Qucaqdolusu qəzetdən böyük gözəllik…

Bilirsiniz ki, ölkəni feodal qaydaları ilə idarə edib, amma məsələn, 165 nömrəli marşrutu intellektual yolla idarə etmək istəyən hökumətimiz Bakıda qəzetlərin əlyayımı ilə satışını yasaqlayıb. Səbəb? Bakının gözəlliyini korlayırmış…

Bakının gözəlliyi varmış, bizim xəbərimiz yoxmuş. Nədir axı bunların gözəllik anlayışı? Qazıb-tökdükləri küçələrmi, zövqsüzcə, hər cür estetikadan uzaq, sadəcə, kimlərinsə qaz vurub qazan doldurmaq ehtirasının məhsulu olan göydələnlərmi?
Bunlar Bakını özəlləşdirməklərinə Bakını gözəlləşdirməkmi deyirlər, yoxsa? Korrupsiya indiyədək haranı gözəlləşdirib ki, Bakını da gözəlləşdirsin?
Lap deyək ki, Bakını gözəlləşdirmisiniz… Elə isə, bir nəfərin hər addımda ucaltdığınız, adamın əsəblərini korlayan, ruhunu zorlayan daş heykəlləri Bakının gözəlliyini korlamır da, canlı heykəllərmi korlayır Bakını?
Bəli, mən onlara canlı heykəl deyirəm, çünki doğrudan da hər biri canlı heykəldir onların – səyyar qəzet satanların… Hər biri heykəli qoyulası, gözündən öpüləsi, qarşısında diz çöküləsi, baştacı ediləsi insanlardır.
Siz onların arxasınca polis sala, ordan bura, burdan ora qova, gen dünyanı başlarına dar edə bilərsiniz. Oysa, əlindən öpmək gərək qışın sazağında, yayın istisində, yağışda, qarda, boranda qucaqdolusu qəzetlə küçə-küçə, tin-tin, park-park, çayxana-çayxana dolaşan bu insanların. Qazancları qəpik-quruş olsa da, bu millətə qazandırmaq istədikləri o qədər çox şey var ki… Bilgi, xəbər, aydınlanma…
Hansı ki, bu məmləkətin insanının sizin o “daranqlet” qazonlarınızdan, musiqili fontanlarınızdan, buz meydançalarınızdan, xaricdən gətirdiyiniz ağaclardan daha çox onlara ehtiyacı var – bilgiyə, xəbərə, aydınlanmaya. Oxumağa, öyrənməyə, bilməyə, xəbərdar olmağa daha çox ehtiyacı var, bu ölkənin insanının.
Artırıb azaltmıram – qanım nə qədər qara olur olsun, nə qədər kefsiz, nə qədər kədərli olursam olum, fərqi yoxdur, harda bir qucaqdolusu qəzetlə sağa-sola çapan insan görsəm, eynim açılır. Gözlərim gülür. Ürəyim atlanır. Bakı da o anda gözəlləşir gözümdə, düz-dünya da. Sevinirəm, sevinməkdən ötəsi də var – bu şəhəri, bu ölkəni, bu dünyanı nə qədər sevdiyimin fərqinə varıram.
Ancaq gəl gör ki, bu ölkənin insanını kar, kor, lal görmək istəyən, beyinsiz, düşüncəsiz görmək istəyən… Bu milləti qafasından məhrum, yalnız qarnından ibarət bir topluma çevirmək istəyən… Oxumağı, öyrənməyi, bilgini, aydınlanmanı özünə düşmən, özünə təhlükə, özünə təhdid kimi görən bir zehniyyət “Bakının gözəlliyini korlayır” deyə, əldə qəzet satmağı yasaqlayır. Əmin olun ki, bunun sonrası da var: bu gün əldə qəzet satmağı xor görənlər sabah əlinə qəzet alanları da suçlu çıxarmağa, cinayətkar elan etməyə başlayacaqlar. Sabah ümumiyyətlə, ələ qəzet almaq yasaqlanacaq, görəcəksiniz.
Bunların mərifəti budur, bunların ağlına görə, əl varsa, büdcəyə uzanmaq üçün var, xalqın cibinə girmək üçün var, rüşvət almaq, bunca çirkinliyin, zülmün qarşısında dik dayananların başından basmaq, ciblərinə nəşə atmaq üçün var.
Amma əldə qəzet satmaq suçdur, əlinə qəzet götürmək cinayətdir. Budur bunların düşüncəsi! Budur bunların mərifəti!
***
Bu gün öləcəyimi bilsəm, “keşkə” deyəcəyim beş şey:
BIR: Keşkə bircə dəfə Eyfelə qalxmış olsaydım;
IKI: Keşkə bir “Qalatasaray” matçına getmiş olsaydım;
ÜÇ: Keşkə bircə yol ucqar bir rus kəndində qışlasaydım;
DÖRD: Keşkə Simonovun “Dirilər və ölülər”ini daha əvvəl oxumuş olsaydım;
BEŞ: Keşkə Tarantinonun “Alçaq köpəklər”inə yenidən baxmaq üçün vaxtım qalsaydı.
***
Əsəblərimə toxunan oxucu reaksiyaları – 1:
BIR: “Ürəyimdən tikan çıxdı”;
IKI: “Pis deyil, amma daha sərt yazmaq olardı”;
ÜÇ: “Şəxsləri yox, fikirləri müzakirə eləmək lazımdır”;
DÖRD: “Oxudum, yeni heç nə görmədim”;
BEŞ: “Bunu sizdən gözləməzdim”.