“Bakı Xəbər”in korlanmış arşını

Tapşırıqla işləyənlərin «Azadlıq»ı sifariş yerinə yetirməkdə suçlaması təəccüblü deyil

“Bakı Xəbər” qəzetinin 30 yanvar sayında “Azadlıq”dakı yazılar Türkiyə səfirliyinin sifarişidir? başlıqlı yazı dərc olunub. AXCP-dəki “məlumatlı mənbə”yə istinad edən qəzet yazıb ki, son günlər səfirlik Türkiyə mətbuatında yer alan tənqidi materialların bəzi Azərbaycan qəzetlərində yayımını sifariş edib. Məqalədə həmçinin qeyd olunub ki, “Yeni Şəfəq” qəzetində dərc olunmuş materialların “Azadlıq” qəzetində verilməsi, bu qəzetin köşə yazarlarının “soyqırım” məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı “səlib yürüşü”, həmçinin yanvarın 26-da Əli Kərimlinin müsahibəsi, yanvarın 27-də isə “Azadlıq” qəzetində “Türkiyə mediasından Əliyevə basqı artır” və “Yeni Müsavat” qəzetində “Türkiyə mediası Azərbaycan iqtidarına qarşı” yazıları məhz Türkiyə səfirliyinin sifarişi ilə ərsəyə gəlib.
Türkiyənin Azərbaycandakı səfirliyi yazıdan dərhal sonra xüsusi bəyanatla çıxış edərək məsələyə münasibət bildirdi və “Bakı-Xəbər”in yazdıqlarını iftira adlandırdı: “Bakı Xəbər” qəzetinin 30 yanvar 2012-ci il tarixində yayımlanan səfirliyimizlə bağlı xəbərin məzmunu, əxlaq və məntiq baxımından həddi aşır və iftira mahiyyəti daşıyır. Bu iddiaları qəti şəkildə pisləyirik.ÿ Səfirliyimizin fəaliyyəti son dərəcə şəffafdır. Fransa parlamentinin aldığı qərarla bağlı etirazlarımız müsahibə və açıqlamalar yoluyla ictimaiyyətə çatdırılıb. Fransaya qarşı təşkil edilən aksiyalarla bağlı iddialar isə eyni millətin mənsubu olaraq və Türklük şüuruyla bu aksiyalarda iştirak edənlərə qarşı böyük bir hörmətsizlik olaraq qiymətləndirilir”.
Öz növbəsində “Azadlıq”ın və “Yeni Müsavat”ın rəhbərliyi də məsələyə münasibətlərini açıqlayaraq ittihamın absurd olduğunu, xüsusi sifarişdən söhbət belə, getmədiyini bildirmişdilər.
“Azadlıq” olaraq məsələyə bir daha qayıtmağımızın səbəbi bu ittihamları ünvanlayan mətbu orqanın – “Bakı Xəbər” qəzetinin bizimlə eyni binada, necə deyərlər bir dam altında fəaliyyət göstərməsidir. Məqaləni hazırlayan həmkarımız cəmi bir neçə mərtəbə qalxıb bu ittihamla bağlı qəzetimizin də mövqeyini öyrənə bilərdi. Lakin qəzetin buna cəhd belə, etməməsi əslində sifarişin “Azadlıq”a yox, elə “Bakı Xəbər”ə gəldiyini göstərir. Üstəlik həmkarlarımız bu mövqeləri ilə ilkə də imza atmadılar. Günlərdir hakimiyyət mətbuatının, ayrı-ayrı iqtidar nümayəndələrinin ünvanımıza söylədikləri böhtanları öz səhifələrində öz adları altında təkrarən tirajlamış oldular. Həmkarlarımızın diqqətinə çatdıraq ki, Türkiyə ilə bağlı məlum məqalələri öz səhifələrinə daşımaq “Azadlıq” qəzeti üçün təkcə operativlik və peşəkar qəzetçilik prinsipindən irəli gəlmir. Bu həm də, bizim Türkiyəni qardaş ölkə, onun ümummilli problemlərini isə öz problemimiz kimi qəbul etməyimiz – daha dəqiq desək, belə məsələlərdə qəlbimizin də səsinə qulaq asmağımızla bağlıdır. Bizə qarşı bu ittihamı səsləndirənlər isə, görünür, belə məqamlarda yalnız sifarişə qulaq verirlər…