Vəkil Elçin Sadıqov: “Bir nəfər Rafiq Tağını iş yerinin yaxınlığından izləyib və qatilə xəbər verib”
Qətlə yetirilən yazar Rafiq Tağının ailəsinin qanuni nümayəndəsi olan vəkil Elçin Sadıqov “Media forum” saytının suallarını cavablandırıb.
– Baş Prokurorluq və Daxili İşlər Nazirliyi fevralın 2-də Rafiq Tağının qətlini araşdırmaq üçün yaradılan istintaq qrupunun fəaliyyəti haqda açıqlama yayıb. Açıqlama sizi qane etdimi?
– İstintaq qrupunun fəaliyyəti ilə bağlı bizə qanunla verilməli olan hər hansı məlumat almamışıq. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, vəkil Elçin Sadıqovun vəsatətinə qanunla müəyyən olunmuş qaydada cavab verilib. Amma bu doğru deyil. Əgər bizə qanunla müəyyən olunmuş qaydada cavab verilsəydi, məhkəməyə şikayət etməzdik. Biz məhkəməyə şikayət edəndən sonra həmin vəsatətlərin rədd olunması haqda qərar qəbul olunub. Bu, cinayətin üstünün ört-basdır edilməsinə hesablanıb.
İstintaq qrupunun fəaliyyəti qənaətbəxş olsaydı, onda cinayətin üstünün açılması ilə bağlı nəticə əldə edilərdi, ən azı hər hansı ehtimallar, fərziyyələr olardı. İstintaq qrupu faktiki olaraq heç bir fəaliyyətlə məşğul olmadan, tədbir görmədən, zərərçəkən tərəfə qanunla verilməli olan məlumatları vermədən özünü tərifləməklə məşğuldur. Bu həm Baş Prokurorluğun, həm Daxili İşlər Nazirliyinin istintaq qrupuna, həm də iki qurumun birgə istintaq qrupuna aiddir, bunlar yalnız özlərini tərifləyirlər. Ortada isə heç bir nəticə yoxdur.
– Zərərçəkən tərəfə qanunla verilməli olan məlumatlar hansılardır və necə təqdim edilməlidir? Hüquq mühafizə orqanları istintaq sirrini əsas gətirib mətbuata heç bir məlumat vermir. Zərərçəkən tərəfin istədiyi məlumatlar istintaq sirrinə xələl gətirmir ki?
– Əgər məlumat cinayətin üstünün açılmasına əngəl törədə bilərsə, onda həmin istintaq sirrini qorumaq, heç kimə informasiya verməmək qanuni məqsəd daşıyar və buna heç kəs etiraz etməz. Amma elə məlumatlar var ki, onlar birbaşa cinayətin üstünün açılmasına xidmət edir, bunun qarşısını almır. Bizim vəsatətlərimiz də bununla bağlıdır və cinayətin üstünün açılmasına, Rafiq Tağının qatillərinin tapılmasına hesablanıb. Vəsatətlərimiz təmin olunmadığı halda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, kameralara baxış keçirilib, filan iş olub…
İstintaqın hər hansı məlumatının zərərçəkmiş tərəfdən gizlədilməsi məntiqli deyil. Çünki zərərçəkmiş tərəf cinayətin üstünün tez açılmasını istəyir. Bizim qanuni məqsədimiz cinayətin üstünün tez bir zamanda açılması və cinayətkarların, cinayətin sifarişçilərinin tez bir zamanda ortaya çıxmasıdır. Əgər istintaq qrupu cinayətin üstünün açılması üçün işlər görürsə, bunun bizdən gizlədilməsinin məntiqi əsası yoxdur.
Biz doqquz vəsatət qaldırmışdıq. Bura ərazidəki kameralardan məlumatların götürülməsi, telefonların siyahısının çıxarılması və başqaları daxildir. Bunlar təmin olunmalı idi. Amma istintaq qrupu apardığı araşdırmada bunları təmin etməyib. Digər tərəfdən isə istintaq qrupu həmin məlumatları araşdırma nəticəsində də əldə edib bizə təqdim etməli idi. Yəni ola bilər ki, həmin kameralara bizim şübhələndiyimiz, tanıdığımız, nə vaxtsa Rafiq Tağını izlədiyinə şahid olduğumuz insanlar düşüb. Elə telefon nömrələri ola bilər ki, bizdə şübhə yaradar. Ona görə də ərazidə olan kameraların çəkilişləri götürülməli, telefon nömrələrinin siyahısı çıxarılmalı və zərərçəkmiş tərəfin iştirakı ilə onlara baxış keçirilməlidir. Cinayətin üstünün açılması üçün istintaq qrupu öz məlumatlarını zərərçəkmiş tərəflə paylaşmalıdır. Rafiq Tağının qətlə yetirilməsi adi bir cinayət deyil, burada yazıçının, jurnalistin öldürülməsindən söhbət gedir. Burada xüsusi təşkil olunmuş bir qətl mexanizmi mövcuddur.
– İstintaq qrupunun Rafiq Tağının ölümündə həkimlərin məsuliyyətinin olmaması haqda verdiyi rəylə razısınızmı? İstintaq bunu müəyyənləşdirmək üçün araşdırma aparıbmı, həkimlər dindirilibmi, xəstəxanaya baxış keçirilibmi, istifadə olunan dərmanların tərkibini müəyyənləşdirmək üçün kimyəvi, bioloji ekspertizalar keçirilibmi, tibbi avadanlıqların vəziyyəti yoxlanılıbmı?
– Bu rəylə razı ola bilmərik. Ona görə ki, istintaq orqanı həkimlərin məsuliyyəti məsələsini araşdırmayıb və bununla bağlı verdiyimiz vəsatəti rədd edib. İstintaqın əsas məqsədi Rafiq Tağının qətlini adi kriminal hadisəyə çevirmək və cinayətin üstünü açmamaqdır, ört-basdır etməkdir. Ona görə də verdiyimiz vəsatətləri rədd edirlər. Hesab edirik ki, araşdırma aparmadan həkimlərin məsuliyyətinin olmaması qənaətinə gəlmək ən azından çox böyük ədalətsizlikdir və işə qərəzli yanaşmadan xəbər verir.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatından görünür ki, istintaq Rafiq Tağının müalicə metodikasını ümumiyyətlə araşdırmayıb. Bunu araşdırmadan həkimlərin fəaliyyətinə düzgün qiymət vermək mümkün deyil, bunu doğru hesab etmirəm. Rafiq Tağının ölümündə həkimlərin günahının olmaması haqda verilən rəy tamamilə qanunsuzdur.
– Yəni həkimlərin dindirilməsi, baxış, ekspertiza keçirilməyib?
– Xeyr, heç biri olmayıb, həkimlərin məsuliyyəti araşdırılmayıb. Əgər bizim bununla bağlı vəsatətlərimiz rədd edilibsə, bu, heç bir araşdırmanın aparılmadığını deməyə əsas verir.
– Siz həkimlərin məsuliyyətinin hansı formada müəyyənləşdirilməsini istəyirdiniz? Xüsusilə hansı məsələ araşdırılmalı idi – müalicə metodu, dərmanların tərkibi, tibbi avadanlıqların vəziyyəti, xəstəxanada olduğu müddətdə Rafiq Tağının təhlükəsizliyinin təmin olunması?..
– İlk növbədə Rafiq Tağının reanimasiyadan tez çıxarılmasının səbəbləri araşdırılmalıdır və buna görə məsuliyyətin kimin üzərinə düşdüyü müəyyənləşdirilməlidir. İkincisi, aparılan cərrahiyə əməliyyatının keyfiyyəti müəyyən olunmalıdır. Ölümün səbəbləri haqda ekspertiza rəyini elan edəndə orada müəyyən şübhəli məqamlar vardı, həkimlər şübhəli əsaslara istinad edirdilər və ekspertizanın rəyini bizə vermirdilər. Əgər cərrahiyyə əməliyyatından sonra xəstədə belə kəskin pisləşmə baş verirsə, bu, əməliyyatın qəsdən keyfiyyətsiz həyata keçirildiyini deməyə əsas yaradır. Yəni Rafiq Tağının həmin cərrahiyyə əməliyyatı nəticəsində öldüyünü demək olar. Əgər Rafiq Tağı aldığı bıçaq zərbələrindən ölsəydi, bu, üç gün ərzində olardı. Onun cərrahiyə əməliyyatından sonra ölməsi həkimlərin məsuliyyətini heç bir halda istisna etmir və edə bilməz.
Ona görə də Rafiq Tağı ilə təmasda olan həkimlər dindirilməli, reanimasiyanın kameralarının çəkilişləri, dərmanların siyahısı götürülməlidir. Ən əsası isə həkimlərin ünsiyyət dairəsi müəyyənləşdirilməli, onların xariclə, ölkə daxilindəki hansı qruplaşmalarla əlaqələri olduğu yoxlanılmalıdır. Çünki Rafiq Tağı hansısa həkimə verilən sifarişlə də qətli yetirilə bilər. Bu da ola bilər.
– Dərmanların tərkibi ilə bağlı şübhələriniz varmı?
– Belə bir şübhəmiz var. Məsələ ondadır ki, Rafiq Tağının xəstəlik tarixini bizə verməkdən imtina edirlər. Xəstəlik tarixini vermədiklərinə görə həkimlərin hansı dərmanlardan istifadə etdiyini bilmirik.
– Xəstəxana bunu verməlidirmi? Adi hallarda necə olur? Mənim bildiyimə görə, dünyasını dəyişən şəxsin xəstəlik tarixçəsi mütləq onun yaxınlarına təqdim olunur.
– Xəstəlik tarixçəsi mütləq verilir və verilməlidir. Bizə deyirlər ki, xəstəlik tarixini prokurorluğa vermişik və bunu əsas gətirib yaxalarını kənara çəkirlər. Biz də prokurorluqdan istədik. Mənfi cavab verdilər, dedilər ki, vermirik və vəsatətimizi təmin etmədilər.
– Rafiq Tağının ölümündə həkimlərin məsuliyyətinin müəyyənləşdirilməsi üçün etdiyiniz cəhdlər bir nəticə verməyib. Qənaətiniz nədən ibarətdir? Sizcə, niyə belə olur?
– Bütün bunlar bir sıra şübhələr yaratmaqla yanaşı ölümün gerçək səbəbinin ört-basdır edilməsi ehtimalını ortaya çıxarır. Bunu istintaq qarşısında da qaldırmışdıq. Orada göstərmişdik ki, bizim belə bir ehtimalımız var ki, Rafiq Tağının ölümünü xəstəxanada qəsdən təşkil ediblər. Hesab edirəm ki, istintaq orqanı bu versiyanı araşdırmaqdan imtina edə bilməzdi, ən azı bunu araşdırmalı idi. Çünki ortada bu boyada obyektiv dəlillər və şübhələnməyə əsas verən hallar var.
– İstintaq qrupunun fəaliyyəti haqda yayılan məlumatda deyilir ki, baş prokuror və daxili işlər naziri indiyədək irəli sürülən fərziyyələri dinləyiblər və istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəldiblər. Bunun hüquqi şərhi nə deməkdir?
– İstintaqın hansı fərziyyələr irəli sürməsi, araşdırması, necə mövqe tutması zərərçəkmiş şəxs olaraq bizə aydın deyil. Bizim fərziyyələrimizin araşdırılmasından rəsmi olaraq imtina edilib. Belə bir ehtimal ola bilər ki, yeni göstəriş bizim fərziyyələrimizin araşdırılması haqdadır. Bunu da istisna etmirəm. Amma yenə də bizə heç bir məlumat verilməyib. Əgər istintaqın irəli sürdüyü fərziyyələr həqiqətə yaxın, yaxud obyektivliyə yaxın olsaydı, bu cinayətin üstü çoxdan açılardı. Əgər buna adi kriminal hadisə kimi yanaşırlarsa, bu, doğru deyil.
– Sizin ehtimalınız varmı?
– Biz bununla bağlı ehtimallarımızı hələlik açıqlamaq istəmirik. Təbii ki, ehtimallarımız var. Bunu məhkəmə araşdırmasından sonra açıqlamaq istəyirik. Çünki məhkəmədə yeni vəsatətlər qaldıracağıq.
– Vəsatətlərinizin təmin olunmamasından apellyasiya şikayəti vermişdiniz. Şikayətinizə nə vaxt baxılacağı məlumdurmu?
– Apellyasiya şikayətinə fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. Bizi verdiyimiz vəsatətlə bağlı Nəsimi Rayon Məhkəməsinə məhkəmə baxışına çağırmışdılar. Orada isə elan etdilər ki, məhkəmə işi geri qaytarıb. Biz də bundan apellyasiya şikayəti vermişik və ona baxılacaq.
– İstintaq qrupu Rafiq Tağının hərəkət marşrutunda olan 39 kameranın görüntülərinə baxıb, təhlil edib. Sizcə, onu bıçaqlayanların kameraya düşməsi ehtimalı varmı? Əgər varsa, niyə indiyədək heç kim həbs olunmayıb?
– Hesab edirəm ki, ilk növbədə kameralara düşən avtomobillərin dövlət qeydiyyat nömrələri araşdırılmalıdır. Əgər bu araşdırılsa, cinayətkarı tapmaq mümkündür. Fərziyyə irəli sürməkdənsə avtomobillərin kimə məxsus olduğu və sahiblərinin fəaliyyəti araşdırılmalıdır.
Biz hadisə yerində dəfələrlə ekspertiza keçirmişik. Hesab edirik ki, cinayətkar və ya cinayətkarlar mütləq kameralara düşüb. Kameralara ətraflı baxılması və ərazidəki telefon danışıqlarının hansı telefon nömrələrindən aparıldığının müəyyənləşdirilməsi cinayətin üstünün açılması üçün kifayətdir. Çünki biz birmənalı olaraq belə bir fərziyyə irəli sürürük ki, bir nəfər Rafiq Tağını iş yerinin yaxınlığında gözləyib, izləyib, hadisə yerinə gəlib və ora az qalmış qatilə xəbər verib.
– Bəs hadisənin şahidləri necə, varmı?
– Rafiq Tağını bıçaqlayan qatilin məqsədi onu öldürmək olub. Amma qatil öz iradəsindən asılı olmayaraq niyyətini tam yerinə yetirə bilməyib. Ehtimal edirik ki, Rafiq Tağı qışqırdığına görə qatil onun səsini kənarda olan insanların eşitməsi ehtimalından qorxub.
Xəstəxanada baş verən ölüm bıçaqlanma cəhdinin davamdır. Biz hadisə yerində araşdırma apardıq, ekspertiza keçirdik. Bıçaqlanma gecə baş verib. Belə vaxt küçədə adam çox az olur. Həmin yerdə daimi işləyən, yaşayan insanların hadisəni görmə ehtimalı çox azdır. Ona görə də hər hansı şahid tapa bilməmişik. Bunu istintaq tapa bilər. Biz hesab edirik ki, qatilin öz niyyətini tam yerinə yetirə bilməməsi hadisə yerində başqa insanın, şahidin olmasının nəticəsidir.
– Əgər siz tapmamasınızsa, istintaq şahidi necə müəyyənləşdirə bilər?
– Bu, istintaq üçün çox asan işdir. Sadəcə olaraq ərazidən keçən avtomobillərin nömrəsini və telefonların siyahısını çıxarmaq lazımdır.
– İstintaq sizin müsahibədə cavablandırdığınız suallara cavab versəydi, Rafiq Tağının qətlinin üstü açılmış olardı?
– Təbii ki…