Məni edamdan xilas edin!

Dünyanı heçə sayanların yalvarışını dinləmək, zalımların və saxtakarların əməlləri üzündən mənfi enerji ilə yüklənmiş Yerin də bağrındakı əzabı az da olsa, xəfiflətməlidir…
Hüsnü Mübarək yalvarır. “Məni edamdan qurtarın” deyə… Dünya liderlərinə yazdığı məktubda edamdan xilas ola bilmək üçün dil tökür. Ancaq xalqına “siçovul” kimi baxıb da, özü siçovul kimi kanalizasiyada tutulub öldürüləndə az qala, ilan dili çıxaran Qəzzafinin halını izləmək, edam təhlükəsi qarşısında qalmış Mübarəkin yalvarışlarını eşidən, amma hələ də xalqına zülm etmək üçün “əlindən gələni beş qaba çəkən” diktatorlar nədənsə, ibrət dərs almırlar… Görünür, Allah diktatorların canını almadan öncə ağlını alır ki, elədikləri zülm yerdə qalmasın.
Zalımlıq edən, dünyanı, insanlığı ayağının altına alıb tapdayan, bütün hisslərini bu dünyanın sərvətinə əsir edən diktatorlar niyə ölümdən bu qədər qorxur? Qəzzafi niyə ölməmək üçün ən rəzil şəkildə kanalizasiyada gizlənməyə çalışdı, yalvardı? Mübarək niyə ölümdən bu qədər qorxur? Niyə kənardan belə zalım, əlçatmaz və qüdrətli görünənlər bu qədər qorxaq və acizdirlər?!
Çünki ağlı olanlar zora əl atmır. Ağıl və cəsarət olan yerdə zora ehtiyac qalmır. Yalnız zəiflik və acizliyini pərdələmək istəyənlər gücə, zora sığınırlar.
Son dövrlər bir-birinin ardınca çöküş yaşayan diktatorların ölümdən bu qədər qorxması, bu dünyadan bərk-bərk yapışması başqa bir gerçəyi də ortaya qoymuş oldu. “Allah” deyib də, Məkkəyə gedib, şeytan daşlayan zalımlar da var. Belələri ölümdən sonrakı həyata inanmırlar. Onlar üçün hər şey bu dünyada bitir. Elə buna görədir ki, müstəbidlər həyatdan iki əllə yapışıb ölümdən ən rəzil şəkildə yayınmağa çalışırlar. Təbii ki, milyonlarla insana zülm edən birinin imanlı olduğunu düşünmək sadəlövhlük olardı. Amma sonun başlanğıcının dəhşətini yaşamağın qorxusu ilə üz-üzə qalanda diktatorların nə qədər aciz və qorxaq olduqlarını izləmək bəzən ikrah, bəzən də təəssüf doğurur.
Hüsnü Mübarək edam olunmamaq üçün dünya liderlərinə məktub yazır. Amma bu gün o məktubu yazan əl dünənə qədər öz xalqının qətlinə fərman imzalayırdı. Qəribə və ironik bir hadisədir. Əslində isə, dərs götürüləsi hadisədir. Amma kimsə düşünməsin ki, günü bu gün də xalqını əzən Bəşər Əsəd, Ilham Əliyev və başqa diktatorlar bundan nəticə çıxarıb geri çəkiləcək, belə sonluqdan yayınmaq üçün xalqına əziyyət etməkdən əl çəkəcəklər. Çünki diktatorların qəribə, normal insanların anlaya bilməyəcəyi bir psixikası olur – başqasına olan məndən yan keçəcək!
Təbii ki, bu zaman Allahın onları qoruyacağı haqda xəyallar qurmurlar. Sadəcə, güman edirlər ki, Mübarəkin bacara bilmədiyini onlar bacaracaqlar. “Mən daha yaxşı əzə, məhv edə bilərəm, mənə qarşı çıxanı daha asan yerlə-yeksan edə bilərəm” düşüncəsilə…
Diktatorlar özlərinə, ağıllarına deyil, məhz daha çox zor işlədib zalımlıq edə biləcəklərinə güvənib, xalqları ilə üz-üzə dayanırlar…
Amma xalqı zorla idarə edib qalib olmaq mümkün deyil. Xalqı yalnız inandırıb idarə etmək olar. Diktatorlara isə kimsə inanmır, eynilə, yalançının evi yananda heç kim inanmadığı kimi… Diktatorlar xeyirxah görünmək və xalqa xidmət adına üzlərinə geydikləri maskaların gerçəkliyinə kimsəni inandıra bilmirlər…
Dünən Qəzzafi, bu gün Mübarək yalvarır…
Sıra kimdə əcəba?!