Sən atanla üzünə neft yaxanda,

Bizim çırağa tökməyə neftimiz yox idi…

Şərin ayaq tutub yeridiyi, hər tində özünə saray, dəbdəbəli villalar tikdiyi bir məmləkətin yazarı, şairi olmaq dərddi, zülmdü, əzabdı, Allah!
Amma sən gəl, gör ki, bu əzab sözün belini bükübmü? Yox, sözün boynu vurulur, qətl edilir, amma beli bükülmür, əyilmir… Söz satılır, satın alınır, hansısa saxtakarın, müstəbidin dilində simasını dəyişib eybəcərləşir, amma zərə çevrilib zərgərin əlinə düşəndə dəyərini geri qaytarır, cilvəli bir gözələ, cəsarətli savaşçıya çevrilir.
“Nə qədər ki, bəşər övladının canında şöhrət azarı, qarnında qorxu azarı var, gündə yüz şairin başı kəsilsə də, kimsədən səs çıxmaz” deyib “Qətl günü”nə haray çəkən Yusif Səmədoğlunun dilində savaşırdı söz…
Azərbaycan nəsrində bu hakimiyyətin eybəcər siyasətini, üzünü, əxlaqını, ürək bulandıran yaltaqlığını, ölkənin içində sadə insanların qənimi olub, kənarda lobbistlərin qarşısında əyilənlərin kimliyini açan, maskasını yırtan nümunələr var. “Yad dildə” vardı, “Allah qayıdır?!” var… Birində xuntanın dağılacağına, birində də şərə uymuşların Allahın əvəzinə ümummilli öndərlərini fironlaşdırıb hər yerdə onun şərəfinə ucaltdıqları tunc heykəllərin, məbədlərin dağılıb yerlə-yeksan edilməsinə ümid vardı…
Poeziya isə ümid istəmir, səbr də etmir, şair Cəlil Cavanşirin qələmində itilənib Ilham Əliyevə namə halında üzə çıxır… Oxuyursan bu məktubu, sona gəlib çatandan sonra bir də təkrar oxuyursan və birdən diksinirsən ki, ey fələk, sən demə, özünü hər şey sayıb, söz sahibini nakəsləşdirmək istəyənin özü bir heçmiş… Yanında heç bir rəqəmin yer ala bilməyəcəyi böyük bir SIFIR!
Ey Allahım! Necə yaşayır bu ölkənin sözə sahib çıxmış dərdli şairi?..
Bu ölkədə sözün qətlini törədənlərin əhatəsində içini nifrətdən necə təmiz saxlaya bilir yazar?
Ölkə başçısı kanalizasiyanın da açılışında lent kəsəndə şair “damarlarını kəsib” yaşayır… Bir ölkənin prezidenti gələcəyi, gəncləri həbsxanalara dolduranda, şairi də “xəyal qurur” həmin gənclərlə… O, oğluna Dubayda villa alanda şair də oğlunu vədlərlə ovundurur…
Şairin dərdi villa deyil, bu dərd, ancaq dünyanın mahiyyətini sərvətə yükləyənlərə aiddir. Şair dəbdəbə dərdi çəkməz, şair söz dərdi çəkər. Özü kitabını dərc etdirməyə pul tapmadığı halda, ölkəsinin başçısı xalqa çatası pulları daşa, divara görə göyə sovuranda, kürsüsünü qorumaq üçün əcnəbi ölkələrdə lobbistlərə rüşvətlər verib “qara camaat” saydıqları sadə insanlara təşəxxüs satanda çəkdikləridir şairin dərdi…
Toxların harınlıqdan, yoxsulun aclıqdan başının hərlənməsini duyub da, bu ölkədə necə yaşaya bilir sözə sahib çıxanlar?..
Ac olsaq da, harın olmağın eybəcərliyindən sözə sığınıb yaşaya bilmək nə qədər ucalıqdır, Allahım!
Bu ölkədə kirayələrdə əlyazmaları itən, ayın axırına pulu çatmayacaq deyə, quruş hesabı aparan yazar olub… Hər gün üstünə axan çirkabda çirklənməmək, ayı yeyən “insan-ayılar”dan biri olmamaq üçün hansı iradəyə sahib olmaq lazımdır, ILAHI!
Sözə sevdalanıb yanmaq necə bir aşiqlikdir, Allahım!
Ey mənim sözümü əzmək istəyən prezident, sən güclü deyilsən, sadəcə, güclü görünürsən… Sən xalqından qorxub mühafizələrinlə gəzəndə, mən o xalqın içinə tələsirəmsə, deməli ki, mən daha cəsarətliyəm…
Mən soyuq evimdə donanda ürəyimin söz sevgisi məni ölməyə qoymur, amma sənin soyuq milyardların səni isidə bilmir…
Sözümün qüdrəti sənin zorundan çox böyükdür…
Və mən…
O burdadır…
Satılmayan sözün yanında…
Cəlil Cavanşirsə mənim dilimlə sənə namə yazır, oxu və…
Unutma…
Gün gələcək,
Mənim ulduzum yananda
Sənin çırağın sönəcək.