Zəfər Quliyev: «Lavrovun açıqlaması ilk növbədə diplomatik xarakter daşıyır və görüş barədə müsbət rəy yaratmağa xidmət edir»
Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən son görüşü gözlənildiyi kimi nəticəsiz olsa da, yenə də bəyanatlarla yadda qaldı. Burda diqqət çəkən prezidentlərin birgə bəyanatında ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasının yüksək dəyərləndirilməsidir. Hərçənd ki, son dövrlər rəsmi Bakı həmsədrlərin fəaliyyətindən narazılq ifadə edirdi.
Digər diqqət çəkən məqam isə Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri olub. O bildirib ki, görüşdə prezidentlər tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilməyin lazım olduğunu bəyan edib. Həmçinin Azərbaycan və Ermənistan prezidentləri kəskin mövqedən çəkilməyin zəruriliyini etiraf edib və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu fikir də Ilham Əliyevin Bakıda verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Çünki ölkə başçısı bir qayda olaraq danışıqlar prosesində mövqeyindən geri çəkilməyəcəyini bəyan edir. Bu halda Lavrovun bəyanatı nədən xəbər verir və maksimalist mövqedən geri çəkilmək Azərbaycana nə vəd edir?
Politoloq Zəfər Quliyev Soçi görüşünün nəticələrini o qədər də əhəmiyyətli saymır. Çünki gözləmək olardı ki, Ermənistan və Azərbaycan prezidentləri bu görüşdə Medvedevin sülhməramlı təşəbbüsünü yaxşı bəyanatlarla, sözlərlə bitirəcək. Hətta o da mümkündür ki, Moskva tərəflərdən görüşün bir qədər səmərəli keçməsini də xahiş etsin. Bununla da Medvedevin iki illik təşəbbüsünü tarixə pozitiv missiya kimi salsınlar. Ona görə səslənən bu cür fikirlərin o qədər də böyük əhəmiyyəti yoxdur.
Ekspertin sözlərinə görə, dəfələrlə görüşlərin nəticəsinə müsbət qiymət verilib, optimist fikirlər söylənilib. Lakin əslində son görüşlər göstərdi ki, problemin həllində ciddi heç bir irəliləyiş yoxdur. Ona görə də Lavrovun açıqlaması ilk növbədə diplomatik xarakter daşıyır və Soçi görüşü barədə müsbət rəy yaratmağa xidmət edir. Tərəflərin mövqelərində isə bundan sonra da ciddi dəyişiklik olmayacaq.
Ekspertin fikrincə, görüşdə yeganə yenilik hər iki tərəfin Moskvadan humanitar əlaqələrin güclənməsinə yardım etməsini istəməsidir. Moskva da bu missiyanı öz üzərinə götürməyə razılıq verib. Hətta bu məsələnin Soçi görüşündən əvvəl razılaşdırılması da mümkündür. Bu da ondan xəbər verir ki, tərəflər münaqişənin hələ çox çəkəcəyini anlayır. Çünki müharibə ehtimalı çox aşağıdır. Tərəflər müharibə variantından istifadə etmək istəmirlər və bu variantın reallaşmasına beynəlxalq ictimaiyyət, həmsədr ölkələr də heç vaxt razılıq verməz. Ona görə münaqişənin həlli uzanır. Lakin bütün dünya hər iki ölkənin humanitar sahədə əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bu sahədə hansısa təşəbbüsün irəli sürülməsi tərəflər arasında Qarabağ məsələsi ilə bağlı gərginliyi nisbətən azala bilər.
Lakin ekspert bu cür yaxınlaşmanın, əlaqələrin gücləndirilməsinin Azərbaycan üçün o qədər də müsbət nəticə olmadığını qeyd etdi. Çünki işğal faktı aradan qalxmamış Ermənistanla hər hansı intensiv əlaqələr qurmaq düzgün mövqe deyil.
Fizzə