Yaxud «Yeni Azərbaycan»ın olmayan məlumatla «ara düzəltmək» cəhdi
Cəmi bir neçə gün əvvəl Türkiyənin əleyhinə böyük yazı dərc edib baş nazir Rəcəb Tayyib Ərdoğandan tutmuş, xanımı Əminə Ərdoğana qədər hər kəsi tənqid və ittiham hədəfinə tuş qoyan “Yeni Azərbaycan” qəzeti indi də, iki ölkə arasındakı dostluqdan-qardaşlıqdan, sarsılmaz əməkdaşlıqdan danışır.
Qəzetin son sayında dərc olunan “Ərdoğandan aravuranlara sərt cavab” məqaləsini oxusanız, buna özünüz də şahid olarsız. Məsələnin maraqlı tərəfi qəzetin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı Ərdoğanın heç bir mənbədə əksini tapmayan çıxışına istinad etməsidir. “Yeni Azərbaycan” istinadsız yazır ki, Türkiyənin baş naziri bu günlərdə antitürk qüvvələrin Azərbaycanın Fransa Senatının qəbul etdiyi qərarda Türkiyəni tək qoyması və dəstək verməməsi yönündə absurd iddialarına cavab verib. Ərdoğan həmin qüvvələri bu cür təxribatçı əməllərdən əl çəkməyə çağıraraq deyib ki, iki qardaş dövlətin sarsılmaz birliyinə heç nə, heç kəs xələl gətirə bilməz:
“Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. Incidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”. Sonda müəllif əlavə edir ki, bu çıxış Azərbaycanla Türkiyə arasında münasibətlərə xələl gətirməyi qarşısına məqsəd qoymuş qüvvələrə layiqli cavabdır. Və bununla antitürkiyə, antiazərbaycan qüvvələrin cəhdləri növbəti dəfə iflasa uğrayıb.
“Yeni Azərbaycan” Türkiyə də daxil olmaqla heç bir mənbədə rast gəlinməyən, yalnız Azərbaycanda bir-iki KIV-in istinadsız verdiyi bu psevdoməlumata söykənərək rəsmi Ankarının Azərbaycan hakimiyyətindən razılığını nümayiş etdirmək istəyib. Amma “unudub ki” cəmi bir neçə gün əvvəl Ərdoğan hakimiyyətini topa tutmaqla Azərbaycan hökumətinin münasibətlərlə bağlı mövqeyini ortaya qoymuşdu. Başqalarını antitürkiyə mövqelərinə görə ittiham etməyə gəlincə “Yeni Azərbaycan” uzağa getmədən özünün ötən saylarına nəzər salsın!