Sarkozi geri çəkilmək istəmir

Elxan Şahinoğlu: «Fransa prezidenti Konstitusiya Məhkəməsinin hakimlərini şantaj edir»

Fransa prezidenti Nikola Sarkozi Konstitusiya Məhkəməsinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcəyi təqdirdə, bu istiqamətdə dərhal yeni bir qanun hazırlanmasını istəyəcəyini bildirib. Fransa prezidentinin inadla bu məsələdən bərk yapışmasının əsas səbəbi nədir və yeni qanun özündə nələri əks etdirə bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sarkozinin ilk növbədə erməni lobbisinin səsini qazanmaq üçün canfəşanlıq etdiyini deyir. Konstitusiya Məhkəməsi qanun layihəsini rədd etsə, bu, Sarkozinin maraqlarına çox böyük zərbə olacaq. Belə çıxacaq ki, o heç nəyə görə Türkiyə ilə münasibətləri gərginləşdirmişdi. Ona görə də Sarkozi son hədəfə kimi getmək istəyir.
Ekspertin sözlərinə görə, Sarkozi bununla bir növ Konstitusiya Məhkəməsinin hakimlərinə dolayı mesaj göndərib ki, əgər bu məsələni mənim xeyrimə müsbət həll etməsəz, onsuz da bu məsələni yenə də gündəmə gətirəcəm. Bunu, hətta həmin hakimlərə şantaj saymaq olar.
Məsələnin bir qədər qarışıq olduğunu deyən E.Şahinoğlu gözləməyin lazım gəldiyini vurğuladı. Amma onun fikrincə, Sarkozinin bu açıqlaması bir daha ondan xəbər verir ki, o, geri çəkilmək niyyətində deyil və bu qanun layihəsini Fransanın bütün institutları təsdiqləyəcək.

Fizzə