Komitə sədrinin qohumunu döyüblər?

Naftalanda qaçqın qadınların department rəhbərini lomla vurduqları haqda xəbər yayılıb

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Deportasiya Departamentinin müdiri Elman İsmayılov fevralın 2-də Naftalanda məcburi köçkünlər tərəfindən döyülüb. Bu barədə “Yeni Müsavat” qəzeti Naftalandakı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, hadisə Goranboy rayonunda qaçqınlar üçün inşa edilən şəhərcikdəki evlərin bölüşdürülməsi zamanı baş verib. Elman İsmayılovla məcburi köçkünlər arasında mübahisə düşüb. “Qaçqınkom” rəsmisi məcburi köçkünləri ağır ifadələrlə təhqir edib. Onun bu davranışı isə qarşıdurmaya səbəb olub. Bir qrup kəlbəcərli məcburi köçkün qadınla E.İsmayılov arasında münaqişə yaranıb və qaçqın qadınlar ona lomla zərbələr endirib.
Qeyd edək ki, E.İsmayılov “Qaçqınkom”un sədri Əli Həsənovun kürəkənidir.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimov “Yeni Müsavat”a belə bir hadisənin baş verdiyini təkzib edib. E.İsmayılovun Naftalanda olduğu isə təsdiqlənib.