Dünyanın ən böyük bayrağı Azərbaycanda ucaldılıb.
Dünyada ən böyük monitor Azərbaycanda quraşdırılıb.
Dünyada ən hündür bina Azərbaycanda tikiləcək…
Azərbaycana bələd olmayanlar bunları eşidəndə yəqin ki, bizlərin nə qədər xoşbəxt və firavan yaşadığımıza həsəd aparırlar.
Bizim astarımıza bələd olanlar isə sadəcə, təəssüf hissi keçirmir, eyni zamanda halımıza acıyır.
Bir məmləkətdə acından yatmayan körpələrin varlığında, qocaları 5 gün insan kimi yaşamağa çatan 90 manatlıq təqaüdlə ayı başa vurmağa məcbur olduğu bir zamanda belə ƏN-ləri ərsəyə gətirənlərin millətə yönəlik hərəkətinin tək bir adı var: Düşmənçilik!
Belə olmasaydı, insan amili öndə dayanardı. Bu rejim üçün INSAN amili ikinci-üçüncü dərəcəli bir şeydir. Heç bir sivil dövlət vətəndaşlarının qarnını doydurmadan belə işlərə əl qoymaz.
Ziyalısı mədəsinin problemləri ilə əlləşən, əli silah tutan kişiləri ailəsini dolandırmaq üçün cəlayi-vətən olan, kəndlərdə evlərin az qala yarısının qapısı qıfıllanan, işsizlik tüğyan edən bir ölkədə Ginnesin kitabına düşəcək rekordlara imza atmaq tər-təmiz anormallıqdır ki, var.
Bir ovuc harın məmur milyonlarla manatlıq villalarda fironlar kimi yaşayır. Yüz minlərlə, milyonlarla vətəndaş isə yaşamaq üçün mücadilə aparır. Millətin sərvəti olan neftdən gələn gəlirlər səfeh ideyaların reallaşmasına yönəldilir.
Milyonlar, milyardlar əlahəzrət keçdiyi yolların sağ-solundakı binaların fasadlarının bahalı üzlüklərə örtülməsinə, balkonlara plastik aynabənd qoyulmasına sərf edilərkən, kimsə o binalarda yaşayan kasıbların birinin evinə gedib bom-boş soyuducuya nəzər yetirdimi? Sizcə, onlar bunu edərlərmi, heç?
Yollar bir qar yağışından sonra milyardların havaya sovrulduğunu təsdiq edir.
Ölkədə 100 mindən artıq yetim uşağın mövcudluğunda milyonlar xərcləyib Elton Con adlı anormal bir müğənnini Bakıya konsert verməyə gətirir, beynəlxalq caz festivalı düzənləyirlər.
Bir sual edən yoxdur ki, torpağının 20 faizi işğalda olduğu halda, vətəndaşın qürursuz yaşadığı bir zamanda hansı haqla gey müğənnini Bakıya gətirirsən.
Deyən yoxdur ki, sənin vətəndaşının bazardan başı açılmır ki, muğamı dinləsin, caz onun harasına yaraşır.
Bəlkə mental xüsuslarımız tələb edir bunu? Bəlkə xalq gecə-gündüz sifariş yollayır, tələb edir ki, gey Elton Conu Bakıya gətir, caz festivalı düzənlə? Yaxınlarda mədəniyyət sistemində çalışan bir tanışım söylədi ki, Maykl Ceksonu Azərbaycana gətirmək istəyirdilər, adam öldüyü üçün arzuları gözündə qaldı. Indi o adamlar məşhur Braziliya müğənnisi və rəqqasəsi Mulher Melancia ilə danışıqlar aparırlar. Bilməyənlərin bilməsi üçün yazıram, Mulher Melanciya seksual rəqsləri ilə tanınıb və onun “Velocidade” rəqsi braziliyalıların məşhur “Lambada”sını belə kölgədə qoyub. Inşallah, əvvəl Mulher Melanciya gələr, sonra Bakıda geylərin paradı keçirilər və daha sonda da “Eurovision-2012″ yə ev sahibliyi etməklə ”ƏN”-lərimizin sayını artırarıq…
Hansından yazasan, hansını deyəsən ki, az da olsa təskinlik tapasan. Azərbaycanın bütün yaşayış məntəqələrini, dövlət idarələrini “ulu öndərin” heykəlləri, büstləri ilə bəzəyirlər. Özü də dünyada heykəllərin boynuna ip salınma kampaniyası start götürdüyü bir zamanda edirlər bunu. Hara gedirlər, nə düşünürlər, görən bu zatlar?
Bu qənaətdəyəm ki, bunlar varlandıqca xalqdan uzaqlaşır, onun mənəvi dəyərlərinə sayğı göstərmirlər. Və bu uzaqlaşmanın nəticəsidir ki, arsızlaşırlar, utanmırlar.
Açın rejimə nökərçilik edən telekanallara baxın, nə qədər arsız, utanc hisslərindən məhrumlar orada meydan sulayır. Dəhşətdir, 20 faiz torpağı 20 il düşmən işğalında qalan bir milləti deqradasiyaya məruz qoyurlar.
Gecə-gündüz çal-çağır, zurna-balaban və qol götürüb oynayırlar. Yaralı vətənin iniltisinin fərqində deyillər. Atalar yaxşı deyib, utanmasan oynamağa nə var ki.
Oynayın cənablar, oynayın, yıxılana qədər oynayın…