Bayram Bayramovu «Cıdır düzü»ndən «Karvan yolu»na çıxaran elə bu sevgi idi…
Bayram Bayramov çoxları üçün yaxın keçmişin ən məhsuldar nasiri, publisist, xalq yazıçısı, fəal ictimai-siyasi xadim, o cümlədən deputat, Qarabağa Xalq Yardımı Komitəsinin sədri, ya da ən azı məşhur “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” sitatının müəllifi kimi xatırlana bilər. Hər şeyi kənara qoyub, bircə bu faktı yada salaq: o, Azərbaycanın istiqlaliyətinə səs verib. B.Bayramovun bütöv həyat amalı, xoşbəxtlik arzusu, insan, vətəndaş, müəllim, yazıçı, ağsaqqal kimi mövqeyi və mübarizə devizi elə bu səsdə konkret ifadə olunub.
Ömrünün son illərində nəşr etdirdiyi “Üzlü-astarlı günlər” xatirə-romanı B.Bayramovun ömür yoluna güzgü tutur:
“Bütün nəslimiz köklü-köməcli qarabağlıdır,
Kolanı ellərindəndir. Adını bildiyim baba və ulu babalarımdan altısı bu yurdda ömür sürüb. Kəndimiz Xaçın çayının sol sahilində, dağətəyində yerləşir. Indi də mənim ulu babam Əlimədədin adı ilə Əlimədədli adlanır”.
Haqqında danışılan yer o vaxtkı Yelizavetpol quberniyasının Şivənd (indiki Ağdam rayonunun Əlimədədli) kəndidir. Quberniya divanxanasının ədalətsiz qərarı ilə ata-babası bir müddət bu kənddən dərbədər salınıb. Onun dünyaya gəlişi “Yevlaxın çöl-düzündə qızdırma xəstəliyi, qara su, kəsif hava, yayın dəhşətli istisi” ilə “Şamın müsibəti”ni görən valideynlərinin Nikolay taxtdan salınandan sonra dədə-baba yurduna təzəcə qayıtdığı vaxta təsadüf edib. “Gözümü açıb dağları, yayda aşan, coşan, qışda daşları ağarışan Xaçın çayını, dərələrə çətin sığan selləri görmüşdüm…”.
Vaxtında qeydə alınmadığından, Bayram Bayramovun dəqiq doğum tarixi bəlli deyil. Yeddillik kənd məktəbini bitirib texnikuma daxil olmaq istədiyi 1934-cü ildə ondan yaş kağızı istənilən vaxta qədər bu məsələ üzərində heç fikirləşən də olmayıb. Ona deyiblər ki, “Urusetdə şura hökuməti qurulandan sonra hürriyyət oldu, qışı qalıb yaylaq vaxtı öz ellərimizə köçdük. Burada filankəsin filan oğlu, filan mamanın filan qızı anadan oldu, sən də onlarla bir ilin uşağısan”. Beləcə 7 aprel 1918-ci ildə dünyaya gəlməyini elə öz fəhmi ilə müəyyən edib.
Böyüklərə dərs keçən uşaq
B.Bayramovun uşaqlıqdan ta ömrünün sonunadək həyatı təlatümlər, burulğanlar, qovğalar içərisində keçib, daim ağır sınaqlara çəkilib, məhrumiyyətlər məngənəsində sıxılıb. Körpə yaşlarında anası vəfat edib. Kəndlərində məktəb olmadığından ibtidai təhsilini dayısının on səkkiz nəfərdən ibarət külfəti ilə yaşadığı Bərdənin Malbinəsi kəndində alıb. Yaxınlarından ayrı düşdüyü bu çağlar zərf almağa və poçt xidməti haqqı ödəməyə pulu olmadığından atasına yazdığı məktubları aylarla qoynunda gəzdirib, onu yola salmağa imkan tapmayıb. Bu dövrdə ölkədə kollektiv təsərrüfatın yaranması fonunda amansız sinfi mübarizəyə start verilir, hər yerdə “sinfi düşmən”lərin, “ziyankar ünsür”lərin, digər “qalıq” və “quyruq”ların zərərsizləşdirilməsi işi aparılır. “Qırmızı imperiya”nın zor gücünə və repressiv metodlarla həyata keçirdiyi tədbirlərdən bəlkə də yeganə dəyərləndiriləsi iş “Savadsızlığın ləğvi” dövlət proqramı idi, onun nəticəsində Azərbaycan əhalisinin böyük bir kəsimi yazıb-oxumağı öyrənib. Savadsızlığın ləğvi üçün təşkil edilən kurslara Bayram və onun məktəb yoldaşları da cəlb edilir.
1934-cü ilin Novruz bayramını texnikum yataqxanasında qarşılayan Bayram və qardaşına evlərindən bayram payı əvəzinə bəd xəbər gəlir: ataları Salman həbs olunur. “Elə bil dərin bir quyuya saldılar məni, ondan da dərin və qaranlıq bir yerdən vahiməli, rişxəndli bir səs ilan həniri ilə pıçıldayırdı: apardılar havadan, bulaq suyundan da təmiz bildiyiniz atanızı…”.
Bayramovlar ailəsinin həm şəxsiyyət, həm də ziyalı kimi formalaşmasında, təhsilə, elmə, yaradıcılığa maraq göstərmələrində Salman Bayramovun təsiri güclü olub. Seminariya təhsili alan S.Bayramov, ərəb, fars, rus, erməni və türk dillərini də öyrənmiş, evində Azərbaycan, Şərq və rus klassiklərinin əsərlərindən ibarət, eləcə də tarix və ilahiyyata dair zəngin kitabxana olmuşdur. Əvvəllər Müsavat Partiyasının bölgə üzrə idarə heyətinin üzvü olmağına və ADR hökumətini dəstəkləməyinə baxmayaraq, qabaqcıl ziyalı və el içində nüfuz sahibi olduğuna görə sovetlər də onu mühüm dövlət işinə cəlb edib – Tərtər qəzası üzrə icraiyyə komitəsinin sədri vəzifəsinə təyin edilib. Tutularkən kitablarının, topladığı “incilərin” və qeydlərinin bir hissəsi də evdən aparılır, qalanlarını isə qorxu, vahimə içərisində olan yaxınları təndirdə yandırır. Atasının şərlənərək “düşmən” elan edilməsi uzun illər boyu, hər addımbaşı B.Bayramovu təqib edir, ona mənəvi iztirablar yaşadır. Təkcə bircə fakt: şəxsi işi yoxlanılacağı və barəsində donosların yazılmasına rəvac verəcəyinə görə hələ gənc yaşında layiq görüldüyü “əməkdar müəllim” fəxri adından imtina edib.
Texnikum təhsilini bitirəndəndən sonra B.Bayramov təyinatla bir müddət Tərtər rayonundakı Qusanlı, Müsəlmanlar və Xoruzlu kənd məktəblərində müəllim və məktəb müdiri işləyib. Ikinci dünya müharibəsi illərində “Vətən xaini”nin oğlu da ön cəbhəyə yola salınıb. Mozdok uğrunda gedən döyüşdə yaralanan B.Bayramov müalicə üçün Yevlaxda yerləşən hərbi xəstəxanaya göndərilib. Tam sağalmaq üçün xeyli vaxt tələb olunurdu, amma o, bekar qala bilmir və rayonun Qoyunbinəsi kəndində müəllim işləməyə başlayır. Yerli hərbi komissarlığın qərəzli münasibəti üzündən yenidən ön cəbhəyə yola salınır. 1944-cü ildə məktəblərdə pedaqoji kadr çatışmazlığını nəzərə alaraq, bir çox müəllimlərlə birgə o da ordudan tərxis olunur. Doğulduğu, vaxtilə ata-baba mülkləri olan məktəbdə hərbi rəhbər işləyir.
“Onun bəlalı məhəbbəti”
B.Bayramovun ssenariləri əsasında “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı məhəbbəti” filmləri çəkilib. Amma biz bu barədə yox, onun öz bəlalı sevgisindən söz açacağıq.
Qeyd edək edək ki, ömür-gün yoldaşı Zümrüd xanım da müəllim olub, onlar hətta bir məktəbdə işləyiblər. Cəbhədən yaralanıb qayıdarkən ailə üzvləri xeyir iş tutmaq istəyib. Amma qəfil ön cəbhəyə yola salınmağı bu işi bir az yubadıb. “Adım onunla çıxıb, canım da onunla çıxasıdır” – Zümrüdün dilindən eşitdiyi bu sözlər cəbhdən-cəbhəyə yola düşən əsgərə toxdaqlıq gətirib.
Ordudan tərxis olunandan sonra Bayram müəllim başqa məktəbdə işə düzəldiyindən bir-birlərindən uzaq düşürlər. “Uzaq düşmək belə idi ki, Xaçın çayını keçib, Boz dağı aşıb, obalar keçib getmək gərəkdi”. Amma kolxoz sədrinin atı ilə əsgər geyimində gənc Bayram bu istiqaməti, necə deyərlər, su yoluna döndərir. Qardaşı Soltanın əmək gününə düşən taxılı üyüdüb 100 kilo unu satmaqla toy tədarükü etmək qərarına gəlirlər. “Iki kisə unun az qala yarım kisə pulu oldu. Bilet-zad almadan, vaqonların pilləkənində Gəncəyə getdik. Ayaqqabı, paltarlıq, xırda-xuruş ehtiyat almalı idik…”. Unun pulu çox bərəkətli olur, onunla gəlinə o dövrə uyğun ürəkləri istəyən kimi bazarlıq edirlər. Digər qardaşı Fərman isə təzə bəy üçün pencək, şalvar və ayaqqabı alır. Amma bir neçə gün sonra içərisində Zümrüd xanım da olan yük maşını Ağdama gedən yolda aşır. Ölüm-itim olmasa da, maşındakılar müxtəlif xəsarətlər alır. Hətta xəstəxanadan çıxıb evə buraxılan nişanlı qız bir müddət çəliklə həyət-bacada hərlənir. Oğlan evi tələssə də, qız atası şərt qoyur ki, nə vaxt Zümrüd gedib məhlənin başındakı bulaqdan bir qrafin su gətirə bilsə, onda gəlib gəlininizi apararsınız.
“Xeyir işimiz yaya düşdü. Darısqal, yarıqaranlıq, döşəməsi torpaq, qara daşdan hörülmüş, divarları suvaqsız otaqda böyük bir ailə yaşayırdıq. Toy, gəlin otağına heç bir oxşarı yox idi”. Elə bu darısqallığa görə təzə evlənənlər növbəti dərs ili başlanan kimi məktəbdəki boş sinif otaqlarından birinə köçürlər. “Məktəbdə ayrılan ikiotaqlı taxta döşəməli, təzə mənzildə yaşayışımız, əlbəttə, müqayisə edilməyən dərəcədə yaxşılaşmışdı. Arıq bir yabı almışdım. Zümrüd müəllimə də at minməyi çox xoşlayırdı”.
Bir il sonra isə onlar arzusunda olduqları ali təhsil almaqdan ötrü Bakıya yola düşürlər. Elə vağzaldaca əşyaları və qəpik-qəpik yığdıqları pullar olan çemodanlar oğurlanır. Yataqxana darısqallığı, çörək talonunu itirib günlərlə ac qalmaq bahasına, qohum-qardaşın pay-parçası ilə təhsil alırlar. Əlləri çörəyə çatandan sonra onların evləri Bakıya təhsil dalınca gələn 62 nəfər qohum və tanışlarının övladları üçün qalacaq yeri olub. Beləcə düz 50 il birgə xoşbəxt həyat sürürlər. 5 övladları olub, hamısı da ali təhsil alıb. Qeyd edək ki, B.Bayramovun sevimli həyat yoldaşı ötən il vəfat edib.
Yazılmış və yazılmamış kitablar
B.Bayramovun ədəbiyyata gəlişi bir qədər “təsadüfi” olub. 1949-cu ildə “Azərbaycan gəncləri” qəzetində hekayə müsabiqəsi barədə dərc olunan bir elandan sonra özünü sınamaq qərarına gəlir və “Körpü” hekayəsini yazıb redaksiyaya göndərir. Bir müddətdən sonra onun adı, əsərləri bəyənilən müəlliflər sırasında olur və 1950-ci ildə hekayəsi dərc olunur. Ilk qələm təcrübəsi olmağına baxmayaraq, “Körpü” tanınmış yazıçılar, o cümlədən Mehdi Hüseyn tərəfindən yüksək qiymətləndirilir. Bundan sonra bir-birinin ardınca hekayə, povest və romanları işıq üzü görür, “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Onun gözləri”, “Xəzinə”, “Bəlalı sevgim”, “Arakəsmələr”, “Üç gün, üç gecə”, “Yasəmən” kitabları nəşr olunur, 3 cilddən ibarət “Seçilmiş əsərləri”nin ilk iki cildi buraxılır. 1956-cı ildə o, artıq radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, 1958-ci ildə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, 1960-cı ildə isə Azərbaycan Yazıçılar Ittifaqında nəsr üzrə məsləhətçi idi.
Maraqlıdır ki, o, hər iki əli ilə işləməyi bacarıb. Əlyazmalarının ilkin variantı diyircəkli qələmlə yazıldığından, barmaqlarının arası mazol bağlayıbmış. 1972-ci ildə “Azərbaycan” jurnalında dərc edilən “Yazılmamış kitab” romanı ilə, necə deyərlər, başına iş açır. Dərhal jurnalının 8-ci nömrəsinin bütöv tirajı məhv edilir. Respublika rəhbərliyinin qoyduğu qadağalara görə 1972-74-cü illərdə B.Bayramovun nəinki kitablarının nəşrinə, hətta qəzet və jurnallarda kiçik hekayəsinin belə, dərcinə imkan verilmir. “Üzlü-astarlı günlər”i görən “Fəhlə qardaş”, “Çox sözdən sonra” “Cıdır düzü”ndən əlinə yol alıb ta “Karvan yoluna” çıxır və sonrakı “Yazılmamış kitab”larını yazır.
“Karvanımız yoldadır…”
Ötən yazımızda biz B.Bayramovun təxəyyül məhsulu olmayan bəlalı sevgisindən söz açmışdıq. Oxucularımızdan biri zəng edib yadımıza saldı ki, onların məhəbbət dastanı hələ sağlıqlarında S.Rəhimovun “Bəhram və Zərəfşan” romanında qələmə alınıb. Təpədən dırnağadək vətənpərvər yazıçının “Karvan yolu”, “Cıdır düzü” romanlarında Qarabağın ətri, Şuşanın füsunkar gözəlliyi duyulur. Bu əsərlərdə Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir kimi milli iftixarlarımızın gerçək obrazları yaradılıb. Iri həcmli bədii əsərlərlə yanaşı, 70-80-ci illərdə mətbuatda Qarabağın, Şuşanın problemləri, buradakı Azərbaycan milli sərvəti olan tarixi-memarlıq abidələrinin qorunması vəziyyəti ilə bağlı çoxsaylı məqalələri dərc olunub: “Qarabağda bağ olar”, “Dağlar gözəli Şuşa”, “Hər daşın da qədr-qiyməti var”, “Şuşanın qayğıları”, “Qarabağın tacı” və s. Bəzi “ehtiyatlı” yazıçı-publisistlərdən fərqli olaraq, o, respublika və vilayət rəhbərliyini açıq mətnlə tənqid edir, ortaya konkret faktlar qoyurdu. 60-cı illərdə Şuşanın kurort şəhərinə çevrilməsində B.Bayramovun da əməyi az olmayıb.
Təbii ki, B.Bayramov Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə biganə qala bilməzdi. Onun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsi Şuşanın, Azərbaycan kəndlərinin qorunmasında, blokadada olan əhaliyə humanitar yardım göstərilməsində, milli müqavimətin təşkilində xeyli iş gördü. Müsahibələrin birində deyirdi: “Karvanımız yoldadır və nə qədər ki, lazımdır, bu karvan yolda olacaq”. O qaynar, təatümlü günlərdə ağır yığnağın yükünü çəkmək elə də asan deyildi. Komitənin yerlərdə özəklərinin yaranması, sonralar ərazi özünümüdafiə batalyonlarının formalaşmasına gətirib çıxardı. Bütün bunlar Azərbaycan öz dövlət müstəqilliyini bərpa edənə, Milli Ordumuz yarananadək olmuşdu. Insafən deyək ki, ictimai təşkilat bundan artıq heç nə edə bilməzdi.
Ölüdən də intiqam?!
Son vaxtlar Bayram Bayramovun doğum günü və vəfatının ildönümü qeyd olunmur, əsərləri, ictimai fəaliyyəti təbliğ edilmir. Bunun bircə səbəbi var: o, Heydər Əliyevin şəninə mədhiyyə demək üçün növbəyə duranlardan, marağına uyğun çıxış edənlərdən olmayıb, ehtiyacı olduğu vaxtlarda onu palamentdə qınaqlardan qorumayıb, əksinə, “üzünə ağ olub”, fərqli mövqe sərgiləyib. “Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətində” isə belələrinə yer yoxdu. Heç kəsə sirr deyil ki, ata və oğul əliyevlərin ziyalılara yanaşmasında əsas kriteriya şəxsi sədaqət, Ailəyə xidmət məsələsi olduğundan, cəmiyyətin “ziyalı” adına iddialıları o halda söz sahibinə çevrilib, imtiyazla, medalla, mandatla mükafatlandırılaraq yuxarı başa keçirilib ki, onlardan öz maraqlarına xidmət, hakimiyyətlərini qorumaq vasitəsi kimi istifadə edilsin. B.Bayramov isə sərgilədiyi vətəndaş mövqeyi, dilə gətirdiyi ağsaqqal sözü ilə bütün siyasi oyunların, firqələr arası dartışmaların, qohumbazlıq, tayfabazlıq və regionçuluqdan kök götürən intriqaların, şəxsi ədavətin fövqündə dayanıb. Əvəzində isə ona nadanlıq münasibəti sərgilənib. Məlum parlament çıxışından sonra “haqsızlıqdan” hiddətlənən bəzi “vətənpərvərlər” kitabxanalardan onun kitablarını götürərək küçələrə töküb və tapdalayıblar. Hətta bütün dövrlərin deputatı olan Fəzail Ağamalı da qəzəbini boğa bilməyərək onun kitabını yandırdığını dilə gətirib. Vaxtilə rəhbərlik etdiyi Komitənin mətbu orqanı olan “Azərbaycan” qəzetində barəsində tənqidi yazının dərc olunması onu opponentlərindən fərqləndirən mühüm cəhətin – demokratik düşüncəli olmağın, fərqli fikrə dözümlü yanaşmanın göstəricisi sayıla bilər.
Deyilənə görə, ömrünün son günlərində yazıçının dostlarından bir neçəsi təklif edib ki, bəlkə xətrinə dəydin insandan üzürxahlıq edəsən. Hətta barışıq üçün təşəbbüs göstərməyə hazır olduqlarını da vəd ediblər. O, Qarabağ ləhcəsi və ötkəm bəy oğlu vüqarı ilə
“Ayə, qoymazsınızmı öləndə də adam kimi ölək?!”
deyib. Vəfat edərkən “Azərbaycanın xalq yazıçısı” və “Dövlət mükafatı laureatı” titulları daşımağına baxmayaraq, mərhumla vida mərasiminin Dövlət Filarmoniyasında keçirilməsinə icazə verilmir. Hətta dövlət televiziyası da ölümü barədə xəbəri yaymır. Dəfnində rəsmilərdən heç kəs iştirak etmir, üzvü olduğu Milli Məclisin adından məzarı üstə çələng qoyulmur. Rəsmi dövlət qəzetinin son səhifəsində şəkli verilmədən yalnız Yazıçılar Birliyi adından kiçik nekroloq dərc olunur. Ovaxtkı Heydər Əliyev senzurası hətta “Azadlıq” qəzetinin 12 noyabr 1994-cü il tarixli sayında B.Bayramovun ölümü barədə ürək yanğısı ilə qələmə alınmış misraları qayçılayaraq götürüb. Iki gün sonra “Azadlıq”da gedən daha bir yazı da senzuranın qayçısı ilə doğram-doğram edilib, hər halda, o yazıdan bu sözlər salamat çıxıb: “Tamamilə başqa hərəkət gözləyən adamlar yad bir münasibətin duyğularına toxunduğunu hiss edib küt nəzərlərlə yan-yörəyə boylanırlar: – Bu nə deməkdir? Onlar əsəbiləşirlər, çünki bu toxunmadan yaranan titrəyişi sakitləşdirmək üçün onların təsəvvürlərində heç bir dəlil, hətta bəhanə də yoxdur. Təsəvvürlərdəki bütün dəyərlərin dəstəkləmədiyi və rədd etdiyi bu titrəyiş öz yerində vurnuxmağa başlayır, çıxış yolu axtarır. Və adamlar daha təəccübdən, heyrətdən deyil, qəzəbdən başlarını bulayırlar: – Belə olmaz!”.
Amma neyləyəsən ki, B.Bayramova qarşı bu münasibət “əsası ümummilli lider tərəfindən qoyulan siyasi kursun” ayrılmaz tərkib hissəsi kimi dəyişməz olaraq qalır. Bu adamın unutdurulmasının məqsədli, həm də siyasi sifarişdən qaynaqlandığı göz önündədir. 2008-ci ildə yazıçının 90 illiyi heç kəsin, hətta AYB rəhbərlərinin yadına düşməyib, “Bayram Bayramov-90″ rubrikası altında yubiley məqaləsini ”Ədəbiyyat qəzeti” növbəti təqvim ilində dərc edib. Doğulduğu Ağdam torpağında da rəsmilər onun adını dilə gətirmir. Rayonun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində son vaxtlar mədəniyyət sarayı əsaslı təmir edilib və onun önündə bu bölgədən çıxmış tanınmış elm və sənət adamlarının şəkilləri yerləşdirilib. Onların arasında B.Bayramovun portreti yoxdur.
Bildiyimiz kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının əhəmiyyətli hissəsi latın qrafikalı əlifba ilə dövlət hesabına nəşr edilib. B.Bayramov yeganə xalq yazıçısıdır ki, onun bir əsəri də bu yeni nəşrlərə salınmayıb. Sözügedən sərəncam əsasında çap olunmuş bütün kitabların bir səhifəsini “Prezidentdən ölkə kitabxanalarına hədiyyə olunur” sözləri zəbt edib. Heç nə yox, təkcə elə bu reklam xarakterli məlumatın tirajlanması əvəzində onun çoxsaylı əsərlərindən biri yeni əlifba ilə işıq üzü görə bilərdi. Orta məktəblərin ədəbiyyat dərsliyini tərtib edərkən YAP-çı deputat-alim Nizami Cəfərov da Bayram Bayramov adlı yazıçının varlığından “bixəbər” olub – həyat və yaradıcılığı barədə oçerk qalsın bir yana, çağdaş Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı onillikləri üzrə xülasələrdə belə onun adı çəkilmir. Sanki belə bir yazıçı olmayıbmış, onun nəinki əsərlərini təqdim etmək, hətta “Karvan yolu”nun, “Cıdır düzü”nün adını çəkmək yeni nəslin təlim-tərbiyəsini poza bilər…
Kənan Hacının “Abzas.net” ədəbi-bədii internet portalında yerləşdirilən köşə yazısında maraqlı etiraf var: “Mənim on altı yaşım vardı və xalq yazıçısına açıq məktub yollamışdım. O vaxt ”Açıq söz” qəzeti bu məktubu dərc etdi. Həmin məktubdan bircə cümlə indi də yadımdadır: “Siz Heydər Əliyevə qarşı çıxmaqla öz oxucularınızı itirdiniz!”.ÿÇox sərt ittiham idi. Ən qəribəsi və gözlənilməzi isə buydu ki, Bayram Bayramov mənə cavab yazmışdı. Həmin məktub indi də arxivimdədir. “Bala, sən hələ demək olar ki, uşaqsan. Böyüyüb çox şeyləri biləcəksən. Emosiyaya qapılma. Bu barədə hökm verməyin hələ çox tezdir. Insanın ən ədalətli hakimi onun vicdanıdır. Mən vicdanımın diktəsilə o tribunaya qalxmışdım və dediklərim də yüzəyüz həqiqətdir. Vaxt gələcək, bütün bunları biləcəksən. 18 mart, 1991-ci il. Bayram Bayramov”. Bu yazını yazmaqla Bayram Bayramovun ruhu qarşısında günahlarımızın bağışlanmasını istədim. Bağışla bizi, böyük yazıçı! Səni belə tez unutduğumuza görə…”.
Adsız məzar (epiloq əvəzi)
…II Fəxri xiyabana gedib B.Bayramovun məzarının yerini soruşuram. Öyrənirəm ki, soldan 2-ci sıradadır. Baxa-baxa sıranı başa çıxıram, amma onun məzarını tapa bilmirəm. Yenidən giriş qapısına qayıdıb xiyabanda işləməyi şübhə doğurmayan, bir az əvvəl gördüyüm qara paltolu kişidən bir də xəbər alıram. “Baş daşı, abidəsi, ya şəkli yoxdu, üzərində adı da yazılmayıb. O sırada elə bircə onun qəbri adsızdır” – deyir.
Azər Əli