Senat ikiyə bölündü; deputatlar qanunun ləğvi üçün hərəkətə keçdilər
Fransa Senatında qəbul olunan, “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi iki həftə ərzində qüvvəyə minəcək. Yelisey Sarayından yayılan açıqlamada bildirilib ki, ölkə prezidenti Nikola Sarkozi qanun layihəsini yaxın iki həftə ərzində imzalayacaq. Sarkozi özü də qanun layihəsilə bağlı açıqlama verib. Fransa prezidenti qanun layihəsinin heç bir ölkəni hədəf götürmədiyini deyib. O, Türkiyəni ortaq maraqlar istiqamətində hərəkət etməyə çağırıb.
Parisə beynəlxalq təpki
“Amnesty International” təşkilatı “erməni soyqırımı”nı inkara görə cəza verilməsi barədə qanun qəbul edən Fransa Senatına etiraz bildirərək, bunu ifadə azadlığına təhdid kimi qiymətləndirib. Mərkəzi Londonda yerləşən təşkilatın yaydığı şərhdə qeyd olunub ki, “soyqırımı” inkar edənlərə bir il həbs cəzası və 45 min avro pul cəzası verilməsini ehtiva edən qanun ifadə azadlığını kriminallaşdıracaq.
Təşkilat həmçinin qeyd edir ki, beynəlxalq hüquq dövlətlər arasında ayrı-seçkilik, düşmənçilik və şiddətə təşviq edən milli, irqi və dini nifrətin aşılanmasının qarşısını almağa çalışdığı halda, sözügedən qanun bunun əksinə səbəb ola bilər.
Açıqlamada “Amnesty International” təşkilatının Avropa və Orta Asiya regionu üzrə direktoru Nikolya Dukvorfun fikirlərinə də yer verilib: “Qanun tətbiq olunsa, bu, ifadə azadlığının dəstəklənməsi məsələsində Fransanın beynəlxalq öhdəliyinə zidd olacaq. Insanlar bu məsələdə fikirlərini ifadə etməkdə azaddırlar – Fransada da, Türkiyədə də, başqa yerdə də”.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da açıqlama verərək, Fransa Senatının qəbul etdiyi qərarın qanunlara, fikir, söz və ifadə azadlığına zidd olduğunu söyləyib. Onun sözlərinə görə, bu qanun fransız xalqının tarixinə bir ləkədir: “Bunu bizə qarşı edilən hörmətsizlik kimi qəbul edirik. Fransanın Türkiyəni mühakimə etmək səlahiyyəti yoxdur”.
Türkiyə səfirindən Fransaya sərt mesaj
Türkiyə səfirliyi açıqlama yayaraq Fransanın öz istəyi ilə ATƏT-in Minsk Qrupundan uzaqlaşmalı olduğunu bildirib. Səfirliyin açıqlamasında deyilir ki, Fransa daim özünü ümumbəşəri dəyərlərin ən böyük müdafiəçisi olaraq təqdim edirdi. Amma Fransanın bu addımı həmin dəyərlərə tamamilə ziddir: “Bu, Fransa tarixində bir qara ləkədir. Türk dünyasının qəlbini sızladan bu qərarı şiddətlə qınayırıq. Fransız siyasətçilər tarixçi rolunda çıxış etməklə və özlərini hakim bilərək Türk tarixini mühakimə etməklə öz hədlərini aşıblar. Bu qərar Türk Millətinə və tarixçilərə qarşı hörmətsizlikdir. Bu qərar Fransanı geriyə, 1789-cu il Fransız Inqilabının öncəsinə atıb. Bəzi fransız senatorların seçkilərə hesablanan və bunun uğrunda özlərini ”qapalı dairənin” içində həbs etdiklərini görməməsi təəssüf hissi doğurur”.
Fransız səfirdən cavab
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ölkəsinə qarşı səsləndirilən ittihamlara cavab verib. APA-ya danışan səfirin sözlərinə görə, Fransa bundan sonra da Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamaqda davam edəcək: “Əgər Fransa Senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi türk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssüf edir. Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir”.
Səfir qeyd edib ki, Fransa Türkiyə və Azərbaycanla münasibətlərinə dəyər verir. Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb. Q.Keller Türkiyə səfirinin Fransa parlamentinin üzvlərinin ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğundan hesab edirəm ki, həmin sözlər Türkiyə kimi böyük ölkənin nümayəndəsinə layiq deyil”.
Erməni qanunu Fransa Senatını ikiyə böldü
Layihəyə etiraz etmək istəyən bir qrup senator Konstitusiya Məhkəməsinə müraciət edəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, bu məqsədlə senatorlar imzatoplama kampaniyasına başlayıblar. Fransa Senatının bəzi üzvləri erməni qanunundan məhkəməyə müraciət üçün lazım olan imzaları toplayacaqlarına ümid edirlər. Müraciət üçün 60 imzanın yaxın günlərdə tamamlanacağı qeyd edilib.
Iqtidar partiyası olan Xalk Hərəkəti Birliyindən də (UMP) iki millət vəkili qanuna etiraz üçün imza kampaniyasına qatılacaqlarını açıqlayıblar. Parlament üzvlərindən başqa, Senatdakı ana müxalifət Sosialist Partiyasının bir qrup senatoru da başlayan kampaniyaya dəstək verməyə hazırlaşır.
Fransalı türklər qanunla barışmaq fikrində deyil
Fransa vətəndaşları da adıçəkilən qanunun qəbul edildiyi günün “əsl utanc günü” olduğunu bəyan edib. Əslən Türkiyənin Iğdır vilayətindən olan Fransa vətəndaşı Mustafa Alınca bildirib ki, onun kimi, Fransada yaşayan bütün türklər bu qərarla barışmayacaq. Alıncanın sözlərinə görə, bu qanunun qəbulu türklərə bir tələ olub: “Onlar istəyirlər ki, bununla bizi, Fransada yaşayan türkləri ”erməni soyqırımı” olub-olmadığı ilə söhbətlərə cəlb etsinlər”.
Indi Fransadakı türk əsilli vətəndaşların bir çoxu qanun layihəsilə bağlı prezident Nikola Sarkozinin qərarının nə olacağını gözləyir. Əgər o da sənədi təsdiqləsə, onda fransız vətəndaşı olan türklər fərdi şəkildə Konstitusiya Məhkəməsinə müraciət edəcək. Çünki yeni qanun ölkə konstitusiyasına tamamilə ziddir. Hətta bununla bağlı Avropa Məhkəməsinə də müraciət etmək niyyətində olanlar var.
Türk jurnalist Sarkoziyə dikdaban ayaqqabı göndərdi
Senatın erməni qanununu qəbul etməsi səbəbilə türkiyəli jurnalist Fransa prezidenti Nikola Sarkoziyə dikdaban ayaqqabı yollayıb. Bartın vilayətindən olan jurnalist Süleyman Karaman Fransa prezidenti üçün məxsusi hazırlatdırdığı ayaqqabını sahibinə çatdırılması üçün poçta verib. Eyni zamanda, Bartın Jurnalistlər Birliyinin sədri olan Karaman “Boy” kompleksi olan Sarkoziyə vilayət jurnalistləri adından belə bir həddiyyəni layiq gördüklərini açıqlayıb.
“The Times”: “Fransa qanlı keçmişini gizlədir”
Ingiltərədə yayımlanan “The Times” qəzeti Senatda qəbul olunan qanunla bağlı dərc etdiyi məqaləsində Fransa hökumətinin qanlı müstəmləkəçilik keçmişini gizlətməkdə ittiham edib. “The Times”ın yazdığına görə, Fransa rəsmilərinin tapşırığıyla tanınmış bir tarixçi tərəfindən Əlcəzairdə yaşanan qanlı olaylarla bağlı qələmə alınan məqalə senzuraya məruz qalıb. Xəbərdə həmçinin Fransanın Əlcəzairdə törətdiyi qanlı olayları tənqid edənlərin təzyiqlərlə üzləşdiyi vurğulanıb. Müəllif qeyd edib ki, Fransa hökuməti “erməni soyqırımı” ilə bağlı qərar qəbul etdiyi vaxt bir zamanlar Əlcəzairdə yaşananları unutmasın.
Tural