Abutalıbovdan beynəlxalq təşkilata hörmətsizlik

BŞİH-də “Human Rights Watch”un nümayəndəsi ilə görüşən tapılmayıb

Təşkilat Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı hesabat hazırlayır

«Human Rights Watch» təşkilatı Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı ayrıca hesabat hazırlayır. Bunu “Azadlıq” radiosunun «İşdən sonra» proqramında təşkilatın Orta Asiya və Avropa bölməsinin direktoru Rachel Denber deyib. Onun sözlərinə görə hesabat gələn ay cəmiyyətə açıqlanacaq.
«Hesabatda təkcə «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən kompleksin inşasına görə mülkiyyət hüququ pozulmuş insanların deyil, bütün Bakı şəhərində aparılan rekonstruksiya işlərindən əziyyət çəkən insanların hüquq pozuntuları yer alacaq», – deyə Rachel Denber bildirib.

Rachel Denber deyib ki, o Azərbaycana bu dəfəki səfərində mülkiyyət hüququ pozulmuş insanlarla bağlı bir çox rəsmi qurumlara görüşmək üçün müraciət etsə də, görüş baş tutmayıb: «Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlər keçirməyə cəhd göstərdim. Hətta bildirdim ki, İcra Hakimiyyətinin başçısı olmasa da, hər hansı bir işçisi ilə görüşməyə razıyam. Ancaq bu görüş baş tutmadı».