Koordinasiya Şurası müstəqil qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı bəyanat verdi
İctimai Palatanın Koordinasiya şurası söz və mətbuat azadlığına qarşı hakimiyyətin yeni kompaniyasını pisləyən bəyanatla çıxış edib. Sənəddə deyilir: Azərbaycanda söz və ifadə azadlığına növbəti dəhşətli zərbə vurulur. Azərbaycan hakimiyyəti bu günə qədər tədricən sıxışdırdığı yazılı mətbuatı demək olar ki, məhv etmək qərarı verib.
“Evrovision” yarışmasını bəhanə edərək, bir çox yayım firmalarının köşkləri sökülür və yenisi ilə əvəzlənməyə şərait yaradılmır. Bundan başqa, kimin tərəfindən idarə olunduğu bəlli olmayan yeni köşklər başqa məhsulların ticarət obyekti kimi fəaliyyət göstərir və qəzetləri satmaqdan boyun qaçırırlar. İP hakimiyyətdən tələb edir ki, şəhərin mərkəzi küçələrində və dənizkənarı bulvarda (Milli Park) əl yayımı ilə məşğul olan səyyar satıcıların fəaliyyətinə qoyulan süni siyasi qadağaya son qoysun və şəhərin küçələrindən götürülərək yenisi ilə əvəzlənməyən köşklərin ya bərpasına, ya da istifadəçilər tərəfindən yenisi ilə əvəz olunmasına imkan verilsin. Əks halda hakimiyyət ölkəyə ciddi beynəlxalq nəzarətin olduğu bir dövrdə növbəti dəfə dövlətin imicini zədələmiş olacaq. Eyni zamanda vətəndaş cəmiyyəti, media və hakimiyyətin münasibətlərində gərginlik yarana bilər. İctimai Palata azad mətbuatı qanunun yol verdiyi bütün vasitələrlə dəstəkləyəcəyini bəyan edir və hakimiyyəti bir daha soyuqqanlı olmağa və ölkə mənafelərinə ziyan vurmayan qərarlar qəbul etməməyə çağırır.