Rusiyanın baş naziri uğursuzluqlara görə prezidenti günahlandırdı
Rusiya prezidentliyinə namizəd, baş nazir Vladimir Putin “Vedemosti” qəzetində islahatlarla bağlı məqalə dərc etdirib. Məqalənin ən maraqlı tərəfi Putinin Medvedev islahatlarını tənqid etməsidir.
Rusiya baş naziri ölkənin ən böyük problemini “sistemin korrupsiyalaşması” adlandırıb. Putin yazır: “Medvedev qarşısına qoyulan tapşırığı iflasa uğratdı, korrupsiya ilə mübarizəyə həsr etdiyi 4 il boşa getdi. Ölkədəki iqtisadi mühit, onun cəlbediciliyi, uzun müddətli kapital qoyuluşu hələ də qeyri-qənaətbəxş olaraq qalır. Biznes mühitinin yaxşılaşdırılması üçün axırıncı bir neçə ildə biz prezident Medvedevin təşəbbüsü ilə islahatlar həyata keçirdik. Ancaq ciddi irərləyişlər gözə dəymədi”.
Sənaye, ədliyyə, iqtisadi rəqabət sahəsində vəziyyəti kəskin tənqid edən Putin 2013-cü ildə lüks həyat yaşayanlara vergi tətbiq edəcəyini bildirib. 2016-cı iləcən yetiriləcək vədlər arasında qeyri-xammal istehsalının və KİV-in dövlət kapitalından azad edilməsi də var.
BBC məqaləyə şərh verərək bildirib ki, Putin üçün iqtisadiyyat hər şeydən əvvəl resursların dövlət nəzarətində cəmlənməsi deməkdir. Məqalədən aydın olur ki, Putin seçkidə səs qazanmaq üçün bacardıqca müxalif mövqe seçmək istəyir. Ölkənin faktiki idarəçisi o olsa da, problemlərin mövcudluğu Medvedevin bacarıqsızlığı ilə izah olunur.