Obamadan Saakaşviliyə jest

ABŞ prezidenti gürcü həmkarını bütün bölgəyə nümunə göstərdi

“ABŞ bölgəyə nümunə olacaq  demokratiya və şəffaflıq modelini dəstəkləyir”

ABŞ prezidenti Barak Obama Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb. İlk dəfə olaraq Gürcüstan prezidenti Barak Obama tərəfindən Ağ evdə qəbul edilib. Görüşdən sonra Gürcüstan prezidenti Mixail Saakaşvili keçirilmiş danışıqları məhsuldar adlandırıb. Prezidentlərin görüşü zamanı Barak Obama qeyd edib ki, ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını və bu təşkilata üzv olmaq istiqamətində göstərdiyi səyləri dəstəkləməkdə davam edəcək.
ABŞ prezidenti Gürcüstanda son illər ərzində keçirilən islahatlara da toxunub. Ağ ev rəhbərinin sözlərinə görə, ABŞ Gürcüstanın demokratikləşməsi istiqamətində aparılan islahatları yüksək qiymətləndirir. Obama Gürcüstan haqda xoş sözlər deyərək, nailiyyətlərinə görə təbrik edib və ölkədə qarşıdan gələn seçkilərin azad və demokratik şəraitdə keçirilməsinin vacibliyini vurğulayıb.
Gürcüstanın demokratiya və şəffaflıq baxımından bir çox ölkə üçün nümunə adlandıran Obama bildirib ki, Saakaşvilinin yalnız ölkəsi üçün deyil, bütün bölgəyə nümunə olacaq  demokratiya və şəffaflıq modelini dəstəkləyir.
Saakaşvili öz növbəsində xoş sözlər və dəstəyə görə ABŞ prezidentinə təşəkkürünü bildirib. O, yaxın aylarda keçiriləcək parlament seçkilərinin şəffaf və ədalətli baş tutacağına söz verib.

İnformasiya şöbəsi