16-cı kalonda məhbuslar soyuqdan donur

Vicdan məhbusu Zülfüqar Eyvazlının saxlanma şəraitindən şikayəti var

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilən AXCP Nizami şöbəsinin sədri Zülfüqar Eyvazlının saxlanma şəraitindən şikayəti var. AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, bunu, Z.Eyvazlı bugünlərdə həyat yoldaşı ilə görüşündə deyib:
“Zülfüqar bəyi 10 saylı kalondan 16 saylı kalona köçürüblər. Zülfüqar bəy bildirib ki, bu kalonda hava həddən artıq soyuqdur. Saxlanma şəraiti çox pisdir. Deyib, hava o qədər soyuqdur ki, elə bil çöl şəraitindədirlər. Belə havada hətta xəstəlik də tapmaq olar”.
G.Bayramlının sözlərinə görə, belə hava şəraiti səhhətində onsuz da problemlər olan Z.Eyvazlıya qətiyyən yaramır: “Zülfüqar bəyin səhhətində problemlər var, üstəlik şəkəri də var. Bu səbəbdən ailəsi ona görə çox narahatdır. Müəssisə rəhbərliyi isə problemi aradan qaldırmaq üçün heç bir addım atmır”.