«Azərbaycan hakimiyyəti Fransanın vasitəsilə dəfələrlə öz problemlərini həll edib»
Zəfər Quliyev: «Bizim hakimiyyətdə anti-türk mövqeni daim daşıyan konkret olaraq adları bəlli olan simalar var»
Fransa Senatının “erməni soyqırımı”nın inkarına dair qəbul etdiyi qanun layihəsindən sonra Azərbaycanın ehtiyatlı mövqe sərgiləməsi heç də Türkiyənin gözlədiyi yanaşma deyil. Rəsmi Ankara diplomatik dildə olmasa da, mətbuat vasitəsilə Azərbaycanın baş verənlərə yanaşmasının adekvat olmadığı mesajını verir. Bəs bu ehtiyatlı mövqenin pərdəarxası məqamları nədən ibarətdir? Bu və başqa suallarımızı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, siyasi ekspert Zəfər Quliyevə ünvanladıq.
– Bu məsələdə rəsmi Bakının mövqeyi ilə Azərbaycan ictimaiyyətinin mövqeyini fərqləndirmək lazımdır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti çox fəal və birmənalı formada Türkiyəni dəstəklədi. Bu məsələdə siyasi partiyaların əksəriyyəti, ziyalılar, politoloqlar bu günlərdə öz mövqelərini bildirərək etirazlarını çatdırdılar. Ona görə bu məsələdə Türkiyə Azərbaycan ictimaiyyətini qınaya bilməz. Lakin onunla razıyam ki, rəsmi Bakı məsələyə ehtiyatlı yanaşdı. Yalnız XIN və deputatlar səviyyəsində bəyanatlar verildi. Amma nəzərə almaq lazımdır ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsidir. Bu formatı dəyişmək elə də asan məsələ deyil. Digər tərəfdən, rəsmi Bakının Fransa ilə əlaqələrinə də diqqət yetirmək lazımdır. Eks-prezident Heydər Əliyevin, hazırkı dövlət başçısı Ilham Əliyevin ilk səfərləri məhz Fransaya olmuşdu. Burada hakim elitalar arasında sıx əlaqələr qurulub və bizim hakimiyyət də birdən-birə bu əlaqələri pozmaq istəmir. Hakimiyyət gözəl anlayır ki, Fransa onlar üçün mühüm ölkədir. Iqtidar Fransanın vasitəsilə dəfələrlə öz problemlərini həll edib. Ona görə rəsmi Bakının ehtiyatlı yanaşmasına təəccüblənmədim. Ümumiyyətlə hakimiyyət Gürcüstan hadisələrindən sonra təkcə Fransaya qarşı yox, Irana, Rusiyaya münasibətdə də fərqli yanaşma sərgiləyir.
Hakimiyyətdəki qruplar Türkiyənin güclənməsini istəmir
– Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki, Fransaya artıq ATƏT-in Minsk Qrupunda yer yoxdur. Əgər Fransa bu həmsədrlikdə qalacaqsa, o zaman Türkiyəyə də eyni status verilməlidir. Hakimiyyət təmsilçiləri isə Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını elə də asan prosedur saymırlar. Sizcə, hansı mövqe daha çox reallığı əks etdirir?
– Əslində hər iki açıqlamada ziddiyyət yoxdur. Türkiyənin nümayiş etdirdiyi mövqe Azərbaycan ictimaiyyətinin də dəstəyini qazanır. Çünki Fransaya həqiqətən də ATƏT-in Minsk Qrupunda yer yoxdur. Fransa faktiki olaraq öz etimadını itirib. Artıq bu ölkə həmsədr kimi problemin həllinə obyektiv yanaşa bilməz. Eyni zamanda rəsmi dairələrimiz vurğulayanda ki, bunu reallaşdırmaq elə də asan deyil. Bu təkcə Azərbaycandan asılı deyil. Burada Ermənistan da daxil olmaqla digər həmsədirlərin mövqeyi nəzərə alınır. Güman etmək olar ki, Ermənistan Fransanın dəyişdirilməsinə razılıq verməyəcək. Rusiya da bu məsələyə qısqanc yanaşacaq. Lakin məsələnin çətinliyinə baxmayaraq, Davutoğlu bir məqamda haqlıdır ki, bu məsələ hakimiyyətin üst səviyyəsində qaldırılmalıdır.
– Bir neçə gün əvvəl “Yeni Azərbaycan” qəzetində anti-Türkiyə yazılarına yer verilmişdi və bu məqalələrdə Ərdoğan və onun xanımı ciddi tənqid olunmuşdular. Hətta ittihamlar o səviyyəyə çatmışdı ki, Türkiyə hakimiyyəti indiyə qədər Xocalı soyqırımı ilə bağlı münasibət sərgiləməməkdə qınanmışdı. Bir sıra ekspertlərin fikrincə, bu hakimiyyətin Türkiyə mətbuatında dövlət başçısının xanımına verilən medaldan imtinaya dair dərc olunan məqalələrə cavabdır?
– Düşünmürəm ki, bu yazı sırf medal məsələsi ilə bağlıdır. Bizim hakimiyyətdə anti-türk mövqeni daim daşıyan konkret olaraq adları bəlli olan simalar var. Yüksək vəzifələrdə oturanlar, ölkənin xarici siyasətini təmsil edən adamlar sırasında anti-türk mövqedə duranlar var. Ona görə Türkiyə ilə Azərbaycanın münasibətləri sınaq mərhələsində olanda daim görmüşük ki, bu qruplar tərəfindən kampaniya aparmaq cəhdləri göstərilir. Azərbaycanda rusiyameylli, başqa etnik mənsubiyyəti təmsil edən qruplar var. Onlar heç zaman Türkiyənin regionda güclənməsində maraqlı olmayıblar. Türkiyənin Xocalı soyqırımı ilə bağlı adekvat reaksiya vermədiyi fikri ilə razılaşmaq bir qədər çətindir.
Çünki Türkiyə hakimiyyəti, rəsmi dairələri daim bu problemlə bağlı mövqelərini ortaya qoyublar.
Iran Azərbaycan üçün ciddi problem olacaq
– Azərbaycanla Iranın münasibətləri gərgin olaraq qalır. Bir müddət əvvəl MTN Azərbaycanda terror törətmək istəyən şəxsləri saxlayaraq, onların Iranla əlaqəli olduğunu açıqladı. Öz növbəsində Iranın Bakıdakı səfirliyi məsələyə münasibət bildirərək saxlanılanların Iranla əlaqəsinin olmadığını açıqladı. Bundan başqa, bəyan olundu ki, bu cür açıqlamalar verilərkən rəsmi Bakı diqqətli olmalıdır. Bu günlərdə isə Iranın Rusiyadakı səfiri Azərbaycan tərəfindən saxlanılanların Iranla əlaqələri barədə sübutların təqdim olunmasını tələb edib?
– Iran-Azərbaycan münasibətlərində gərginlik hələ bir müddət də davam edəcək. O da istisna deyil ki, yaxın zamanlar üçün Iran məsələsi Azərbaycan üçün ciddi problemə çevrilə bilər. Ümumiyyətlə, Iranın cəzalandırılması məsələsi hər ötən gün aktuallaşır. Hətta belə ehtimallar var ki, müharibə variantı çox yaxın zamanlarda baş verə bilər. Ona görə bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi öyrənilir. Artıq Vaşinqton da gizlətmir ki, Amerika diplomatları ilə Azərbaycan rəsmilərinin görüşləri zamanı Iran məsələsi müzakirə olunur. Belə bir vəziyyətdə Iranla Azərbaycan arasında ən xırda məsələ belə böyük proseslərə səbəb olur. Çünki gərginlik və Irandan narahatçılıq artıq o səviyyəyə çatıb ki, Tehran hər bir olaya reaksiya verir. Azərbaycan da hər an Irandan təxribatlar gözlədiyindən proseslərə ehtiyatla yanaşır.
Bir sıra xarici qüvvələr də münasibətlərin korlanmasında maraqlıdır. Məsələn, Qərb Azərbaycanın anti-Iran koalisiyasına qoşulmasını istədiyi halda, Rusiya əksinə Azərbaycanın proseslərə müdaxilə etməsini istəmir. Azərbaycan hakimiyyəti və ictimaiyyəti bir qədər soyuqqanlılıq nümayiş etdirməlidirlər. Çünki Iranla müharibə başlayacağı təqdirdə bu, uzun sürən proses olacaq. Ona görə müharibə başlasa da, başlamasa da Iran məsələsi regionun gündəmində hələ uzun müddət qalacaq.
Bu baxımdan Azərbaycan konkret mövqe seçməli və hər xırda hadisələrə görə mövqeyini dəyişməməlidir.
Hakimiyyətin namizədi Ilham Əliyev olmaya da bilər
– Hakimiyyət daxilində ciddi proseslərin getdiyi sezilir. Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürmək barədə hələ düşünmədiyini söyləməsini ekspertlər birmənalı qiymətləndirmirlər. Çünki dövlət başçısına prinsipcə bu açıqlamanı verməyə heç bir amil mane olmurdu. Belə bir fərziyyə də var ki, 2013-cü ildə hakimiyyətin namizədi fərqli şəxs ola bilər. Son zamanlar dövlət başçısının xanımının Avropaya səfərləri onu deməyə əsas verir ki, hakimiyyətin namizədi prezident seçkilərində Mehriban Əliyeva ola bilər. Bu fərziyyə nə dərəcədə reallaşa bilər?
– Əslində siyasi baxımdan inkişaf etmiş, demokratik, hüquqi dövlətdə bu cür suallar verilsəydi, daha asan cavab tapmaq olardı. Çünki bu cür ölkələrdə real qanunlar və prosedurlar var. Azərbaycanda normal seçkilərin keçirilmədiyi nəzərə alınarsa, bu sualı cavablandırmaq çətindir. Çünki son seçkiləri ümumiyyətlə formal prosedur saymaq olar. Seçki sovet dövründəki proseduru xatırladırdı. Azərbaycan hüquqi dövlət standartlarından çox uzaqdır. Seçki qanunu və Konstitusiya hakimiyyətə lazım olan formada daim dəyişdirilir. Ona görə Azərbaycanda faktiki olaraq hər şey mümkündür. Çünki hakimiyyətdə olan şəxslərin iradəsi qanunlardan üstün qüvvəyə malikdir.
– Ilham Əliyevin namizədliyini irəli sürəcəyi ilə bağlı konkret fikir söyləməməsi hakim komandada narahatlığa səbəb olub. Sizcə, Əliyevin bu bəyanatı nədən qaynaqlanır və əgər o, namizədliyini irəli sürməsə, bunun səbəbi nə ola bilər?
– Dünya Konstitusiyanın açıq formada demokratik ənənələrin ziddinə olaraq dəyişdirilməsini dəstəkləmir. Hətta Rusiya kimi avtoritar rejimdə belə Putin seçim qarşısında olanda referendum keçirərək Konstitusiyaya dəyişiklik etdi və Medvedevin prezident seçilməsini təşkil edərək, növbəti seçkiləri gözlədi. Putin anladı ki, 3-cü dəfə dalbadal seçilmək demokratiyaya tüpürmək olardı. Ona görə bir qədər qəliz və gülməli variant seçildi. Lakin formal da olsa, qanunlar çərçivəsində hərəkət etdi. Ilham Əliyev də ola bilsin ki, burada beynəlxalq qınağa məruz qalmayaraq, başqa ölkələrin “təcrübəsini” nəzərə alacaq.
– Başqa bir fikir də var ki, hakimiyyətdə əgər hər hansı namizəd dəyişikliyi olarsa, bu, daxili mübarizəni qızışdıra bilər. Bu baxımdan 1-ci xanımın hakimiyyət komandası tərəfindən qəbul olunmadığı vurğulanır…
– Hakimiyyət daxilində heç şübhəsiz müxtəlif qruplar var və onlar arasında rəqabət də mövcuddur. Amma bu rəqabət daha çox özünü iqtisadi, korrupsiya sahəsində göstərir. Müxtəlif klanlar, qruplar təsir dairələrini, mövqelərini gücləndirmək üçün mübarizə aparırlar. Lakin siyasi rəqabət hələlik hiss olunmur. Biz avtokratik bir ölkədə yaşayırıq və burada hakim ailə siyasi iradəsini komandaya yeridə bilir.
Ictimai Palata qarşısında böyük məsuliyyət durur
– Ictimai Palata ölkədə hakimiyyətin əsas alternativi kimi tanınır. Ekspertlər düşünür ki, Ictimai Palatanın aktiv fəalliyyəti sayəsində ölkədə köklü dəyişikliklər 2013 seçki ilində deyil, 2012-ci ildə baş verə bilər. Bu istiqamətdə isə IP-in üzərinə böyük məsuliyyət düşür?
– Ictimai Palata artıq çoxdan bu məsuliyyətin altına girib. Son bir ilki fəaliyyət göstərir ki, Ictimai Palata yalnız şüarlar, bəyanatlar səsləndirmək üçün yaranmayıb. Ictimai Palata yaranandan qarşısında məqsəd qoymuşdu ki, cəmiyyətin bütün strukturlarını birləşdirərək, cəmiyyətin real problemlərinin çözülməsində fəal formada iştirak etsin.
O cümlədən təşkilat Azərbaycanda ciddi dəyişikliklərə, demokratiyaya doğru gerçək addımların reallaşmasına nail olmağa çalışır. Ona görə keçən il iyunun sonunda Ictimai Palata “avtoritarizmdən demokratiyaya yumşaq keçidin” yol xəritəsini ortaya qoydu. Bu sənəd çox ciddi sənəd olsa da, təəssüf doğuran hal budur ki, hakimiyyət həmişə olduğu kimi konstruktiv təkliflərə biganə yanaşdı. Amma hakimiyyətin reaksiyasından asılı olmayaraq Ictimai Palata bu istiqamətdə fəaliyyətini davam etdirir. Nəzərə almaq lazımdır ki, bu il seçki öncəsi ildir. Eyni zamanda dünyada, xüsusi ilə qonşumuz Rusiyada, Azərbaycanın daxilində gedən siyasi prosesləri nəzərə alsaq, Ictimai Palatanın qarşısında daha böyük məsuliyyət durur. Düşünürəm ki, bu il Ictimai Palata daha fəal formada proseslərə girişməlidir. Ola bilsin ki, indi aparılan işlər gözlənilən əks effekti verməsə də Ictimai Palata həm təşkilatlanma, həm də tanıtım istiqamətində işini gücləndirsə, cəmiyyətdən real dəstək qazana bilər.
– Hazırda ölkədə xeyli sayda protest eletorat var. Son zamanlar qanunların və insan haqlarının kobud pozulması nəticəsində vətəndaşların mülkiyyət hüquqları ilə bağlı ciddi problemlər yaşanır. Bura narazı taksi sürücülərini, tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşları da əlavə etmək olar. Amma sanki bütün bu təbəqələr arasında bir sistemsizlik var və aparılan mübarizə mərkəzləşdirilmiş formaya keçmir. Sizcə, Ictimai Palata bu ağır işin öhdəsindən gələ bilərmi?
– Bu variant hamı tərəfindən arzulanır. Əlbəttə, Ictimai Palata bu istiqamətdə çalışmalıdır. Lakin məsələni başqa cür qoyardım. Bəzən proseslər özləri bir mərkəzdən idarə olunmur. Təbiətdən misal götürsək, balaca çaylar onsuz da hansısa bir məqamda birləşərək böyük çaya çevrilirlər.
Aydın məsələdir ki, Ictimai Palata bu prosesi yüngülləşdirməli və narazı kütləyə hara müraciət etməyi göstərməlidir. Bu, hər bir siyasi qurum üçün etmad, nüfuz məsələsidir. Ictimai Palata gündəlik işləri, ümumi fəaliyyətilə özünü gücləndirməlidir. Belə olan halda, cəmiyyətin də Ictimai Palataya dəstəyi daha da artacaq.
Hikmət