Misirdə futbol qətliamı: 73 ölü

Fevralın 1-də Misirdə futbol matçı savaşa dönüb. Port Səid şəhərində məşhur “El Ehli” və “El Masri” komandaları arasında keçirilən və yerli komandanın 3-1 hesablı qalibiyyəti ilə başa çatan oyundan sonra azarkeşlər meydana axışıb.

Qarşıdurma zamanı 73 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Yaralıların arasında durumu çox ağır olanlar var və buna görə də ölənlərin sayının artacağı istisna edilmir. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

“Əl-Əhram” qəzeti qonaq “El Ehli” komandasını hərbçilərin meydandan kənara çıxardığını yazıb. “Əl-Vefd” qəzeti isə xəbər verir ki, “El Ehli” komandasının azarkeşləri qalibiyyəti bayram etmək üçün meydana axışıb, ancaq azarkeşlər arasında olan təxribatçılar qarşıdurmaya yol açıblar. Meydanda odlu silahlardan istifadə edilib, ölənlərin çoxu isə kütlənin ayaqları altında qalaraq əzilənlər və başlarından zərbə alanlardır. Ən azı 2 futbolçu da yaralanıb.

Müsəlman Qardaşları Hərəkatı isə meydanda baş verən olaylara görə polisi və ordunu günahlandırıb. Hərəkatın sözçüsü Mahmud Gazlan deyib ki, ölkədə ciddi təhlükəsizlik problemi var: “Hüsnü Mübarək dönəmindən qalan polis yetkililəri və əsgərlər inqilab edən xalqı cəzalandırırlar”.

Bu arada Misir Futbol Federasiyası birinci liqa oyunlarını müddətsiz təxirə salıb. Ölkədə isə 3 günlük matəm elan olunub.