İctimai Komitənin üzvləri “2 aprel”çilərlə görüşüblər

Sahib Məmmədov: «Bütün şikayətlər qapalı zərfdə Ədliyyə Nazirliyinə çatdırılıb»

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə Ictimai Komitənin üzvləri 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. Komitənin üzvləri kalonda cəza çəkən məhbuslar, o cümlədən “2 aprel”çilər Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Əhəd Məmmədli ilə də görüşüblər.
Ictimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, məhbusların qaldırdıqları problemlər hesabat şəklində hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub: “Təxminən 20 məhbusla görüşüb söhbət etdik. Onların qaldırdıqları bütün problemlər hesabata daxil edilib. Hesabat da elə həmin gün qapalı zərfin içində Ədliyyə Nazirliyinin Insan hüquqları və ictimaiyyətlə əlaqə idarəsinə çatdırılıb. Bir ay müddətində Ədliyyə Nazirliyi lazımi tədbirləri görüb Ictimai Komitəyə məlumat verəcək”.
S.Kərimovun sözlərinə görə, məhbusların əsas şikayəti su problemi ilə bağlı olub: “Bu məsələni Tural Abbaslı da, digər məhbuslar da qaldırmışdılar. Biz deyilənlərlə kifayətlənmədik, müəssisəyə baxış keçirib şəkillər çəkdik. Amma deyim ki, su problemi Penitensiar Xidmətlə bağlı deyil. Belə olsaydı, bunun dərhal həllinə nail olardıq. Bu, ”Azərsu” ilə bağlı problemdir. Biz məsələni belə qoymuşuq ki, “Azərsu”ya nazirlik səviyyəsində müraciət olunsun, suyun həcminin artırılması üçün danışıqlar aparılsın”.

Gültəkin