«Azadlıq»ın yazarı nazirliyi ittiham edir

“ASI” qəzetinin baş redaktoru, “Azadlıq” qəzetinin yazarı Anar Mahmudoğlunu və onun ailə üzvlərini ölümlə təhdid edənlərin kimliyi artıq istintaqa məlumdur. Bu barədə “mediaforum”a açıqlamasında Anar Mahmudoğlu məlumat verib.
Xatırladaq ki, Anar Mahmudoğlu və onun övladları ötən il dekabrın 6-da ölümlə hədələnib. Naməlum şəxs taksofondan zəng edərək, onu və onun övladlarını öldürməklə təhdid edib.
Jurnalistin sözlərinə görə, Nərimanov polisi təhdid zəngi edən şəxslərin kimliyini bilir, sadəcə, onların adını açıqlamır. Səbəb isə təhdidi edənlərin digər hüquq-mühafizə orqanından himayə olunmasıdır: “Daxili Işlər Nazirliyi həmin qurumun əməliyyatını ifşa etməkdən boyun qaçırdı. Hesab etdik ki, həmin şəxslərin kimliyini hüquq mühafizə orqanları özləri açıqlamalıdır və biz iki qurum arasında vasitəyə çevrilməli deyilik. Çalışacağıq ki, bu şəxslərin adını Daxili Işlər Nazirliyi rəsmən açıqlasın”.