sıra başqa paytaxtlarında da Suriyanın səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib, bəzi yerlərdə səfirliklər hücum məruz qalıb və dağıdılıb.