Milyonçu ölkənin ac balaları

Hər yeni doğulan uşağa Azərbaycanda 75 manat müavinət verilir

Birləşmiş Ərəb Əmirliyində bu müavinət 20 min dollardır

Hakimiyyət nümayəndələri Azərbaycanda günü-gündən sosial durumun və insanların rifahının yaxşılaşdığını təkrarlamaqdan yorulmur. Hətta son illər əhalinin artımını da bununla izah edir. Belə ki, sosial vəziyyəti yaxşılaşan ailələrdə daha çox uşaq dünyaya gəlir. Bu arqument nə dərəcədə doğrudur?
Xatırladaq ki, ölkədə hər doğulan uşağa görə ailəyə 75 manat müavinət verilir. Eyni zamanda işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Əgər ana uşaq 1 yaş yarıma çatanadək evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Işləməyən analar isə bundan da məhrumdur. Onlar yalnız birdəfəlik 75 manatlıq yardım alır. Onu da qeyd edək ki, rəsmi mənbələrə əsasən, Azərbaycanda yaşayış minimumu 102 manat olsa da, müstəqil iqtisadçılar bu göstəricinin 200 manata yaxın olduğunu deyir. Göründüyü kimi, 75 manat müavinət bir uşağın, hətta bir aylıq kiçik xərclərini belə, ödəmir. Gənclərə qayğının artdığını deyən hakimiyyətin uşaqlara “qayğısı” göz qabağındadır. Körpə vaxtlarından bu qayğını görməyən uşaq gənc yaşlarında nəyəsə ümid edə bilərmi? Ölkədə hər il təxminən 150 min uşaq doğulur. Neftlə zəngin Azərbaycan bu uşaqlara nəinki yüksək müavinət ayıra, hətta bir çox neft ölkələrində olduğu kimi, onların gələcəyini indidən təmin edə bilər. Ildə büdcədən silinən milyardların yalnız bir qismini ayırıb bu uşaqların hər birinin adına hesab açmaq mümkündür. Bu, bankların da fəaliyyətinə yardım edə bilər. Eyni zamanda hər bir uşaq 18 yaşına çatanda özünü müəyyən çətinliklərə hazır biləcək. Nəzərə almaq lazımdır ki, ölkədə təhsil haqqının yüksək olması səbəbindən bəzi gənclər təhsildən kənarda qalmalı olur. Digər tərəfdən, Ipoteka kreditləri gənclərin böyük qismi üçün əlçatmazdır. Lakin gənclərə “qayğıdan” danışan YAP hakimiyyəti nəinki bu uşaqların gələcəyini, heç bu gününü də düşünmür. Bəs neft vəsaitlərini sağa-sola xərcləyən hakimiyyət uşaqların gələcəyi ilə bağlı bu təklifi həyata keçirə bilərmi?

“Bu gün doğulan uşaqlara neftdən heç bir pay düşməyəcək”

Iqtisadçı-ekspert Qubad Ibadoğlu ölkənin buna imkanının çatdığını deyir. Bunun üçün Azərbaycanda sistem, mexanizm olmalıdır. Uşaq müavinətinin cüzi olması isə Azərbaycanda yoxsulluğun əsas göstəricilərindən biridir.
Ekspertin fikrincə, yoxsul ailələrə yardım, eyni zamanda onların uşaqlarının gələcəyinin təminatı üçün mexanizm həyata keçirilməlidir. Bu, vətəndaşların Azərbaycan neftindən bəhrələnməsi üçün də vacibdir. Çünki hakimiyyət neft pullarını sürətlə xərclədiyindən bu gün doğulan uşaqların əlləri pula çatan zaman həmin pullar tükənəcək və onlara bundan heç bir pay düşməyəcək.
Ekspertin sözlərinə görə, uşaqlar üçün əmanətlərin uzun müddətli qoyuluşlarının təsdiqi mövcud neft gəlirlərinin ədalətli bölgüsünə də xidmət edə bilər.

Keçmiş Ittifaqda sonuncuyuq…

Hakimiyyət Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etməyi adət edib. Lakin bunun həqiqətdən uzaq olduğunu bir daha göstərmək üçün başqa ölkələrə nəzər saldıq. Araşdırma göstərir ki, digər sahələrdə olduğu kimi, uşaqlara verilən müavinətlərə görə də Azərbaycan nəinki inkişaf etmiş ölkələrlə, heç MDB ölkələri ilə də müqayisə oluna bilməz.  
Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə, hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollardır.
Inkişaf etmiş ölkələrdə də vəziyyət xeyli fərqlidir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağa 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına Ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada, hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avrodur. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
Isveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.
Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollardır. Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. Isveçrədə isə bu göstərici 345 dollardır. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Ərəblərlə müqayisə utancvericidir

Azərbaycandan fərqli olaraq neft ölkələrində uşaqlara verilən müavinət olduqca yüksəkdir. Hətta son bir ildə üsyanların baş verdiyi ölkələrdə də bu sahədə vəziyyət xeyli yaxşıdır. Məsələn, Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.
Bu siyahını bir qədər də uzatmaq olar. Ancaq bu rəqəmlər YAP hakimiyyətinin növbəti yalanını üzə çıxarmaq üçün kifayət edir. “Uğurla inkişaf edən” neft ölkəsində yeni doğulan uşaqlara verilən müavinət onların ən kiçik xərclərini belə, ödəmək gücündə deyil. Azərbaycanda doğulan hər uşaq dünyaya gəldiyi andan hakimiyyətin “qayğısını” öz üzərində məhz belə hiss edir.

Fizzə