Ziyalıların mitinq təşəbbüsü Türkiyə mediasında

“Haberx.com” İbrahimbəyovun açıqlamalarına yer verib

Türkiyənin “Haberx” internet qəzeti Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin Fransa Senatında qəbul olunan “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə reaksiyasına yenidən yer ayırıb. Saytın xəbərində deyilir ki, Azərbaycan rəhbəri İlham Əliyevin bu qanuna qarşı səssiz qalması səbəbiylə son günlərdə həm ölkə müxalifətinin, həm də Türkiyə mətbuatının tənqidlərindən təlaşa düşən iqtidar partiyası günahını azaltmaq üçün rəsmi orqanı “Yeni Azərbaycan” qəzeti vasitəsilə həm AKP-yə, həm Türk mətbuatına, həm də Azərbaycan müxalif mətbuatına hücum edib: “Hər zamanki vərdişləriylə yenə hər kəsi erməni maraqlarına xidmət etməkdə suçlayıb günahkar olduqlarını ört-basdır etmək istəyirlər”.

“Haberx” Bakıda Ziyalılar Forumunun Fransa Senatının qəbul etdiyi qanuna qarşı 30-40 min nəfərlik mitinq keçirmək niyyətində olduğunu da xəbər verir. Sayt bununla bağlı Fransanın verdiyi medaldan imtina etdiyini açıqlayan dünya şöhrətli azərbaycanlı dramaturq və kino rejissoru Rustəm İbrahimbəyovun yerli mediaya açıqlamasına yer verib.
Xəbərin sonunda qeyd olunur ki, Fransa Senatının “inkar qanunu”nu qəbul etməsindən sonra Bakıda ilk etiraz aksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyasının gəncləri keçirib.