Abbas Mirzə (Türkmənçay bağlaşması – 200)

İran Islam Respublikasının Türkmənçay tozanağı

Çoxsaylı çaxnaşmalar, çevrilişlər, devrimlər, bunların sonucu olaraq ortaya çıxan reformalar Avropada iki dövlət – Ingiltərə ilə Fransa – dünya ağalığına can atan güclü dövlətlərə çevrilmişdi. I Pyotr reformalarının sonucunda güclənmiş Rusiya da dünya ağalığına can atırdı. Hər üç dövlətin geopolitik maraqları bizim bölgədə toqquşurdu. Hər üç dövlət Hindistana yiyələnməyə çalışırdı. Hindistana quru yolu Türkiyədən, Qafqazdan, Qacarlar dövlətindən (indiki Iran), Əfqanıstandan keçirdi. Ingiltərə hələ 18-ci yüzilin sonlarında su yolu ilə Hindistanı ələ keçirmişdi. Indi o, Hindistana quru yolunu açmağa çalışırdı. Ingiltərə ilə Fransanın öz aralarındakı konkurensiya bir yana, bizim bölgədə onların hər ikisinin Türkiyədən sonra bir başlıca konkurenti vardı: Rusiya.
Hələ I Pyotr dönəmində Qafqazadək sınırlarını genişləndirmiş Rusiyanın bütün Qafqazı ələ keçirəcəyi gün çox uzaqda deyildi. Ingiltərə ilə Fransa bunu yaxşı bilirdi. Buna görə də onlar o çağlar Qafqazın yiyəsi olaraq tanınan Qacarlar dövlətini gücləndirməyə, beləliklə, Rusiyanın Qafqazı tutmasına yol verməməyə çalışırdılar. Onların planlarına görə, Rusiya ilə Qacarlar dövləti arasında gözlənilən çoxillik savaşlar Rusiyanı gücdən salacaqdı. Buna görə onlar Qacarlar dövlətini gücləndirmək yönündə bir sıra yardımlarda bulunurdular.
Istər Ingiltərə, istərsə də Fransa Osmanlı dövlətinin əlini Avropadan, ərəb ölkələrindən yığmaq üçün bu dövlətin içində geniş pozuculuq işləri aparırdı. Osmanlı dövlətini başlıca olaraq ermənilərin əli ilə içindən dağıtmaq planlarına baş vurulmuşdu. Bəlli olduğu kimi, Osmanlı dövləti o çağlar bölgədə başlıca söz yiyəsi idi. Bu baxımdan Osmanlı dövləti yalnız Ingiltərə ilə Fransanın deyil, eləcə də Rusiyanın bölgəylə bağlı geopolitik maraqlarının gerçəkləşməyində başlıca əngəl idi.
Qacarlar dövləti. Bu dövlətin özülü türksoylu Ağaməhəmməd Xan Qacarın hakimiyyətə gəlişi ilə qoyulmuşdu. Ağaməhəmməd Xan, demək olar, hakimiyyətinin başlanğıcından sonunadək Bütöv Azərbaycan yaratmaq siyasəti yürütmüşdü. Ağaməhəmməd Xanın uşağı olmadığından qardaşı oğlu Fətəli Xanı özünə varis eləmişdi. Ancaq o bununla da yetinməmiş, Fətəli Xandan sonranı da düşünərək Fətəli Xanın ən bilikli, ən başarılı oğlunu – Abbas Mirzəni Fətəli Xandan sonrakı dönəm üçün varis eləmişdi. Burada başqa bir faktor da önəmli rol oynayırdı: Çingiz Xanı özünə örnək alan Ağaməhəmməd Xan ölkə yönətimində Çingiz yasalarını uyğulayırdı.
Napoleonun məktub verib Fətəli Şahla görüşə göndərdiyi şərqşünas Amedee Cauber sonralar yazırdı: “Fətəli Xan elə açıqgözlü, geniş düşüncəli idi, onun Avropada təhsil aldığını sanmışdım”. Cauber Anadolu, Azərbaycan türkcələrini gözəl bilirdi. Üstəlik, fars dilini bilən Yauber bunu da bilirdi: hər yerdə, istər sarayda, istərsə də saraydan qıraqda gözəl türk dilində danışmaq bütün Qacarların ayrıca özəlliklərindən idi. Yauber gənc çağlarından Doğuda ayrıca ad-san qazanmış 21 yaşlı Abbas Mirzə ilə görüşlərindən böyük sayğıyla söz açır. Onların görüşlərindən birində Abbas Mirzə Cauberə fransız yazarı Fenlonun “Telemak” romanından danışanda Yauber şaşırıb qalmışdı. Yazdıqlarından göründüyü kimi, Yauber Abbas Mirzə ilə yaxınlaşmağa böyük önəm verirdi. Bu isə yalnız, Cauberin yazdığı kimi, Abbas Mirzənin çox bilikli, yeni düşüncəli, demokratik baxışlı olmasıyla deyil, bir də güclü xarakter yiyəsi olmasıyla bağlı idi.
Qacarlar dövləti ilə geniş birlik yaratmaq istəyən Fransaya Qafqazda, Orta Doğuda ruslara qarşı planlarını gerçəkləşdirmək, Hindistana doğru arxayınçılıqla irəliləmək üçün Abbas Mirzə kimi geniş dünyagörüşlü, güclü xarakter yiyəsi olan üstün dövlət başçısı gərək idi. Bu baxımdan Abbas Mirzə Ingiltətə üçün də çox önəmli subyekt idi.

19-cu yüzilin başlanğıcında Qacarlar dövləti

19-cu yüzil siyasi, ekonomik, texniki baxımdan böyük dəyişikliklər, böyük irəliləyişlər, qalxımlar yüzilliyi olaraq tanınır. Başlanğıc Avropa idi. Avropada, obrazlı desək, Yer titrəyir, Göy guruldayırdı. Avropa, başlıca olaraq Avropanın iki dövləti – Ingiltərə ilə Fransa – istər-istəməz Yeni Dünya Düzəninə start vermişdi. Dünyanın o biri başında – Quzey Amerikada – çoxillik savaşlar içində yeni, güclü bir dövlət – Amerika Birləşmiş Ştatları doğulurdu. Ancaq bu güclü dövlətin dünya siyasi arenasına çıxmasına, başlıca, ötkün söz yiyəsinə çevrilməsinə hələ çox qalırdı. Hələlik Yeni Dünya Düzəninin üç aparıcı subyekti vardı: Ingiltərə, Fransa, Rusiya. Ingiltərə ilə Fransa on illərlə bir-birilə sürdürdükləri savaş üzündən xeyli üzgün düşmüşdülər. I Pyotr reformalarından sonra yeniləşib güclənmiş Rusiya siyasi arenada Ingiltərə ilə Fransanın başlıca konkurenti olaraq tanınmağa başlamışdı.
Hər üç dövlət, demək olar, bir arada – bir çağda Qacarlar dövlətinə doğru yönəlmişdi. Ingiltərə ilə Fransa Qacarlar dövləti ilə sıcaq ilişkilər quraraq, bu dövləti gücləndirməklə Rusiyanı Qafqazdan uzaqlaşdırmağa, o biri yandan da Hindistana gedən yolunu açmağa çalışırdı. Rusiya bölgəyə ordu gücü ilə yiyələnməyə çalışırkən Ingiltərə ilə Fransa bu işi aktiv diplomatiya yoluyla görməyə çalışırdı.
Fətəli Şah (1766-1834) dönəminin Qacarlar dövləti (ona Qacariyyə də deyilirdi) o çağların dərin yuxuya dalmış tipik Doğu dövlətlərindən biri idi. Avropadakı Yer titrəyişləri, Göy gurultuları yuxulu Doğu dünyasından çox-çox uzaq idi. Eyş-işrət, qadın düşkünü olan Fətəli Şah Ağaməhəmməd Şahın qoyub getdiyi böyük imperatorluğun kefini çəkməkdə idi. Onun bir yadda qalası, bəyəniləsi işi vardı: gözəl binalar tikdirmək. (1925-dən sonra hakimiyyətə gələn yalançı pəhləvilər Qacarların Irandakı izini itirmək üçün o binaları uçurub yerlə bir elədilər). Fətəli Şah dönəminin Qacarlar dövləti hər baxımdan gerilik, durğunluq, çöküntü içində idi. Fətəli Şahın özü, yaxın çevrəsi, dövlətə bağlı adamlar, din xadimləri-ruhanilər-mollalar bu gözəl dinclik-sabitlik ortamında arın-arxayın kef çəkirdilər. Durum bu: Avropada dinamik dəyişikliklər gedir, dünyada dəngələr dəyişir, dəngələrə uyğun dostlar, düşmənlər dəyişir, başkənd Tehran da, onun yönətimi altında olan ölkə də eləcə – molla dünyagörüşünə uyğun durğunluq içində qalır…
Birdən gözlənilməz bir iş baş verdi: Fətəli Şah sevimli oğlu, Ağaməhəmməd Şahın özünün onun yerinə varis elədiyi Abbas Mirzəni (1789-1833) Azərbaycan ordusuna komandan qoydu. 1799-cu il idi. Bundan belə Abbas Mirzə Tehrandan ayrılaraq uşaqlıq çağlarından çox sevdiyi Azərbaycana qovuşacaq, Təbrizdə oturaq salacaqdı. Abbas Mirzə Azərbaycandakı bir sıra bacarıqlı kimsələrin köməyi ilə çox keçmədən 30 minlik bir ordu yaradır. Bu, yox yerdən yaradılan bir ordu idi. Özü də çağı çoxdan keçmiş qurallara uyğun qurulmuş bir ordu. Təbrizə gələnədək bir çox biliklərə yiyələnmiş, Avropada baş verən yenilikləri öyrənmiş, I Pyotr reformaları ilə tanış olmuş Abbas Mirzə geniş reformalar yolu ilə bütünlüklə başqa bir ordu – Avropa tipli ordu yaratmaq planlarına baş vurur. Bununla da onun Tehrandan başlamış ölkənin ən ucqarlarınadək, gerilikçi, hər cür yeniliyə düşmən irili-xırdalı dövlət adamları, din xadimləri ilə ölüm-dirim savaşı başlayır. Daha doğrusu, Abbas Mirzənin onlarla bir işi olmur, onlar əlbir, dilbir olmaqla sonadək Abbas Mirzənin sonunu gətirməyə, onun reformalarını durdurmağa çalışırlar. O çağlara bağlı çoxsaylı faktlardan göründüyü kimi, onlar ölkə içində də, ölkə dışında da Abbas Mirzədən başqa düşmən tanımır, bu “düşməni” susdurmaq, yox eləmək, onun varislik statusunu əlindən almaq üçün illərlə min cür fitnə-fəsada əl atır, çoxlu sayda yersiz fətvalar verməkdən belə çəkinmirlər!
Abbas Mirzə Qacarlar dövlətində az bir sürə içində güclü bir ordu yaradır – Azərbaycan ordusu. Ancaq dünyada, başlıcası da, Avropada, qonşu Rusiyada gedən prosesləri yaxından izləyən, dərindən-dərinə analiz eləyən Abbas Mirzə gözəl bilir: Qacarlar dövlətindəki çağı keçmiş sosial-siyasi düzənlə, bu düzənə uyğun olaraq yaradılmış ordu ilə çox uzağa getmək, uğur qazanmaq olmaz. Buna görə də o, Avropa tipli yeni, güclü ordu yaratmaq üçün Avropa tipli yeni, güclü dövlət yaratmaq ideyasına gəlib çıxır. Özü öz ideyasından coşur, böyük gənclik coşqusu ilə də işə girişir. Ona elə gəlir, çətini başlayıncadır, sonra işlər yağ kimi gedəcək. Axı, o şah oğludur, üstəlik, varislik statusu olan şah oğlu! Onun ilk yeniliklərindən biri Azərbaycan ordusunda saqqal saxlamağı yasaqlaması olur. Mollalar başda olmaqla din xadimləri vay-şivən qoparırlar: “Qoymayın din əldən getdi! Abbas Mirzə yolunu azıb! Müsəlman nədi, saqqal qırxmaq nədi?!”. Abbas Mirzə Azərbaycan ordusuna yeni geyim – çevik davranış geyimi gətirir. Yenə də mollalar bütün ölkəni başlarına götürürlər: yenilikçi Abbas Mirzəyə “dinsiz-imansız, kafir” damğası vurulur.
Abbas Mirzə güclü ordunu güclü xalqın yarada biləcəyi inamından çıxış edərək çeşidli yollarla xalqın yaşayışını yüngülləşdirməyə çalışır – bu yerdə o, istər-istəməz xanlar, bəylərlə toqquşmalı olur. Çıxış yolunu o, atası ilə görüşüb-danışıb Azərbaycanın elbəyiliyinə yiyələnməkdə görür. O, sürdürdüyü reformalarla bağlı ortaya çıxan problemlərin yetkiləri yüksək olandan sonra asanlıqla aradan qalxacağını düşünür. Ancaq onun başlıca problemi elə atası ilə görüşmək olur. Sən demə, saray adamları, din xadimləri onu çoxdan şər-böhtan yoluyla atasının gözündən salmağa başlayıblar. O, aradan xeyli keçmiş, 1805-ci ildə, atasını yola gətirib Azərbaycanın elbəyi (valisi) yetkisinə yiyələnə bilir. Sözsüz, Rusiyanın Qafqazı ələ keçirmək uğrunda başladığı savaşların bu işdə önəmli rolu olur. Şah Azərbaycanı, Azərbaycan ordusunu gücləndirmək gərəyinə anlayışla yanaşır.
Həmədandan Urmiyaya, Urmiyadan Irəvana, Irəvandan Lənkərana at belində ölkəni qarış-qarış gəzən Abbas Mirzə tezliklə sevən ürəyi, isti ilişkiləri ilə xalqın sevimlisinə çevrilir. Abbas Mirzə özündən qabaqkı bir çox qurallara qarşı çıxaraq xalqın, başçıların ona sovqat verməsini yasaqlayır. Vergiləri azaldır. Xanların xalqdan vergi adına toyuq, yumurta yığması praktikasına son qoyur. Xanları düzənə düzməklə, yolkəsənləri yollardan yığışdırmaqla, soyğunçu-quldur yığnaqlarını yox eləməklə ölkədə yeni, xalqa yararlı durum yaradır. Beləliklə, xalqla Abbas Mirzə arasında görünməmiş güvən oluşurdu.
Ingiltərə də, Fransa da Qacarlar dövləti ilə yaxınlaşmaq, bağlaşmaq üçün yollar axtarırdı. Ilk bağlaşma 1801-ci ildə Ingiltərə ilə bağlandı. Bu bağlaşmaya görə Ingiltərə Qacarlar dövlətinə bir sıra yardımlar edəcəkdi. Fransa ilə bağlaşma daha konkret idi. Bu bağlaşmaya görə Fransa Rusiyanın tutduğu torpaqları, ayrıca olaraq Gürcüstanı geri almaq üçün Qacarlar dövlətinə yardım edəcəkdi. Napoleonun yenilməsi üzündən bu iş baş tutmadı. 1809-cu ildə Ingiltərə ilə Qacarlar dövləti arasında ikinci bağlaşma bağlandı. Bu bağlaşmaya görə Ingiltərə Rusiyaya qarşı Qacarlar dövlətinə maddi yardım etməyi üzərinə götürürdü. Yardım yalnız Ingiltərə-Rusiya qarşıdurmaları boyunca ola bilərdi. Başqa cür desək, Ingiltərə ilə Rusiya arasında barış bağlaşması bağlansaydı, bu bağlaşma öz özünə aradan qalxacaqdı. 1812-ci ilin yayında Ingiltərə ilə Rusiya arasında bağlaşma bağlandı.