Etiraf edim ki, çox təəccübləndim. Milli Məclisdə Şimali Azərbaycan, Cənubi Azərbaycan kəlmələrini dilə gətirmək! Bu, bizim adət etdiyimiz Milli Məclisə bənzəmir. Bunu ən azı ona görə siyasi konyunktura hesab etmirəm ki, daha Milli Məclis əvvəlki deyil, elə deputatlar da əvvəlkilər deyil, onların tək çıxış və bəyanatları reqlamentləşdirilmir, həm də dediklərinin məzmunu belə, çox ciddi şəkildə reqlamentləşdirilir. Onda bəs nə baş verir?
1. Əvvəlcə onu deyim ki, bir-iki çıxışdan uzağa gedən nəticələr çıxarmaq o qədər də təqdir edilən tendensiya deyil və bəndəniz də o qədər də sadəlövh şəxs deyil.
2. Amma YAP-ın deputatları hədsiz dərəcədə ehtiyatlıdırlar. Bu vaxta qədər Cənubi Azərbaycan, bölünmüş millət kəlmələri onların siyasi leksikonuna o qədər də yaxın olmayıb, siz onların çıxışlarında nəinki bunun izini, hətta bu məsələyə işarəni belə, tapmazsınız. Fəqət, birdən-birə bu haqda danışmaq icazəli sayılır. Söhbət də bu icazədən gedir. Təbii ki, son vaxtlar Azərbaycan və Iran münasibətlərində çox böyük gərginlik duyulur. Bu baxımdan mövzu ətrafında siyasi gəzişmələri bir siyasi demarş da hesab etmək olar. Lakin bu, sualın tam cavabı deyil. Həqiqətən də sual yaranır: səbəb təkcə budurmu?
3. Mən geosiyasi işarəni və siqnalı da istisna etmirəm. Bu vaxta qədər bizim hakimiyyət adamları bütün cidd-cəhdlə bölgədəki geosiyasi planlardan və niyyətlərdən kənarda durmağa çalışırdılar. Onlar bölgənin yeni geosiyasi və geoiqtisadi arxitekturasında sanki iştirak etmək istəmirdilər. Lakin hətta adi adamlar, siyasətdən kənar olanlar başa düşür ki, Iran üçün nə edirsən, et, o, Azərbaycana münasibətini dəyişən deyil. Ola bilsin, 19 illik hakimiyyət dərsi və praktikası YAP-çıları da bu qənaətə gəlməyə vadar edib. Əgər belədirsə, biz bundan məmnunluq duyduğumuzu gizlətmirik və Cənubi Azərbaycan və onun perspektivi ilə bağlı məqamların bütün cəfasını bölüşməyə hazırıq. Bir məsələni bilmək lazımdır: biri var cari siyasət, biri də var ümummilli məsələ və problemlər. Ikincisi bir olmağı və bir-birinə çiyin verməyi tələb edir, biz də bundan qaçmırıq. Təəssüf ki, son vaxtlar Cənubi Azərbaycan məsələsi o qədər unudulub ki, lap siyasətin kontekstindən çıxarılıb. Lakin bu mövzunun da yaşamağa haqqı var. Bəli, bir vaxt vardı ki, bu mövzu hətta ədəbiyyatda geniş şəkildə işlənirdi. Indi yeni nəsil gəlir. Biz onlara hansı ümummilli hiss və ideyaları aşılayırıq? Onların qəlbində bir boşluq olmayacaqmı? Nədən bu qəlblər Təbrizlə döyünməsin, onunla qovuşmaq üçün çırpınmasın?! Cənub mövzusuna yeni həyat vermək lazımdır – bunu millətin maraqları tələb edir.
3.Hətta milli haqları bir tərəfə qoysaq, bu, həm də insan haqları məsələsidir.
Nədən 20-30 milyon insan ən adi hüquq və azadlıqlardan məhrum olmalıdır?
Siyasət bir tərəfə, bunu heç insaf götürərmi? Bu, heç 21-ci əsrin ruhuna və ritminə uyğundurmu? Biz başqa xalqların azadlıq əldə etməsindən bir qürur duyuruq, fəxr edirik. Bəs öz xalqımız? Bəlkə biz nə vaxtsa “Təbriz baharı”nı da yaşayacağıq? Kim bilir? Bu dünyada nələr olmur?
Mən siyasətə və mətbuata romantizm dövründən gəlmişəm. Ona görə mən bu sətirləri yazanda öz daxili məntiqimə inanaraq yazıram. Çox şey əvvəllər xəyal hesab edilib, xəyal sayılıb, lakin sonda gerçəkləşib. Təbriz məsələsi o xəyallardan biri sayılır. Amma bir gün gələcək, o, gerçək olacaq. Buna zərrə qədər şübhəniz olmasın!
Ziya həm də işıq deməkdir!
Hə, səhv etmirəmsə, belədir. Mən mövzunu dəyişməklə yüksək materiyadan aşağı enmirəm. Elə Cənub məsələsi də ziya məsələsidir, aydınların işidir. O gün ziyalılara yaradılan əngəllər haqda oxudum. Təəssüf. Lakin mən burada demək olar ki, hər gün təqiblər yaşayan cənublu ziyalılarımızı da xatırlamaq istərdim. Bilirsiniz, ziyalı həmişə dövrünün adi insanlarından, lap elə siyasi konyunkturadan, cari siyasətdən bir-iki addım irəlidə, öndə olmalıdır. Onlar elə məhz buna görə də ziyalı adlanır, çünki hamı onların işığına toplaşır. Siz o işığı duyursunuzmu? Təbrizə aparan yoldakı işığı deyirəm…