ABŞ kəşfiyyatından Qarabağ və İranla bağlı xəbərdarlıq

ABŞ kəşfiyyatını Dağlıq Qarabağdakı vəziyyət və Avrasiyada yeni münaqişə ocaqlarının yarana bilmə ehtimalı narahat edir.  «İTAR-TASS»ın məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Ceyms Klepperin Konqresin komitəsinə təqdim etdiyi hesabatda qeyd olunub.
Hesabatda Qarabağ Qafqazda konfilikt mənbəyi kimi göstərilib. «Qafqazda hələ də Qarabağ probleminin həll edilməməsi və Mərkəzi Asiyadakı bir sıra dövlətlərin yetərincə möhkəm olmaması «Avrasiyada qaynar nöqtələrin» yaranma səbəblərindən biri ola bilər. Qarabağ problemi ətrafında ritorikanın yüksəlməsi, tərəflərin bir-birinə güvənməməsi və təmas xəttində atəşin vaxtaşırı pozulması hazırkı durumu istənilən zaman dəyişə bilər», – deyə hesabatda qeyd olunur.
Sənəddə eyni zamanda İranın atom bombası yaratmaq üçün bütün imkanlara, elmi, texniki və maddi bazaya malik olduğu vurğulanır. C.Klepper deyib ki, İranın atom bombası yaratması artıq yalnız rəsmi Tehranın siyasi iradəsindən asılıdır.
ABŞ kəşfiyyatı bundan başqa yaxın 10 ildə bir neçə ölkənin su problemi ilə üzləşəcəyini, ancaq bunun beynəlxalq münaqişələr üçün zəmin olmayacağını da proqnozlaşdırır.

İnformasiya şəbəsi