Yoldan keçənlərin təqdim etdiyi qanun lahiyəsi – DIFFAMASIYA

“Diffamasiya haqqında” qanun. Bu söz qulaqları yağır eləyib. O nə olan şeydirsə, adını da hələ düzgün müəyyənləşdirə bilməyiblər. Kimisi onu iki, kimisi də bir “f” ilə yazır, tələffüz edir. Niyəsi üzərində axtarış gedir yəqin. Onu dəqiq bilirəm ki, bu qanun ətrafında (istər bir “f”, istər iki “ff” olsun) çox tədbirlər düzənlənib. Şəxsən mən iştirak etdiyim o tədbirlərin sayını itirmişəm. Jurnalist təşkilatlarının əksəriyyəti ildə 3-4 dəfə müxtəlif qurumlardan qrant alıb bu qanun ətrafında “geniş” müzakirə açıblar. Bu sahədə rekordu yəqin “Yeni Nəsil” qırıb. Yerlilərlə qanunun müzakirəsinin effekt vermədiyini görüb, hətta xarici ekspertləri də işə qoşub. Artıq illərdir onlar bizə bu qanundan “dərs” deyir. Ötən il Mətbuat Şurası da bu sahədə özünü sınadı. Özü də tək yox, sədr Əflatun Amaşov daha ciddi qurum olduğunu göstərmək üçün bu işi ATƏT-in Bakı ofisi ilə birgə gördü. 2011-ci il mayın 11-də gerçəkləşən bu tədbirə ATƏT-in KIV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də qatılmışdı. Məsələ həqiqətən bu qədər ciddiydi…
Azərbaycan cəmiyyəti olmasa da, müxtəlif təşkilatlar (inanıram ki, müzakirə açmaqda niyyət təkcə qrant almaq olmayıb), ATƏT başda olmaqla, bu qanunun qəbuluna xüsusi önəm verdiklərini əməllərilə sübut ediblər. Həmin təşkilatların bu səmimi yanaşmasına, illərlə çəkdikləri zəhmətə parlament səviyyəsində qeyri-səmimi münasibət dünən bütün diffamasiyasevərləri məyus edib. Diqqət yetirin:
“Parlamentin 2011-ci il sessiyalarının yekunları və fevralın 1-də başlayacaq yaz sessiyası ilə bağlı mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova ”Diffamasiya haqqında” qanun qəbul olunmasının tərəfdarı olduğunu deyib.
…Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirib ki, Milli Məclisə “Diffamasiya haqqında” hər hansı qanun daxil olmayıb” – “Media forum” saytının yaydığı məlumatda belə deyilir.
“…Yoldan keçən birinin təqdim etdiyi qanun lahiyəsinin Milli Məclisdə müzakirəsi mümkün deyil” – bu sözləri də Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev deyib.
Maraqlı mövqedir. Səfa Mirzəyev yoldan ötən birisi deyil. Bunu hamı bilir. Səfa Mirzəyev müstəqillik dalğasında qazananlardandır. O, 1992-ci ildən – “AXC-Müsavat cütlüyü” vaxtından – Milli Məclis aparatındadır. Zamanın gərdişinə, çaxnaşmalara, təlatümlərə mərdliklə sinə gərib öz yerini indiyədək qoruyur. Vaxtilə onu vəzifəyə gətirənlərə necə tərif yağdırırdısa, sonrakı illərdə eyni şövqlə onları YAPsayağı tənqid edirdi. Bundan əlavə, Azərbaycanda bir vəzifə tutmaqla rekord qıranlardan biri elə Səfa Mirzəyevdir. Onu başqa birisi – Qafqaz Müsalmanları Idarəsinin rəhbəri Allahşükür Paşazadə ilə müqayisə etmək olar. Belə baxanda vəzifələrdə, daha doğrusu görülən işlərdə o qədər də fərq yoxdur – biri adamları, biri də qanunları kəfənləməklə məşğuldur. Qalır fatihə vermək…
Keçək illərlə dartışılan qanun layihəsinə. “Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Dediyimiz kimi çoxsaylı müzakirələrdən keçib. Bütün bunların məntiqi sonu kimi “Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və Inkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət edib. Sonradan həmin müraciətə 400-ə yaxın KIV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
Amma Səfa Mirzəyev bu qanunu yoldanötənlərin təqdim etdiyini deyir. Adı sadalanan təşkilatlar və onların rəhbərləri Azərbaycanda yaxşı tanınır. Hələ bu qanunun müzakirəsinə sonradan qoşulan Mətbuat Şurasını demirəm. Bütün bunları, hətta Dunya xanımı da nəzərə almayan aparat rəhbəri daha irəli gedərək hesab edir ki, Azərbaycanın indiki siyasi vəziyyətində “Diffamasiya haqqında” qanunun qəbulu yaxşı vəziyyətə gətirib çıxarmayacaq: “Bizim nə siyasi mədəniyyət səviyyəmiz, nə də media mədəniyyəti səviyyəmiz o dərəcə yüksək deyil ki, bundan səmərəli istifadə edə bilək. Qanunun qəbulu yalnız hərc-mərcliyə, davaya, təhqir və böhtana gətirib çıxaracaq. Oturuşmuş demokratiyada, yüksək siyasi mədəniyyəti olan yerdə bunu qəbul etmək olar. Ona görə də ”Diffamasiya haqqında” qanunu qəbul etmək üçün bir neçə il gözləməliyik”.
Açığı bu sözlər yadıma məşhur bir tamaşanı saldı. Həmin tamaşada personaj özünü mədəni göstərmək üçün “siz”, “biz”lə danışır. S.Mirzəyev də “mədəni səviyyəmiz” deyəndə kimləri nəzərdə tutduğunu açıqlamır. Sonra da oturuşmuş demokratiyadan danışır və bir neçə il göləməyimizi düşündüyünü deyir. Bu o deməkdir ki, YAP iqtidarının Milli Məclisinin aparat rəhbəri ölkədə demokratiya və siyasi mədəniyyətin olmadığını etiraf edir. Bu gedişlə hələ bir neçə il də gözləməyi məsləhət görür. 19 ildə demokratiyanın heç ayaq üstə dayanmasına imkan verməyənlər sizcə, onun oturmasına razı olacaqlar? Bəs biz nə deyirik, Səfa müəllim? Yoxdur, bu hakimiyyətin siyasi mədəniyyəti yoxdur, nə icra hakimiyyətində, nə Milli Məclisində. Sadəcə bunu biz deyəndə Artur müəllimin gözündən iraq, xiyar əyri bitir. Yaxşı ki, siz də bunu dediniz. 20 illik vəzifə təcrübənizdə bu, bəlkə də dilə gətirdiyiniz yeganə sərrast ifadədir…
Yeri gəlmişkən, daha bir maraqlı məqam. 2011-ci ilin dekabrında Ilham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiqləyib. Proqramda Azərbaycan parlamentinə 2012-ci il ərzində “Diffamasiya haqqında” qanunu qəbul etmək də tövsiyə olunub…
Səfa Mirzəyevin gözündən iraq.
azadmekan.org