Əliyev hansı prinsipial məsələ ilə bağlı mövqe bildirib?!

«Ilham Əliyevin sükutu Türkiyə ictimai-siyasi xadimlərinin diqqətindən yayınmayıb»

Müsavat başqanı Isa Qəmbər Türkiyəyə səfərdən qayıdıb. Bu baxımdan onunla müsahibəyə Türkiyə səfəri ilə bağlı sualla başladıq:

– Isa bəy, Türkiyə səfəriniz necə keçdi, bu ölkənin ictimai-siyasi dairələrində keçirdiyiniz görüşlər barədə nə deyə bilərsiz?
– Mən Türkiyəyə Böyük Birlik Partiyasının qurultayında işitirak üçün aldığım dəvət əsasında getmişdim. Lakin qurultayda iştirak etməklə yanaşı zamandan yararlanaraq Türkiyədə ictimai-siyasi qüvvələrin təmsilçiləri ilə təmaslarım oldu. Hakim partiya AKP-nin baş katibi Haluk Ipək, ana müxalifət partiyası olan CHP-nin başqanı Kamal Kılıçdaroğlu, MHP-nin başqanı Dövlət Baxçalı, Demokrat Partiyasının başqanı Namiq Kamal Zeybeklə səmərəli görüşlərimiz oldu. Təbii ki, Böyük Birlik Partiyasının qurultayında partiyanın başqanı Mustafa Destici və digər təmsilçiləri ilə də təmas qurmaq imkanı əldə etdik. Həmçinin Türkiyədə fəaliyyət göstərən önəmli ictimai təşkilatlarla faydalı görüşlər keçirdik. Bu sırada xüsusilə Türk Ocaqları təşkilatını qeyd etmək istəyirəm. Əsası Mustafa Kamal Atatürk və Türkiyənin, Azərbaycanın dəyərli ideoloqları tərəfindən qoyulan bu təşkilat indi də qardaş ölkənin həyatında mühüm rol oynayır. Təşkilatın rəhbəri Nuri Gülgül Azərbaycana həmişə diqqət və qayğısı ilə seçilib. Onunla da maraqlı görüşümüz oldu. Dəyərli diplomat və cəsarətli qələm sahibi Turqut Ərlə görüşümüz də xüsusilə qeyd edilməlidir. Bundan başqa Türkiyədə yaşayan şimallı, cənublu soydaşlarımızla görüşdük. Əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal və təşkilatın rəhbərliyilə görüşümüz xüsusi qeyd edilməlidir. Fürsətdən istifadə edib Məhəmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində onun Ankaradakı müqəddəs məzarını da ziyarət etdik. Hesab edirəm ki, hər bir belə ziyarət bunu edənlərə əlavə güc, qüvvət verir. Bütün görüşləri sadalamaq çətindir. Qısaca onu deyim ki, Türkiyə səfəri həddindən artıq mühüm bir səfər oldu. Çünki indiki məqamda bu ölkənin siyasi dairələri ilə təmaslar həddindən artıq önəmli idi. Mən də görüşlərdə Ictimai Palatanın, Müsavatın mövqiyini təqdim edə bildim.

– Görüşlərinizdə Fransa Senatının qəbul etdiyi “inkar qanunu”na rəsmi Bakının ehtiyatlı reaksiyası, Ilham Əliyevin hələ də bu məsələ ilə bağlı sükut etməsi müzakirə olundumu və bu mövqe necə dəyərləndirildi?  
– Əksər görüşlərdə təbii ki, əsas mövzu Fransa Senatının qəbul etdiyi məlum qanun idi. Böyük Birlik Partiyasının qurultayında mən Ictimai Palatanın, Müsavatın bu məsələ ilə bağlı mövqeyini ifadə etdim. Həmçinin Azərbaycan ictimaiyyətinin bu məsələylə bağlı ciddi mövqe sərgiləməsinə baxmayaraq Ilham Əliyevin sükut etdiyini vurğuladım. Fransanın Azərbaycanda etimadını itirdiyi üçün Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması zərurətini qeyd etdim. Və bizim təklifi səsləndirdim. Yəni, Türkiyə-Azərbaycan strateji şurası bir araya gələrək vəziyyəti dəyərləndirməli və ən azı 2015-ci ilə qədər bu məsələlərlə bağlı birgə qərarlar qəbul edib birlikdə həyata keçirməlidir.
Mən görüşlərin bütün detallarını açıqlamağı doğru hesab etmirəm. Amma onu qeyd edim ki, görüşdüyüm qüvvələrin mövqeyi Azərbaycan cəmiyyətinə kifayət qədər bəyan olunmuş, təqdim olunmuş mövqelər idi. Sadəcə bu mövqelər görüşlərdə daha aydın və daha sistemli şəkildə səsləndirildi.
Təbii ki, Ilham Əliyevin sükutu, Azərbaycanın rəsmən ehtiyatlı mövqe tutmaması Türkiyənin ictimai-siyasi xadimlərinin, araşdırmaçılarının və qəzetçilərinin diqqətindən yayınmayıb.

– Sizcə, Ilham Əliyevin sükutu nə ilə bağlıdır?
– Ilham Əliyev hansı prinsipial məsələ ilə bağlı mövqe bildirib ki?! O, bütün dövlətlərlə xarici siyasətin qurulmasında öz maraqlarından çıxış edir. Və heç bir dövlətlə problem yaratmamaq xəttinə üstünlük verir. Bu da mümkün deyil. Çünki dünya çox mürəkkəb dünyadır. Dövr də kifayət qədər mürəkkəbdir. Maraqların toqquşduğu bir dönəmdə yaşayırıq. Belə dönəmdə ortaya mövqe qoymaq tələb edilir. Ilham Əliyev isə prinsipial məsələlərdə ortaya mövqe qoymaq iradəsinə malik deyil.

– Müsavat başqanlığından gedəcəyinizi bəyan etdikdən sonra bu addımı atmamaqla bağlı, hətta Türkiyədən sizə çağırışlar oldu. Fikrinizi dəyişməməsiniz ki?
– Azərbaycan cəmiyyətinə və “Azadlıq” qəzetinin jurnalistlərinə də bəllidir ki, mən fikrini dəyişən adamlardan deyiləm.

– Mehman Cavadoğlu başqanlığın rotasiya qaydasında həyata keçirilməsini təklif edib. Bu təklifi necə dəyərləndirirsiz?
– Hər kəsin öz fikrini bildirmək azadlığına həmişə hörmətlə yanaşmışam, indi də hörmətlə yanaşıram. Və indiki mərhələdə səslənən fikirləri, təklifləri şərh etməyə ehtiyac duymuram.

Vidadi