Bin Ladeni satanın adı açıqlandı

ABŞ-ın müdafiə naziri deyib ki, Mərkəzi Kəşfiyyat İdarəsinə pakistanlı həkim məlumat ver

Amerika Birləşmiş Ştatları rəsmi şəkildə ilk dəfə olaraq keçmiş “Əl-Qaidə” lideri Usama ben Ladenin yerini tapmağa kömək edən mənbəni açqlayıb. ABŞ-ın müdafiə naziri Leon Panetta CBS telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində deyib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə Usama Bin Ladenin yerini pakistanlı həkim xəbər verib. Şakil Afridi adlı həkim Usama ben Ladenin Abbatabad şəhərində yaşadığı barədə məlumat verib. Pentaqon rəhbəri Leon Panetta Pakistanda xəyanət maddəsi ilə məhkum edilmiş Şakil Afridinin taleyindən dolayı narahatlığını da ifadə edib.

Verdiyi müsahibədə Leon Panetta həmçinin Pakistan rəhbərliyinin Usama Bin Ladenin yerini bildiyini də deyib. “Əminəm ki, Pakistan rəhbərliyi terrorçu Usama Binn Ladenin yerini hələ ABŞ qüvvələrindən də əvvəl bilirdi. Mən şəxsən həmişə hesab edirdim ki, Bin Ladenin gizləndiyi məlum olan ərazidə baş verənlərdən kimsə xəbərdar olmalıdır. Unutmayın ki, həmin yerdə divarların hündürlüyü 5,5 metr idi.” – deyə, ABŞ-ın müdafiə naziri bildirib. Onun sözlərinə görə, məhz bu ehtimala görə, əməliyyat haqqında Pakistan xüsusi xidmət orqanlarını məlumatlardırmamaq qərarı verilib.

Xatırladaq ki, “Əl-Qaidə” lideri Usama Bin Laden ötən il mayın 2-də ABŞ kəşfiyyatının xüsusi əməliyyatı zamanı öldürülmüş, əməliyyatdan sonra Vaşinqtonla İslamabadın münasibətləri korlanmışdı (ans press).