Ziyalılar həyəcan təbili çaldı (FOTOLAR)

«Ziyalılar Forumu» Azərbaycan gəncliyinin ağır durumunu təhlil etdi

“Ziyalılar Forumu”nun növbəti toplantısı ötən gün kinorecissor Rüstəm Ibrahimbəyovun evində baş tutdu. Forumun təsisçilərindən Eldar Namazov “Azadlıq” qəzetinə bildirdi ki, tədbir üçün dörd müxtəlif hotellə danışıq aparılsa da, onlar hamısı imtina ediblər. O deyib ki, müxtəlif maneələri aşmaq üçün forumun növbəti toplantılarını internet üzərindən canlı oaraq daha böyük auditoriyalara çatdırmaq barədə planları var. Dünənki tədbiri “Azadlıq” radiosu öz saytında canlı yayımladı.

Onlar ziyalılarlaydı

“Gənclərin sosial problemləri” adlı mövzu ətrafında keçirilən forumun işinə yazıçılar Əkrəm Əylisli, Mehriban Vəzir, alimlər Rafiq Əliyev, Cəmil Həsənli, Əli Abbasov, politoloqlar Eldar Namazov, Zəfər Quliyev, Zərdüşt Əlizadə, jurnalist Elçin Şıxlı, keçmiş deputat Gültəkin Hacıbəyli, QHT təmsilçiləri Vahid Qazi, Rəşid Hacılı, gənc fəallar və başqaları qatılıb. ANS telekanalında son çıxışı ilə səs-küy yaradan Rəşid müəllim də forumun iştirakçısı idi. ABŞ səfirliyinin əməkdaşları da forumu izləyirdilər.

“Rəsulzadəni də gəncləri seçdiyinə görə qınayıblar”

Forumun işi barədə Cəmil Həsənli qısa çıxış etdi. O, gənclərə yaradılan vəziyyətin acınacaqlı olduğunu, işsizliyin, narkomaniyanın gəncliyin bəlasına çevrildiyini dedi. M.Ə.Rəsulzadənin gəncliyə yanaşmasını təqdir edən tarixçi alim xatırlatdı ki, 1918-20-ci illərdəki AXC hakimiyyəti zamanı idarəetmədə gənclərin xüsusi çəkisi olub.

Gənclərə valideynlərinə və …əksinə təzyiq olunur

Cəmil Həsənlinin sözlərinə görə, hazırda ölkədə olan problemlər arasında gənclərin qarşılaşdığı çətinliklər xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın gələcəyi gənclərin intellektual səviyyəsindən, təhsilindən, dünyada baş verən proseslərdən çıxış yolları tapmasından, vətənçilik hisslərinin səviyyəsindən asılıdır. Azərbaycanda işsizlərin böyük bir hissəsi gənclərdir. Ali təhsil almaq istəyənlərin sayı ildən-ilə azalır. Vəziyyət belə davam etsə, gələcəkdə daha da azalacaq. Dövlət hesabına xaricdə təhsil alan gənclər ölkəyə döndükdən sonra onların işlə təminatına problemlər yaradılır. Bəzən bu gənclərə işlədikləri dövlət müəssisələrində daxili ənənəyə uyğun olaraq qanunsuz maaş – pul zərfləri təklif edilir. Onlar da ölkədə üzləşdikləri vəziyyətə görə xaricə getmək məcburiyyətində qalırlar. Dövlət təhsil almaq üçün gəncləri xaricə göndərmək haqda proqram həyata keçirir. Amma bütün gənclər bundan yararlana bilmir. Müvafiq orqanlar xaricə getmək istəyən gənclər, onların ailələri, yaxınları haqda geniş araşdırma aparır. Əgər kiminsə özü, valideyni, yaxın qohumu siyasi və sosial cəhətdən aktivdirsə, proseslərdə iştirak edirsə, belə gənclərin xaricə yolu bağlanır”.

Qubad Ibadoğlundan fəlakətin statistikası

Daha sonra Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlunun təhsil problemləri ilə bağlı məruzəsi dinlənildi. Məruzə dövlətin rəsmi statistikası əsasında hazırlanmışdı və dəhşət saçırdı.
Məruzəçinin sözlərinə görə ilbəil ali təhsil almaq istəyənlərin sayı azalır, bu da təhsilin bərbad olması ilə yanaşı ali təhsillilərin özünü realizə etməməsi ilə bağlıdır. Q.Ibadoğlu deyir ki, 2011/2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə 31419 tələbə qəbulu nəzərdə tutulub. Ali təhsil muəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 107484 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 4.47% azalıb. Bütün məzun kontingentinin cəmi 28 faizi tələbə adını qazanıb. Ən maraqlı məqam isə, qəbul imtahanlarının nəticəsinə görə 0-100 bal arası nəticə göstərənlər arasında “əlaçıların” olmasıdır.
Q. Ibadoğlunun çıxardığı nəticələr:
– 2011-ci ildə orta məktəb buraxılışının 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib;
– Son yeddi ildə orta məktəb məzunlarının sayı 27635 nəfər azalıb;
– 2011-ci ildə orta təhsilini 4-5 qiymətlərlə başa vuran 2457 nəfər ali məktəblərə qəbul zamanı 0-100 bal arasında nəticə göstərib;
– 2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 28,12 faizi 0-100 bal arasında nəticə göstərib;
– 2011-2012 tədris ili üçün tələbələrin 67,62 faizi ödənişli əsaslarla qəbul olunub;
Cənab Qubadoğlu xaricdə təhsillə bağlı da ciddi problemləri sadaladı. O dedi ki, xaricdə təhsil üzrə Dövlət Proqramının icrası ilə bağlı şəffaflıq azdır,  hesabatlılığa əməl olunmur. Bu ilə qədər 1228 nəfərin bu proqramdan bəhrələnməsi gözlənirdi. Növbəti 4 ildə 3772 nəfərin Dövlət Proqramı xəttilə xaricə göndərilməsi inandırıcı deyil. Məruzəçi bildirir ki, ildən-ilə ABŞ universitetlərinə göndərilən tələbələrin sayı  azalır. Məsələn,  Dövlət Neft Fondundan verilən məlumata görə, 2008-ci ildə 10, 2009-cu ildə 13, 2010-cu ildə 5, 2011-ci ilin oktyabr ayına qədərsə cəmi 3 tələbənin ABŞ-da təhsili maliyyələşdirilib. Halbuki, “Times” kimi nüfuzlu reytinq agentliklərinin hesablamalarına görə,  2011-2012-ci tədris ili üçün dünya üzrə ilk onluqda olan 10 universitetdən 7-si Amerikanın payına düşür. Ən yaxşı 2000 universitetdən 413-ü ABŞ-da yerləşir.

Ali təhsilli işsizlər

Ən pisi odur ki, xaricdə təhsil alıb gələn yüksək savadlı məzunlar iş tapa bilmirlər. Qubad bəyin deməsinə görə, bu çağacan 400-dək tələbə xaricdə təhsilini başa vurub. Onların yarısı geri dönməyib. Dönənlərdən isə 30 faizi işlə təmin edilib.
Qubad Ibadoğlu gənclər arasında işsizlik və evsizlik problemi olduğundan danışdı. O, ipoteka imkanlarını təhlil edərək dedi ki, Azərbaycandakı şərtlərlə ipotekanı ödəmək üçün ancaq narkoticarətlə məşğul olmaq lazımdır. Çünki gənclərin əmək haqqısı o kreditləri ödəmək imkanından uzaqdır.

***

“REAL” vətəndaş hərəkatının təsisçisi Erkin Qədirlinin də məruzəsi gənclərin mənəvi inkişafı ilə bağlı oldu. O, məruzəsində azadlıqların məhdudlaşdırılmasının yaratdığı fəsadları qeyd etdi. Gəncləri yorulmadan öz bilik və bacarıqlarını inkişaf etdirməyə səslədi.

Müstəqilliyimiz parçalanıb

Məruzələr bitəndən sonra onlar ətrafında müzakirələr başladı. Rafiq Əliyev bu dəfəki çıxışında da gəncliyə yüksək etimadını dilə gətirdi: “Gənclik sabahdır. Əsas gəncliyə müraciət edirəm. Ən böyük gəlir sizsiniz. Gənclik millətin ən böyük resursudur. Ən böyük resurs neft deyil! Gəncliyi sabah üçün qorumaq lazımdır. Bizdən fərqli olaraq, gənclik gərək bədbin olmasın. Elə fikirləşməyin ki, biz məsuliyyəti sizin çiyinlərinizə atırıq. Bizim gücümüz ona çatdı ki, müstəqillik qazandıq. Amma parçalanmış müstəqillik. …Biz arzu edək ki, gənclik yanlışlığa yol verməsin”.

Kişiliyini itirənlər

Yazıçı Rüstəm Ibrahimbəyov isə bu dəfə lakonik oldu:”Gənclərin problemi uşaqlarımızın problemidir. Bizdə uşaq anadan olanda, hökumət 75 manat pul verir. Rusiyada isə bizim pulla 400 manat. Amma bu rəqəm ərəb ölkələrində qat-qat çoxdur. “”Bu uşaq nə olacaq” Necə böyüyəcək” Gənc yaşında artıq qoca olacaq. Elə əzablar görəcək ki, kişiliyini də itirəcək. Rüşvətxor olacaq. Bax bundan danışaq”.

Əkrəm Əylisli məhbus gənclər barədə

Yazıçı Əkrəm Əylisli isə gənc siyasi fəalların həbsindən danışdı və onlara azadlıq istədi: “Bir dəfə çıxışımda da dedim ki, Bəxtiyar Hacıyevi həbsdən buraxsınlar. O zaman mənə iradlar oldu ki, niyə başqa məhbusların adını çəkmirəm. Çünki siyasi işlərə görə tutulmuş bütün şəxslərin hamısının eyni vaxtda azadlığa buraxılması real deyil. Həm də mən nəzərə alıram ki, Bəxtiyar Hacıyev xarici ölkədə təhsil alıb. Xaricdə təhsil almış adamı öz ölkəsinə qayıdandan sonra həbsə atmaq unikal hadisədir. Mən Bəxtiyarın yazılarını izləyirəm. Görürəm ki, çox ağıllı gəncdir, savadlıdır. Perspektivi var. Belə gəncin həbsdə saxlanması yolverilməzdir. Bir daha öz adımdan və forum adından Azərbaycan prezidentinə müraciət edirəm ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına yardımçı olsun”.
Əkrəm Əylisli çıxışında ölkə gəncliyinin problemlərinə də toxunub. O, hakimiyyətin siyasi sədaqət məsələsində tələbkarlığını yanlış saydığını bildirib.

Sovetlərin həsrəti

Əkrəm Əylisli daha sonra Ziyalılar Forumu ilə bağlı səslənən fikirləri də şərh etdi: “Bəzi söz-söhbətlər var ki, guya biz narazıyıq, cəmiyyətdəki inkişafı görmək istəmirik. Bunlar yanlış və mənasız söhbətdir. Burda oturanların çoxu Azərbaycanın dinamik inkişafına şübhə etmir. Amma dinamik inkişaf qədər harmonik inkişaf getmir. Bu, adamı yandırır. Böyük binalar tikilir, abadlıq gedir. Amma bunun fonunda Azərbaycanın minlərlə dərdini-sərini görmürlər. 20 ildən sonra Azərbaycanda yazı oxuyanlar azala bilər. Sovet hökumətinin verdiyi ən böyük töhfə ? ümumi savadlanma zəifləyir. 9-cu sinif şagirdi görmüşəm ki, oxuya bilmir. Eşitdiyimə görə, babalı deyənlərin boynuna, idman kompleksləri ki tikilir, onların bir qismini şadlıq evləri kimi istifadə edirlər. Bu acınacaqlı məsələdir. Bu qədər problemlər ola-ola, bərbəzək bizi ağrıdır və bədbinlik yaradır”.

Hazırladı: Natiq, Rəşad Alp