Yaxud şərin dəyirmanına su tökən Fərrux Rüstəmov haqqında yazı
Yazıma xeyli əvvəl ildırım sürətilə yayılan bir xəbərlə başlamaq istəyirəm: “Doktorluq dissertasiyasının bir hissəsinin başqa işlərdən köçürülməsini etiraf edən Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq istefaya çıxıb”. (01.03.2011, BBC).
Çox müdhiş hadisədir, deyilmi?! Belə baxanda Quttenberqin tutduğu vəzifə ilə onun elmi dərəcəsi arasında elə bir bağlılıq yoxdur. Lakin buna baxmayaraq o, bütün karyeralarının üstündən xətt çəkərək istefaya getdi. Çunki bu, sırf mənəviyyat məsələsi idi. Amma həyatda elə insanlara rast gəlirik ki, onlarda bu cür dəyər ölçüləri yoxdur. Belələrini ancaq bir şey düşündürür: Nəyin bahasına olur-olsun, özümə vəzifə, karyera və titul qazanım. Belə insanlardan biri də bu yazımın “qəhrəmanı” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji fakültəsinin dekanı, professor Fərrux Rüstəmovdur. Bəri başdan deyim ki, F.Rüstəmovun 2002-ci ildə “Pedaqogika (yeni kurs)” adlı irihəcmli kitabı çap olunub. Sonradan bəlli olub ki, kitab İ.Podlasıyın “Pedaqoqika (novıy kurs)” (Moskva: “Vlados” nəşriyyatı, 2000) kitabından köçürmədir. Kitab çapdan çıxandan xeyli sonra məsələ mətbuata yansımağa başlayıb. Belə ki, respublikamızın tanınmış pedaqoqlarından biri, professor Nurəddin Kazımov bu haqda “Azərbaycan müəllimi”, “Təhsil və zaman” və “Təhsil problemləri” qəzetlərində çıxışlar edərək ictimaiyyətin (xüsusən də pedaqoji ictimaiyyətin) və əlaqədar qurumların diqqətini ölkəmizin imicinə xələl gətirən bu məsələyə yönəltməyə çalışıb. Lakin təəssüflər olsun ki, heç kəsdən dəstək gəlməyib. Vəziyyəti belə görən professor məcbur olub 2009-cu ilin əvvəllərində təhsil nazirinə, təhsil naziri isə öz növbəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə müraciət edib. Agentlikdə seçmə üsulu ilə ayrı-ayrı mövzular tutuşdurulub və aydın olub ki, F.Rüstəmovun başabəla kitabından seçilmiş mətnlər İ.Podlasıyın dərs vəsaitindəki mətnlərlə üst-üstə düşür. Qiymətləndirmənin ilkin nəticəsi isə belə olub: “…“Pedaqogika (yeni kurs)” adlı dərs vəsaiti müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından plagiat sayılır”. Sual olunur: Bütün bunlardan sonra Rüstəmov nə etməli idi? – Mənə görə, mətbuat vasitəsilə ictimaiyyətdən üzr istəməli və pedaqoji səhnədən getməli idi (Quttenberq kimi). Amma o, tamam başqa yolu tutdu: Əksinə, öz postunu daha da “möhkəmləndirdi”, nazirliyin iclaslarında yuxarı başda oturdu, hətta çalışdığı ADPU-nun müdafiə şurasında sədr müavinliyini “ələ keçirdi” və s. Bu gün həmin şuranın iclasları, demək olar ki, onun rəhbərliyilə keçirilir. Onda suallar ortaya çıxır: Plagiatlıqla məşğul olan bir adama müdafiə şurası kimi ciddi təsisatı etibar etmək olarmı? Əgər bu adam özü plagiatlıqla məşğuldursa, necə təminat vermək olar ki, sabah o, şuradan plagiat dissertasiyaları keçirməyəcək? Rüstəmov ADPU-da həm də fakültə dekanıdır. Burada çalışan professor-müəllim heyəti, oxuyan tələbələr və magistrantlar ondan nə götürəcəklər, plagiatlıq?! Burada məsələnin ən faciəvi tərəflərindən biri də budur ki, təhsilmizdə dəhşətli hadisə baş verir, ancaq bir professordan başqa heç kəs dillənmir. Amma Almaniyada müdafiə naziri Quttenberqin istefası ilə bağlı 20 minədək alim kanslerə müraciət etmişdi. Mənə görə, alim üçün “plagiatlıq” sözündən ağır ikinci söz ola bilməz. Bu sözü üzərinə götürən adamdan elmdə və təhsildə saxta diplomdan tutmuş yalançı qiymət verməyədək hər şey gözləmək olar. Onda sual olunur: ADPU rektoru, bu işlərdən xəbərdar ola-ola, Rüstəmovu məsul vəzifələrdə niyə saxlayır, özü də bir yox, bir neçə?..
Əksinə, bütün bunlardan sonra Rüstəmovun “qiyməti” daha da artıb. O, təhsilimizin məzmununun qurulması – kurikulum və dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində əvəzolunmaz mütəxəssisə çevrilib. 1-9-cu siniflərin “Həyat bilgisi” kurikulumları F.Rüstəmovun rəhbərliyilə hazırlanıb. Cəmiyyət arasında lağlağı obyektinə çevrilmiş sınıq-salxaq, alayarımçıq 1-4-cü sinif kurikulumlarındakı biabırçılıqlar haqqında indiyədək çox danışılıb. Amma deyilənlərin hamısını Rüstəmov qulaqardına vurub, sanki bunun ona heç bir aidiyyəti yoxdur. Bu yaxınlarda isə 5-9-cu siniflərin “Həyat bilgisi” kurikulumları üzə çıxdı. Kaş ki, çıxmayaydı. Onlara baxanda adamın əti tökülür. Hər sinfin kurikulumu bir səhifə həcmindədir. Bu, açıq-açığına Azərbaycan elmini və təhsilini ələ salmaq, dövləti və hökuməti dolamaqdır. Belə çıxır, indiyədək islahat adı ilə ayrılmış külli miqdarda vəsaitin müqabilində, məsələn, 8-ci sinif müəlliminə “Həyat bilgisi”ndən bir səhifəlik material (kurikulum) verilib. Onda Rüstəmovdan soruşuram: Bir pedaqoq kimi deyin görüm, bu materialla müəllim nəyə nail ola bilər? Burada müəllim üçün nə var ki, o, bundan yararlansın? Digər tərəfdən, standartları kurikulum adı ilə təqdim etməyinizin anlamı nədir? Soruşula bilər: Bütün bunlar nədən qaynaqlanır? Deyərdim ki, məsuliyyətsizlik, səriştəsizlik və savadsızlıqdan…
F.Rüstəmov həm də Təhsil Nazirliyinin tabeçiliyindəki Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvüdür. Bu yedək qurumun bəd əməlləri haqqında da cox yazılıb. Şuranın təsdiq etdiyi dərsliklər bu gün “dillər əzbərinə” çevrilib. Onların ən biabırçısı “Həyat bilgisi” komplektləridir desəm, yəqin ki, yanılmaram. Bu komplektlərin istifadəsinə DQŞ-də yaşıl işıq yandıran əsas şəxs F.Rüstəmovdur. Onların hansı abırda olduğunu oxucuların diqqətinə çatdırmaq üçün bir misal gətirmək istərdim: “Həyat bilgisi-3”dərsliyində kurikulumda nəzərdə tutulmuş 40 bacarıqdan 15-i öz əksini tapmayıb və bunlar haqqında müəllimlər üçün metodik vəsaitdə də bir şey yoxdur. Digər komplektlər də onun kimi. Hələ onlarda olan elmi-metodik səhvləri demirəm. Əgər vəziyyət belədirsə, onda iki hal mümkündür: Bu komplektləri təsdiq edənlər ya savadsız, ya da saxtakardırlar…
Bu gün bir çox ziyalılar, yazarlar, ekspertlər, dövlət və hökumət yetkililəri, eləcə də ictimai qurumlar təhsilimizin vəziyyətindən dolayı həyəcan təbili çalırlar. Hətta bəzi beynəlxalq təşkilatlar da bu acınacaqlı duruma görə öz narahatçılıqlarını bildirirlər. Təbii ki, yaranmış vəziyyətin bir nömrəli baiskarı təhsil naziri Misir Mərdanovdur. Təsəvvür edin, bu adam 12 ilə yaxın bir müddətdə islahat adı ilə təhsilimizi, xüsusən də onun məzmununu darmadağın etdi. Təhsili dünya standartları səviyyəsinə yaxınlaşdırmaq əvəzinə, ondan daha da uzaqlaşdırdı. Məhz onun dövründə təhsil sistemi idarəolunmazlıq həddinə gətirildi, demək olar ki, məktəb anlayışından əsər-əlamət qalmadı. Hesab edirəm ki, bunları görmək üçün dağa-daşa düşmək, ciddi araşdırma aparmaq gərək deyil, sadəcə olaraq, gündəlik mətbuatı izləmək yetərlidir. Amma F.Rüstəmov, nədənsə, təhsilimizdə baş verən bu dağılmaları “görmür”. Mərdanovun tərifinə köklənmiş silsilə məqalələrinin birində o, yazır: “… Bu illər ərzində Misir müəllim bütün səylərini təhsil sahəsindəki çatışmazlıqların aradan qaldırılmasına, təhsilin bütün pillələrində effektiv yeniliklərin tətbiqinə, Azərbaycan təhsilində köklü məzmun islahatlarının aparılmasına, təhsil sisteminin yeniləşməsinə, milli və bəşəri dəyərlər zəminində Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya edilməsinə yönəltmişdir. Məhz onun Azərbaycan təhsilinə rəhbərlik etdiyi illərdə təhsil sistemi elmi cəhətdən əsaslandırılmış proqramlara uyğun idarə olunmağa başlamışdır”. (04.03.2011, Azərbaycan müəllimi). Həmin məqalədə F.Rüstəmov Mərdanovun cild-cild kitablar yazması və bu kitabların təhsil tariximizdə sanballı əsərlər kimi qalacağı barədə əndazəyə sığmayan fikirlər söyləyir. Onun bu bayağı fikirlərini oxuyanda, istər-istəməz, öz-özünə düşünürsən: Görəsən, Rüstəmov öz dediklərinə inanırmı?! Mərdanovun kitablarını vərəqləyəndə bəlli olur ki, onların bir çoxunun “ərsəyə” gəlməsində bu və ya digər formada (redaktor, buraxılışa məsul və s. kimi) F.Rüstəmovun xeyli “xidmətləri” var. Hesab edirəm ki, onun bu xidmətlərini qısaca belə dəyərləndirmək olar: Məddahlıq və şərin dəyirmanına su tökmək.
P.S. F.Rüstəmovun əsas araşdırmaları pedaqogika tarixi ilə bağlıdır. Məsləhət görərdim ki, o, gələcək tədqiqatlarında bu yazıdan da istifadə etsin. Amma istinad etməyi unutmasın. Əks halda yenə plagiatlıq etmiş olar…