Sulutəpədə etiraz (FOTOLAR)

Sakinlər yolu bağladılar

Onlar «Yeni məhəllə»yə gələn marşrutların işləməməsinə, yolların bərbad vəziyyətdə olmasına etiraz edirlər

Sulutəpə qəsəbəsinin biq qrup sakini ötən gün yolu bağlayıb. Buna səbəb isə bir neçə gündür ki, 158 nömrəli marşrut avtobuslarının fəaliyyətinin dayandırılmasıdır.
Nəqliyyat Nazirliyinin işçiləri bunu marşrut xəttinə çıxarılan avtobusların standartlara uyğun olmamasıyla izah edir. Sakinlər isə nazirliyin göstərdiyi səbəblə razılaşmırlar.
“Bir müddət əvvəl biz ölkə başçısına, Nəqliyyat Nazirliyinə yazılı müraciət edəndən sonra Sulutəpə istiqamətində marşrut xəttinə yeni avtobuslar buraxdılar. Amma çox keçmədi ki, marşrut xəttinə nəzarət edən sahibkar yolların pis olduğunu əsas gətirərək, həmin avtobusları xətdən çıxartdı. Hər gün biz piyada 4-5 kilometr yol gedirik”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Qəsəbə sakinlərinin sözlərinə görə, Sulutəpənin “Yeni məhəllə” adlanan hissəsinə bir ay bundan əvvələ qədər 156A marşrut avtobusları gəlirdi. Sonradan marşrutun nömrəsini dəyişib 158 eləyiblər. Amma 5-6 gündür ki, bu marşrut da fəaliyyətini dayandırıb: “Əvvəl bura ümumilikdə, 12 marşrut vardı. Ikisi ”Coca-cola” istiqamətinə, 10-u qəsəbəyə. Indi isə sakinlər “4 yol”a gedib çıxmaq üçün 5-6 km. piyada getməlidir. Marşrutsuz bu yerlərə gedib-gelmək mümkün deyil”.

Etirazçılardan onu da öyrəndik ki, 158 nömrəli marşrut xəttinin sahibi Yusif adlı şəxslə Nəqliyyat Departamentinin işçiləri arasında mübahisə var. Bu problemin də “çanağı” sakinlərin “başında sınıb”: “Onların aralarında olan qarşıdurmaya görə bizlər problemlə üzləşirik. Yollar bərbaddırsa və buna görə iri tutumlu avtobuslar buraxılmırsa, yenə də məsuliyyət hökumətin üzərindədir. Hökumət yolları niyə düzəltdirmir?”
Sulutəpə sakinləri onu da qeyd etdilər ki, etiraz aksiyası keçirərkən polis zorakılığıyla üzləşiblər və bir neçə nəfər saxlanılaraq, 40-cı polis bölməsinə aparılıb.

Ramin DEKO