Müstəqil gənclik üçün Rəsulzadə örnəyi

Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan
A dostlar mən yoruldum
Bu gizli ağlamaqdan
(Əhməd Cavad)

Ötən günlərdə çox dəyər verdiyim aktivist dostlarımdan biri ilə söhbət zamanı hiss etdim ki, ümidsizləşib və vəziyyətin dəyişəcəyini ürəkdən istəsə də, bunun üçün hər gün fəal olaraq çalışsa da, dəyişikliyin olacağına inamı sarsılıb. Həmən söhbətdən sonra Məhəmməd Əmin Rəsulzadənin həyatından öyrəndiyim ayrı-ayrı fraqmentləri xatırladım. Məmməd Əmin bəyin dünyaya gəlişinin 128-ci ili münasibətilə yazdığım yazıda da bu məsələyə toxunmaq istədim. Mühacirətdə olan birinin buna nə qədər ərki çatır, deyə bilmərəm, amma Rəsulzadənin mühacir həyatından şəxsimin götürəcəyi dərslər hədsizdir.ÿ
Günümüzdə müstəqil gənclik üçün Rəsulzadə kimi bariz mübarizə simvolu mövcuddur. Istər həyat yolu, istərsə də siyasi və ədəbi fəaliyyəti ilə hərtərəfli şəxsiyyət kimi yetişən Rəsulzadə həm ölkə daxilində min müşkülatla mübarizə aparan, mübarizə yolunda məhbəs həyatı yaşayan gənc dostlara, həm də mühacirətdə Azərbaycanın avtoritar rejimdən qurtulması istiqamətində çalışan bizlərə misal olacaq bir qəhrəmandır desəm, yanılmaram.
Ötən əsrin əvvəllərində, tarixin təlatümlü dövrünə təsadüf edən bir vaxtda siyasi-ictimai meydana atıldı Məhəmməd Əmin bəy. Hələ 17 yaşında ikən “Müsəlman Gənclik Təşkilatı”na (sonrakı adı Müsəlman Demokratik Müsavat Cəmiyyəti) sədrlik edəcək və bir il sonra “Azərbaycan Gənc Inqilabçılar Komitəsi”nin əsasını qoyacaqdı. Təşkilat tarixə Rus müstəmləkə idarə üsuluna qarşı Azərbaycanda mübarizə aparan ilk qurum kimi keçəcəkdi. Məhz bu fəaliyyəti nəticəsində 21 yaşında ona olan təqiblər ucbatından Irana mühacirət edib, fəaliyyətini orada Səttarxan hərəkatında davam etdirəcək və Iran Demokrat Partiyasının təməlini qoyacaqdı.
Vəziyyət elə gətirir ki, Məhəmməd Əmin bəy Irandan da çıxarılır. Hələ cavan yaşında bu qədər əzaba baxmayaraq, Bakıya qayıdır və Şərqdə tarix yaradacaq Müsavat partiyasının qurucularından biri kimi adı tariximizin qızıl səhifəsinə yazılır.ÿ
Şərqdə ilk demokratik cümhuriyyətin banisi kimi şərəfli və bir o qədər də məşəqqətli missiyanı isə hələ 34 yaşındaykən yerinə yetirməyə müvəffəq olur.
23 ay çəkən istiqlaldan sonrakı mühacirət illərini isə Rəsulzadənin cəfalı həyatının önəmli hissəsinə çevrilir.ÿ
Getdiyi ölkələrdə az müddət qaldıqdan sonra çıxarılmasına baxmayaraq, yerləşdiyi hər yerdə ilk gündən etibarən Sovet istilasının caynaqları altında əzilən doğma Azərbaycanının həsrəti ilə fəaliyyətə başlayır, müxtəlif qəzetlərlə əməkdaşlıq edir, Azərbaycan milli istiqlalının ümdə qayələrini özündə cəmləşdirən yazılarla çıxış edir, xaricdəki istiqlal sevdalılarını bir araya toplayaraq mühacirətdə də liderə çevrilə bilir. Və mühacirətdə olduğu 38 il (!) ərzində bütün imkansızlıqlar, müxtəlif maneələrə ona xas şücaət və qətiyyətlə sinə gərərək Azərbaycanın istiladan azad olması üçün çarpışır və haqlı olaraq Vətənin azadlığı üçün mübarizə aparmağı mühacirətdə yaşayan Azərbaycanlıların VICDAN BORCU sayırdı.ÿ
Ümumilikdə böyük bir mürtəce imperiyaya qarşı cahanşümul azadlıq mücadiləsinə ömrünü tamamilə həsr edən dahi mütəfəkkir Rəsulzadə nə qədər Vətən, üç rəngli bayraq həsrəti çəksə də, nə qədər onun ailəsinin məqsədyönlü şəkildə məhvindən xəbərdar olub bu yükün altında özünü yorğun hiss etsə də milli azadlıq mücadiləsindəki mövqeyindən, ən əsası qələbəyə inamından zərrə qədər də geri çəkilməmişdi:
“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz!”.
Əziz dostum, əminəm ki, bu yazını sən də oxuyursan. Ola bilsin ki, keçən dəfəki ümidsizliyin hələ də qalıb. Amma artıq dərəcədə xahiş edirəm, eyni fikirlərə qapılan anda Rəsulzadənin Əsri məzarlığındakı məzarını təsəvvüründə canlandır və bir anlıq orada həkk olunan yazını təkrarla:
“Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal
Onun məfkurəsiydi haqq, Müsavat, istiqlal!”.
Ümidsizliyə qapılma dəyərli dostum, çünki… “Sənin öhdəndə böyük bir vəzifə var!”.

İsa Yusifli