Misir inqilabının 1 yaşı tamam oldu

Ölkədə bayram tədbirləri keçirilir; Ali Hərbi Şura 30 ildən çox davam edən fövqəladə rejimi ləğv etdi

Misirdə 30 ildən çoxdur qüvvədə olan fövqəladə vəziyyət qismən ləğv edilib. Bu barədə Hüsnü Mübarək devrildikdən sonra formalaşmış parlamentin ilk iclasında qərar verilib və Ali Hərbi Şuranın rəhbəri Hüseyn Təntavi onu elan edib. Qərar Misirdə Mübarəkin devrilməsilə nəticələnən inqilabın başlanğıcının birinci ildönümü münasibətilə verilib.
Mübarəkin devrilməsilə nəticələnən inqilabın başlanmasının ildönümünü qeyd etmək üçün bütün ölkədə tədbirlər keçirilib. Ən böyük nümayiş Qahirənin Təhrir meydanında baş tutub. Meydana siyasi partiyaların və ictimai birliklərin nümayəndələri və yüz minlərlə gənc toplaşıb. Məhz Təhrir meydanı Hüsnü Mübarəkin istefası tələbilə keçirilən nümayişlərin mərkəzi idi.
Bayram tədbirləri, hərbi paradlar və konsertlərlə yanaşı, Misirdə ötən il nümayişlərdə ölən inqilabçıların xatirəsinə matəm mərasimləri də planlaşdırılıb. Həmçinin ötən 1 il ərzində dəyişikliklərlə kifayətlənməyən və hərbi hökumətə qarşı çıxanların etiraz aksiyaları da keçirilib. Etirazçılar Hüsnü Mübarəkin və Ali Hərbi Şuranın rəhbəri Hüseyn Təntavinin edam olunmasını tələb ediblər.
Xatırladaq ki, Misirdə fövqəladə vəziyyət 1981-ci ildə prezident Ənvər Sədat qətlə yetirildikdən 8 gün sonra tətbiq edilmiş, hər 3 ildən bir yenilənmişdi. Mübarəkin hakimiyyəti illərində siyasi partiyaların fəaliyyəti qadağan edilmiş, mediada senzura tətbiq olunmuşdu. Bu tədbirlər daha çox islamçılara və onların ən böyük partiyası olan “Müsəlman Qardaşları”na qarşı yönəlmişdi. Həmin partiya Mübarək devrildikdən sonra keçirilən parlament seçkilərində qalib gəlib.
Misirdə fövqəladə vəziyyətin ləğv edilməsi ötən ilin yanvarında başlayan anti-hökumət nümayişlərində səslənən əsas tələblərdən biri olub. Mübarəkdən sonra müvəqqəti olaraq hakimiyyətə gələn Ali Hərbi Şura isə fövqəladə vəziyyəti ləğv etməyə tələsmirdi.
Qeyd edək ki, 2010-cu ilin sonunda Tunisdə tərəvəz satan bir gəncin sosial ədalətsizliyə və bələdiyyə işçilərinin zorakılıqlarına etiraz əlaməti olaraq özünü yandırmasıyla başlanan “Ərəb baharı” çox keçmədi ki, Misirə də sıçradı. Yüz minlərlə etirazçının günlərlə paytaxt Qahirənin Təhrir meydanında və ölkənin müxtəlif yerlərində Hüsnü Mübarək rejiminə etirazları öz bəhrəsini 17 gün sonra verdi. 30 il ölkəni dəmir yumruqla idarə edən Hüsnü Mübarək xalq etirazları qarşısında istefa verməyə məcbur oldu. Ölkənin idarəçiliyi Silahlı Qüvvələrin Ali Hərbi Şurasına verildi. Ötən bir il ərzində ölkədə ilk dəfə olaraq azad və ədalətli parlament seçkiləri keçirildi. Fəaliyyəti qadağan olunmuş “Müsəlman Qardaşları” seçkinin qalibi oldu. Yeni Konstitusiyanın hazırlanması üçün komissiya yaradıldı. Mübarəkin hakimiyyəti illərində vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunan yüksək vəzifəli rəsmilər məhkəmə qarşısına çıxarıldı. Hazırda Hüsnü Mübarək və iki oğlunun, keçmiş daxili işlər nazirinin və müavinlərinin məhkəməsi gedir. Onlara qarşı vəzifə səlahiyyətlərini aşma və dinc etirazçılara qarşı zorakılıq əmrini vermək ittihamı irəli sürülüb.
Mübarəkin devrilməsilə nəticələnən aksiyaların iştirakçısı olmuş şəxslər, eləcə də prokuror diktatorun edam olunması tələbilə çıxış edib.

Informasiya şöbəsi