Ermənilərin Sumqayıt həyasızlığı

Onlar Sumqayıt hadisələrini soyqırım kimi qəbul etdirmək istəyir

Aslan Ismayılovun dedikləri təsdiqlənir

Ermənilər 1918-ci il “soyqırımından” sonra 1988-ci il fevralın 27-də Sumqayıtda baş verən hadisələri soyqırım kimi qəbul etdirmək istəyir. Artıq bu barədə ABŞ-ın Kaliforniya ştatının qanunverici orqanında məsələ qaldırılıb. Ermənilər çalışır ki, hadisələrin ildönümünə qədər məlum qətnaməni qəbul etdirsinlər. Bu xəbəri “Reqnum” agentliyi Erməni Milli Komitəsinin rəsmi saytına istinadən yayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl “Sumqayıt: SSRI-nin süqutunun başlanğıcı” adlı kitabın müəllifi, tanınmış vəkil Aslan Ismayılov belə bir təhlükə ilə bağlı Azərbaycan hökumətini xəbərdar etmişdi. Aslan Ismayılov bildirmişdi ki, ermənilər Sumqayıt hadisələrinin də soyqırım kimi tanınmasına çalışır. Vəkil Azərbaycan hökumətinin bunun qarşısını almaq üçün dayanmadan iş aparmasını tövsiyə etmişdi.
Yeri gəlmişkən, Aslan Ismayılov “Sumqayıt: SSRI-nin süqutunun başlanğıcı” kitabını sənədlər əsasında yazıb. Vəkil o zaman hadisələrin təşkilatçısı Eduard Qriqoryan və dəstəsinin məhkəmə prosesində dövlət ittihamçısı olub. Aslan Ismayılov dövlət ittihamçısı olaraq erməniləri ifşa etdiyinə və Sumqayıt hadisələrinin əsl mahiyyətini açdığına görə təzyiqlərə məruz qalıb. Lakin təzyiqlərə rəğmən o işini davam etdirib. Bununla belə “Qriqoryan işi” o zamanki rəhbərlik tərəfindən ört-basdır edilib. Bu faktlar “Sumqayıt: SSRI-nin süqutunun başlanğıcı” kitabında yer alıb. Ümumiyyətlə bu kitab Sumqayıt hadisələrinin mahiyyətini bilmək üçün yeganə mənbədir. Lakin nədənsə hökumət bu kitabın təbliğində və yayılmasında maraqlı görünmür.

Azad