Onları kurasiya etmək «Zerkalo»nun redaktoru Tofiq Abbasova tapşırılacaq
Hakimiyyətdəki Paşayevlər qrupu iqtidarın nəzarətində olan bütün KIV-ləri öz nəzarətinə götürür. Bu barədə “Azadlıq”a verilən xəbərə görə, Paşayevlər hökumətyönlü KIV-lərin idarə olunması üçün xüsusi mərkəz yaradır. Həmin mərkəzin rəhbərliyinə isə “Zerkalo” qəzetinin redaktoru Tofiq Abbasov gətiriləcək. Yəni, Tofiq Abbasov bu KIV-ləri kurasiya edən şəxs olacaq. Bu yerdə xatırladaq ki, Tofiq Abbasov “Zerkalo”ya “Lider” telekanalından gəlib. Lakin onun gəlişi qəzetdə müsbət qarşılanmayıb və “Zerkalo”nun bir neçə tanınmış siması yeni təyinata etiraz olaraq istefa verib.
Tofiq Abbasov
Xəbərdə deyilir ki, Paşayevlərin hədəfində ilk növbədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan media quruluşlarıdır. Bu barədə ötən saylarımızda da məlumat vermişdik. Bildirmişdik ki, Kəmaləddin Heydərovun əlindən media quruluşlarının alınması 2013-cü ilə hesablanıb. Görünür, Paşayevlər təkcə Kəmaləddin Heydərovdan ehtiyat etmirlər. Bu baxımdan da iqtidarın nəzarətində olan bütün KIV-ləri öz əllərində cəmləşdirməyə çalışırlar.
Informasiya şöbəsi