Bakı şəhər Dənizkənarı Bulvar İdarəsinin sifarişi əsasında Türkiyədə 3 yeni gəmi istehsal olunub. “Lent.az”ın əldə etdiyi məlumata görə, gəmilərdən ikisi səyahət məqsədi ilə nəzərdə tutulub. Digər üçüncü gəmi isə restoran kimi fəaliyyət göstərəcək. Bu yaxınlarda yeni gəmilər Bakı buxtasına gətiriləcək.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, gəmiləri İngiltərə şirkəti Türkiyədəki tərsanədə istehsal edib. Bunlar 45 və 60 nəfərlik gəzinti-səyahət gəmisi və 80 nəfərlik gəmi-restorandır. Xəzər dənizini beynəlxalq sularla birləşdirən Volqa-Don kanalı donduğundan gəmilərin paytaxta gətirilməsi yubanır. Mart ayında çayların üzərindəki buzun əriməsi ilə gəmilər Bakı sahilinə gətiriləcək.
Əlavə edək ki, postsovet məkanında restoran-gəmi layihələri əsasən Azərbaycandan olan yəhudi əsilli iş adamı İlyas Axmedov və Telman İsmayılovun restoran biznesinə daxildir. İlyas Axmedovun Rusiyanın iki ən böyük şəhəri paytaxt Moskvada və Sankt Peterburqda restoran-gəmiləri fəaliyyət göstərir. Həmin restoranlar “Sakazka Vostoka” adlanır. Qeyd edək ki, bu restoranların sahibi İlyas Axmedovun digər tanınmış iş adamı Telman İsmayılovla münasibətləri son dərəcə gərgindir. Rusiya paytaxtında İlyasl Axmedovla Telman İsmayılovun nüfuz savaşı hər il daha da güclənir. İsmayılovun Rusiya hakim dairələri ilə münasibətlərinin korlanması Axmedova rahat hərəkət etmək imkanları yaradıb. İsmayılov və Axmedov Rusiya paytaxtında restoran biznesinin əhəmiyyətli hissəsinə sahibdilər. Bakıya gətiriləcək gəmi-restoranın da bu şəxslərdən birinə malik olması şübhə doğurmur.
İnformasiya şöbəsi